RU

“Mərkəzi Bankın verdiyi qərar qlobal trendlərə uyğundur” -

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Bildirilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, daxili və xarici şəraitin təhlili nəzərə alınmaqla qəbul olunub. Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalıb. Belə ki, 2024-cü ilin sentyabr ayında 12 aylıq inflyasiya 3.5%, ərzaq malları üzrə inflyasiya 2.9%, qeyri-ərzaq malları üzrə 1.9%, xidmətlər üzrə 5.7% təşkil edib. Ərzaq və qeyri- ərzaq inflyasiyasının aşağı olması ümumi inflyasiyanın hədəfdə qalmasını dəstəkləyən əsas amillərdən biri olub. İllik baza inflyasiya isə 2.9% təşkil edib. Bəs illik inflyasiya proqnozunun 0,3 faiz bəndi azaldılması hansı iqtisadi dəyişikliklərə əsaslanır? Mövzu barədə Metbuat.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, Mərkəzi Bank inflyasiya ilə bağlı proqnozlarını hazırlayarkən müxtəlif qlobal və yerli iqtisadi faktorları nəzərə alır:
“Bu faktorlar arasında dünyada baş verən inflyasiya prosesləri, beynəlxalq mərkəzi bankların apardığı pul siyasətləri, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun inflyasiya ilə bağlı gözləntiləri kimi əsas göstəricilər mövcuddur. Eyni zamanda, əmtəə bazarlarında enerji qiymətlərindəki dəyişikliklər, dövlət büdcəsinə dair proqnozlar, əhalinin iqtisadi aktivliyi və Dövlət Tarif Şurasının qiymət siyasəti də Mərkəzi Bankın proqnozlarını formalaşdıran amillər arasındadır. Mərkəzi Bankın iqtisadi proqnozlaşdırma modeli bu faktorlara əsaslanaraq hazırlanır və zərurət yarandıqca yenilənir. Bu çərçivədə cari ilin iqtisadi göstəricilərinə dair məlumatlar təhlil edilir və gələcək il üçün inflyasiya proqnozları dəqiqləşdirilir. Gələn il üçün inflyasiya səviyyəsi ilkin təxminlərə əsasən təxminən 5.5-5.8% intervalında gözlənilir ki, bu da Mərkəzi Bankın 4±2%intervalına uyğun gəlir. Ümumiyyətlə, ölkədəki cari inflyasiya səviyyəsi və valyuta bazarındakı vəziyyətə uyğun olaraq Mərkəzi Bank ehtiyatla hərəkət edir”. Gələn il üçün inflyasiya proqnozunun artmasının hansı risklər və gözləntilər yaradacağı sualına cavab olaraq Xalid Kərimli deyib ki, 2020-2023-cü illərdə müşahidə edilən yüksək inflyasiya səviyyələrinə nisbətən gələcəkdə ciddi risklərin yaranması gözlənilmir: “Cari ilin ikinci yarısında sərnişindaşıma xidmətləri və enerji daşıyıcılarının qiymət artımları ilə yanaşı, dövlət büdcəsi xərclərinin ötən illə müqayisədə 8.4% artması, bankların biznes kreditlərini daha fəal şəkildə genişləndirməsi inflyasiyanı qismən təsirləndirib. Dekabrın 8-də Mərkəzi Bank tərəfindən faiz dəhlizinə dair yeni qərarların verilməsi planlaşdırılır ki, bu da inflyasiya gözləntilərindən asılı olacaq. Hazırkı inflyasiya səviyyəsi və növbəti il üçün nəzərdə tutulan proqnozlar Mərkəzi Bankın təyin etdiyi çərçivələr daxilindədir və iqtisadi risklər minimal qiymətləndirilir”. İqtisadçı-analitik, professor Elşad Məmmədovun fikrincə, inflyasiya ölçülmə metodoliyasiyası göstəriciləri ilə bağlı problemlər yalnız Azərbaycana xas deyil, dünya miqyasında da rəsmi statistikalarla real inflyasiya arasında nəzərəçarpacaq fərqlər var. İqtisadçı bildirib ki, inflyasiyanın ölçülməsi metodologiyasındakı çatışmazlıqlar səbəbindən rəsmi inflyasiya göstəriciləri ilə əhalinin gündəlik xərclərdə müşahidə etdiyi real inflyasiya səviyyəsi bir-birindən kəskin şəkildə fərqlənir. Ekspert bu fərqlərin həm Azərbaycanda, həm də digər ölkələrdə inflyasiyanın reallığa uyğun olmayan formada göstərilməsinə səbəb olduğunu qeyd edib:
