RU

Sülh yolunda əsas maneə və İrəvanın manipulyasiyaları

Azərbaycan və Ermənistan sülh sazişi üzrə danışıqlarda ciddi irəliləyiş əldə ediblər. Bu fikri ölkəmizin Xarici İşlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Dövlət naziri Stiven Dauti ilə görüşündə səsləndirib. C.Bayramov, eyni zamanda, “Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var” deyərək durumu sülh prosesindəki “əsas maneə” adlandırıb.

Bəli, XİN rəhbəri ölkəmizin Ermənistanla sülh müqaviləsinin imzalanması baxımından başlıca şərtini bir daha açıqlayıb. Bu şərtin təfərrüatlarına diqqət yetirməzdən əvvəl bildirək ki, cənab Bayramovun “ciddi irəliləyiş” məntiqi bir neçə gün əvvəl Ermənistan baş naziri aparatının rəhbəri Araik Arutyunyan tərəfindən də dilə gətirilmişdi. O, sülh müqaviləsinin indiyədək razılaşdırılmamış bütün bəndləri üzrə razılığa gəlmək imkanının olduğunu vurğulamışdı.

Lakin A.Arutyunyanın mövqeyi heç də tam pozitiv təsir bağışlamamışdı. Məsələ ondadır ki, aparat rəhbəri, sanki, hər şeydən danışmış, amma heç nə deməmişdi. Əlbəttə, C.Bayramovun haqqında söz açdığı məsələnin üzərinə də gəlməmişdi. Məsələ isə Ermənistanın gündəmindədir. Ancaq hansı şəkildə, maraqlı olan budur.

Erməni müxalifəti Azərbaycanın sözügedən tələbini Bakının İrəvana demarşı kimi qiymətləndirir və elə görüntü formalaşdırır ki, baş nazir Nikol Paşinyan iqtidarı ölkəmizin şərti qarşısında geri addım atmaq istəyir. Bu isə rüsvayçılıqdır, qorxaqlıqdır, milli maraqlara xəyanətdir və sair. Erməni iqtidarı da öz növbəsində Azərbaycanın tələbinə pozitiv yanaşmadığını göstərməkdədir. Daha doğrusu, Paşinyan və komandasının üzvləri açıq şəkildə bildirməsələr də, elə rəy formalaşdırırlar ki, sanki Bakının konstitusiya dəyişikliyi şərti ödənilib və sülh yolunda başqa maneə qalmayıb. Belə nəticə hasil olur ki, hazırda barış sazişi imzalanmırsa, bu, Azərbaycanın onu istəməməsi, sülhdən uzaq dayanmasıdır.

Qeyd edək ki, A.Arutyunyan açıqlamasında ölkəsinin Azərbaycanla sülh müqaviləsi məsələsində güzəştlərdən də söz açmışdır. Belə düşünməyə əsas yaranmışdır ki, aparat rəhbəri ancaq Bakının güzəştlərə getməsinin zəruriliyini qabardır. Əlbəttə, o, nəzəri baxımdan danışıqlar prosesinin tərəflərindən heç birinin güzəştlərə meyilli olmadığı üzərində dayanaraq, diqqəti yayındırmağı da unutmamışdı. Beləliklə, kifayət qədər, diplomatik davranmağa üstünlük vermişdi.

Onu da diqqətə çatdıraq ki, Azərbaycanın konstitusiya dəyişikliyi ilə bağlı tələbi baxımından ən açıq mövqeni Ermənistanın baş naziri Nikol Paşinyan özü səsləndirib. O, bir müddət əvvəl ölkəsi ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnaməni müsbət addım kimi dəyərləndirərkən, Ermənistan konstitusiya məhkəməsinin həm əsasnamənin ana qanuna uyğunluğunu təsdiqləyən, həm də qurumun ölkənin İstiqlaliyyət bəyannaməsinin konstitusiyada yer almayan müddəalarının etibarsız sayılmasına dair qərarından söz açıb. Paşinyan bildirib ki, sözügedən imtina Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması deməkdir. Tanınma isə Alma-Ata Bəyannaməsi əsasında sovet Azərbaycanının bütün ərazisini nəzərdə tutur. Nikol onu da deyib ki, bu, İrəvanın Azərbaycana və ya hər hansı başqa ölkəyə qarşı əsas qanuna söykənən ərazi iddialarının olmadığını təsdiqləyir.

Əlbəttə, Ermənistan konstitusiya məhkəməsinin haqqında bəhs etdiyimiz qərarı manipulyativdir. Birincisi, qərarda 1990-cı ildə qəbul olunmuş İstiqlaliyyət bəyannaməsindən tamamilə imtina yoxdur. Halbuki, həmin sənəddə yer almış ərazi iddiasının da aradan qaldırılması mütləqdir. İkincisi, məhkəmə qərarı konstitusiyanın istinad mənbəyini, yəni İstiqlaliyyət Bəyannaməsini gücdən salmaq səlahiyyətində deyil. Yəni, Paşinyanın qərara istinadən “Ermənistanın dövlət sənədlərində qonşulara qarşı ərazi iddiası yoxdur” şəklində fikir bildirməsi adekvat sayıla bilməz. Müvafiq olaraq, Azərbaycanın tələbinin yerinə yetirilməsindən də söhbət getməməlidir.

