RU

“İran növbəti raket hücumu həyata keçirə bilər, amma...” — İsrail savaşın davam etməsini istəyir?

İranın İsrailə mümkün hücumu zamanı hədəf alınacaq dörd hərbi obyektin adı açıqlanıb. Bu barədə İran İnqilab Keşikçiləri Qvardiyasına məxsus teleqram kanalı məlumat yayıb. İsrailin həmin dörd obyektinin əsas silah istehsalçıları olduğu bildirilib. Bu obyektlərə zərbənin İsrailin müdafiə və istehsal imkanlarını xeyli zəiflədə biləcəyi açıqlanıb.

Siyasi şərhçi Tural İfran İran və İsrail arasındakı münaqişəni ciddi hesab etmir.

T.İrfan Demokrat.az-a açıqlamasında deyib ki, hər iki dövlət ABŞ-nin icazəsi ilə atəş açırlar:


“Məqsəd aralarında müharibə görüntüsü yaradaraq əsasən ərəb ölkələrinin işğalına nail olmaqdır. Nə İranın İsrailə atdığı, nə də İsrailin İrana atdığı raketlər ciddi dağıntılara, xəsarətə səbəb olmadı. İsrailin Livan və Qəzzanın dağıntısında istifadə etdiyi silahlar daha öldürücü, daha dağıdıcıdır. Həmçinin İran elə şəkildə İsrailə zəif raketlər atır ki, maksimum az zərər vursun. Növbə ilə bir - birinə rakat atırlar ABŞ-a məruzə edərək. Amerika Birləşmiş Ştatları İrana hücum zamanı nüvə obyektlərinə, neft mədənlərinə, zavodlara və əsas strateji nöqtələrə zərbə vurmamağı göstəriş verir. Həmçinin İran da məruzə edərək İsrailin hücumuna cavab verdiyi zaman əsasən boş ərazilərə, az dağıdıcılıq qabiliyyətinə malik olan raketlərlə atacağını deyir”.

Ekspertin fikrincə, İranın növbəsidirsə, təbii ki, o, danışılmış şəkildə növbəti raket hücumu həyata keçirə bilər, amma İsrailə ciddi ziyan vuracaq şəkildə deyil:

“Sadəcə elə bir görüntü yarada bilərlər ki, guya ciddi zərbə vurub, müdafiə sistemini zəiflədib və sair. İranın bu hücumu İsrailə və ABŞ - a lazımdır. Çünki İsrail savaşın davam etməsini istəyir və "Böyük İsrail" planı, "vəd edilmiş torpaqlar" saydıqları qonşu ərəb ölkələrinin torpaqlarından mümkün qədər ərazi tutmağı məqsəd qoyub. Bunu həyata keçirmək üçün də İsrailə zəmin, bəhanə lazımdır ki, bunu da böyük məharətlə İran ona verir. İsrail İrana 5 raket atırsa Qəzzaya, Livan və Suriyaya 50 raket atır”.

T.İrfan düşünür ki, nə İsrail, nə də İran bir-birinə həlledici hücum edəcək, nə də ciddi müharibəyə başlayacaq: 

“Çünki İranın bütün addımları İsrailin xeyrinə işləyir. Məhz bu baxımdan da ABŞ İrana qarşı ciddi təziq etmir, əksinə danışıqlar apararaq nüvə obyektlərini qoruyur. Hətta bəzi mənbələrə görə Həmas və Hizbullah rəhbərliyinin öldürülməsi ilə nəticələnən kəşfiyyat məlumatlarını İran tərəfi məqsədli şəkildə sızdırıb yaxud buna şərait yaradıb ki, bircə nüvə obyektləri hədəfə gəlməsin.

İllərdir İranın İsraili sadəcə sözdə hədələməsi İsrailin ABŞ-dan silahlar alaraq maksimum güclənməsinə şərait yaratdı, eyni zamanda bölgədə ərəb ölkələrinin zəifləməsinə səbəb oldu. Çünki ABŞ Suriya, Livan, Fələstin, Yəmən kimi ölkələrə qarşı savaşı məhz İranın oradakı təsirini, varlığını əsas gətirərək açırdı.

İran Fələstin torpağı tam olaraq İsrailin əlinə keçənə qədər, növbəti Qəzza da Suriya və Livanda yaranıb əhalisi didərgin düşənə qədər İsrailə münbit şərait yaradacaq ki, rahat işini görsün. Əks halda təsiredici ciddi addım atmaması yaxud sülhə nail olmaq üçün mümkün vasitələrdən istifadə etməməsi mümkün deyildi. Növbə ilə bir - birinə raket atmaq İsrailin xeyrinə işləyən amildir və ona lazımdır.

İranın ərəb, müsəlman ölkələri ilə əlaqələrinin qənaətbəxş olmaması, etibarlı olmaması diplomatik vəhdətə imkan vermir və nəticə olaraq İranla İsrailin çəkişməsi nəticəsində de-fakto müsəlmanların qanı tökülməkdə davam edir”.

Törə Zeynallı
Demokrat.az

Избранный
59
demokrat.az

1Источники