“İnflyasiya ilə mübarizə çərçivəsində makroiqtisadi hədəflərə nail olmaq əhəmiyyətlidir, lakin bu hədəflərə çatmaq digər mühüm iqtisadi məqsədlərin qurban verilməsi hesabına baş verməməlidir. Əgər mövcud inflyasiya tələb deyil, təklif inflyasiyasıdırsa, bu halda pul kütləsinin azaldılması yolu ilə inflyasiyanı azaltmaq uzunmüddətli perspektivdə iqtisadiyyatda ciddi mənfi təsirlərə yol aça bilər. Azərbaycanda mövcud inflyasiya daha çox təklif deyil, tələb inflyasiyasıdır. Yəni bu halda inflyasiya pul kütləsinin artıqlığından qaynaqlanmadığı üçün pul kütləsinin daralması ilə dayanıqlı şəkildə inflyasiya ilə mübarizə aparmaq mümkün deyil. Nəticədə inflyasiya ilə mübarizə çərçivəsində həyata keçirilən sərt pul və kredit siyasəti həm inflyasiyanın qarşısını almaqda məhdud nəticələr verir, həm də iqtisadi artım və işgüzar fəallığın stimullaşdırılması baxımından iqtisadiyyata ciddi zərbələr vurur”. Elşad Məmmədovun fikirlərinə görə, pul-kredit siyasətində islahat tələb olunur: “Mərkəzi Bankın siyasəti iqtisadi aktivliyi dəstəkləyəcək istiqamətə yönəlməlidir. Bunun üçün pul-kredit siyasətinin yumşaldılması, investisiyaların artırılması və işgüzar fəallığın stimullaşdırılması tələb olunur. Bu yanaşma yeni iş yerlərinin açılmasına və işsizliyin azaldılmasına da təkan verə bilər. Düşünürəm ki, Mərkəzi Bankın funksional fəaliyyətinə dair qanunvericilikdə də dəyişikliklər edilməlidir. Bu dəyişikliklər Mərkəzi Bankın birbaşa bəzi mühüm makroiqtisadi göstəricilərin reallaşmasına cavabdeh olmasını təmin edəcək tənzimləmələri əhatə etməlidir”. Cari faiz dəhlizinin iqtisadi sabitliyə və inflyasiya ilə mübarizəyə təsiri barədə iqtisadçı Natiq Cəfərli Metbuat.az-a açıqlama verib. Ekspert qeyd edib ki, Mərkəzi Bankın uçot dərəcəsini sabit saxlayacağı gözlənilən bir qərar idi və bu, yalnız ölkə daxilində baş verən proseslərlə deyil, qlobal trendlərlə də bağlıdır: “Azərbaycan Mərkəzi Bankı, dünyanın aparıcı mərkəzi banklarının atdığı addımları izləyir. Hazırda ABŞ Federal Ehtiyat Sistemi, Avropa Mərkəzi Bankı və digər əsas mərkəzi banklar aqressiv faiz endirimlərinə başlamayıblar. Ona görə də Azərbaycan Mərkəzi Bankı ehtimal ki, dünyada baş verən proseslərə uyğun olaraq faizlərin aşağı salınmasına ancaq digər böyük bankların faizləri azaltmağa başladığı zaman gedəcək. Xüsusilə, Federal Ehtiyat Sistemi, Avropa Mərkəzi Bankı, Böyük Britaniya Bankı, Yaponiya Mərkəzi Bankı və Çin Mərkəzi Bankı faiz koridorlarını endirdikcə, Azərbaycan Mərkəzi Bankı da buna uyğun addımlar atacaq”. Natiq Cəfərli deyib ki, inflyasiya göstəricilərinin bu il azalacağına dair gözləntilər mövcud olsa da, ilin sonundakı yüksək olacağı ehtimalı da mövcuddur:
“Məsələn, cari ildə dizel yanacağının qiymətinin birdən-birə 25 faiz artması inflyasiyaya ən çox təsir edən amillərdən biri oldu. Gələn ilə dair proqnozlar isə daha yüksək inflyasiya gözləntilərini də əhatə edə bilər, çünki Mərkəzi Bankın gözləntilərinə uyğun olaraq bəzi kommunal xidmətlərdə və nəqliyyat xərclərində artım baş verə bilər. Bu cür qiymət artımları inflyasiya üzərində birbaşa təsir göstərən amillərdir. Xüsusilə dizel yanacağının qiymətinin qalxması kənd təsərrüfatı və yükdaşıma sektorlarında da qiymət artımlarını stimullaşdıra bilər. Ümumilikdə Mərkəzi Bankın həyata keçirdiyi siyasət ölçülüb-biçilmiş, tarazlaşdırılmış bir siyasətdir. Hər hansı addım atılarkən tələskənliyə yol verilmir və məsələlərə daha konservativ yanaşılır. Bu, xüsusilə bugünkü dalğalı və qeyri-müəyyən qlobal iqtisadi şəraitdə doğru bir strateji yanaşma kimi görünür”. Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusu üzrə dərc olunub.

Избранный
63
1
metbuat.az

10Источники