Üstəlik, indiki durumda Bakının digər maraq və mənafelərinin təmin olunmadığı xüsusi məqam da var. Söhbət 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Naxçıvana maneəsiz – heç bir gömrük və sərhəd nəzarəti olmayan yolun təmin edilməsindən gedir. Əlbəttə, Azərbaycan Ermənistanın razılığının olmayacağı, daha konkret desək, ölkənin üçtərəfli bəyanatla üzərinə düşən öhdəliyi yerinə yetirməyəcıyi təqdirdə, sözügedən yolun İran ərazisindən keçməsi üzərində dayanır. Maraqlıdır ki, bunun reallaşacağı təqdirdə, xaricdəki havadarları, o cümlədən, ABŞ başda olmaqla, kollektiv Qərb İrəvanın Bakı ilə barış sazişi imzalamasına imkan verəcəklərmi? Suala müsbət cavab tapmaq çətindir. Çünki ABŞ-nin bununla bağlı mövqeyi məlumdur.

Bəli, hələlik, elə bir təəssürat yoxdur ki, Ermənistan öz hamilərinin buyruğunu nəzərə almayacaq. Əksinə, ölkənin sürətli silahlanması onu deməyə əsas verir ki, İrəvan Naxçıvana yolun İrandan keçməsinin regional kommunikasiyaların blokdan çıxmaması anlayışına qarşı cəbhə açacaq və bu, Qərbin təhriki kimi meydana çıxacaq. Hər halda, Birləşmiş Ştatlar açıq şəkildə bəyan edib ki, Naxçıvana yolun Ermənistandan yox, İrandan keçməsi qəbuledilməzdir. Hələ Bakıya yönəlik hədə-qorxu da gəlib.

O da aydın görünür ki, Azərbaycan rəhbərliyi Naxçıvana yol məsələsini, ümumiyyətlə, gündəmdən çıxarıb. Bunun anonsunu ən əvvəl Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev vermişdi. O, 2022-ci ildən sonrakı bir sıra açıqlamalarında da məsələnin üzərinə gəlmiş, İran variantının həyata vəsiqə qazanması ilə bağlı nikbinlik yaratmışdı. Xarici işlər nazirimiz Ceyhun Bayramov isə “3+3” regional məşvərət formatının oktyabrın 18-də İstanbulda keçirilmiş görüşü zamanı eyni mövqeni yenidən gündəmə gətirərək, bildirmişdi ki, Azərbaycan birgə layihələrin Naxçıvanı da əhatə etməsinə, xüsusilə İran ərazisindən keçərək, Şərqi Zəngəzur iqtisadi rayonumuz ilə muxtar respublikanı birləşdirən kommunikasiyaların tezliklə tamamlanmasına ümidvardır.

Deməli, burada əsas şərt Ermənistan Konstitusiyasında dəyişikliyin aparılmasıdır. Dəyişiklik İstiqlaliyyət bəyannaməsinə istinadı tamamilə aradan qaldırmalıdır. Habelə, həmin sənədin özündən də bir sıra avantürist müddəların çıxarılmasına ehtiyac duyulmaqdadır. Məsələ ondadır ki, Ermənistan SSR Ali Soveti İstiqlaliyyət bəyannaməsini 1990-cı ilin avqustunda qəbul etmişdi və sənəd gələcək dövlətin konturlarından ibarətdir. Bəyannamənin preambulasında, elə birinci abzasındaca Qarabağı Ermənistana birləşdirmək istəyindən danışılır. 11-ci bənddə isə 1915-ci ildə Osmanlı dövlətində yaşananlar “erməni soyqırımı” kimi təsvir olunur və qondarma soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olmaq məramı açıqlanır. Sonradan, yəni 1995-ci ildə qəbul edilmiş Ermənistan Konstitusiyası isə sözügedən sənədə əsaslanıb. Deməli, ondan imtina bir məhkəmə qərarı ilə reallaşa bilməz.

İkincisi, İstiqlaliyyət bəyannaməsindən imtina yoxdur və prinsipcə, bunun hüquqi aspektləri də istisnadır. Çünki sənədin qəbul olunduğu 1990-cı ildə müstəqil Ermənistan mövcud deyildi. Yəni, hazırkı erməni dövləti dövlətsizlik şəraitində ərsəyə gəlmiş sənədə müdaxilə səlahiyyətindən uzaqdır. Bunu biz demirik, sadəcə, erməni qövmünün hazırkı xəstəlik trayektoriyasına nəzərən belə bir ideyanın nə zamansa ortaya atılacağı potensialını düşünmək məcburiyyətindəyik. Axı yaşadığımız acı işğal tarixi var.

Digər tərəfdən, Ermənistan konstitusiya məhkəməsinin qərarı ilə bağlı çoxsaylı qeyri-müəyyənlikləri sənədə əks çıxan cinahların təmsilçiləri də vurğulayırlar. Onların fikirlərində gələcəkdəki mümkün manipulyasiyaların işartıları var. Deməli, buna görə də məhkəmə qərarı erməni əsas qanununun bəyannaməyə istinaddan tam imtinası sayıla bilməz və prosesin reallaşması ancaq referendumdan keçməlidir.

Başqa bir yandan, erməni cəmiyyətinə həmişə təlqin edilib ki, İstiqlaliyyət bəyannaməsi konstitusiyanın bir hissəsidir. Hazırda mövcud ictimai baxışda dəyişiklik yoxdur. Ölkəmiz isə ümumən təminat axtarışındadır və sülh üçün səmimiyyətin başlıca faktor olduğu qənaətindədir. Ermənistan otuz ilə yaxın müddətdə işğalçılıq siyasəti gerçəkləşdirən ölkə olaraq, bir daha buna yol verməyəcəyinə dair həm siyasi, həm də mənəvi öhdəlik götürməlidir. Ermənistan konstitusiya məhkəməsinin qərarı isə öhdəlik yox, yaxşı halda, gözdən pərdə asmaqdır.

Ə.RÜSTƏMOV
XQ

Избранный
51
50
xalqqazeti.az

10Источники