RU

Lider – Xalq – Ordu vəhdətinin möhtəşəm Zəfəri

“Strategiya” ifadəsi müharibə diskurslarında yüksək işlənmə tezliyi ilə diqqəti cəlb edən anlayışlar sırasındadır. Bu da təbiidir. Hərb mövzusunun fəlsəfi və elmi-nəzəri cəhətdən öyrənilməsi müharibələrin siyasi aspektləri və strategiyanın vəhdəti ilə müşayiət olunmuşdur.

Lakin bu mövzu ilə bağlı fikir ayrılıqları da qalmaqdadır. Məsələ burasındadır ki, strategiya, böyük strategiya və ali strategiya sıralamasında ciddi fərq olmadığını düşünənlərə elmi-nəzəri izahı xatırlatmağa ehtiyac var. Bu bizə böyük tarixi qələbəmiz öncəsi, müharibənin gedişində və sonrakı dövrdə ölkə Prezidentinin siyasi lider olaraq atdığı bütün addımları, danışıqlar müstəvisində və savaş günlərindəki davranışı, verdiyi müsahibələrdə çağdaş dünyaya mesajlarını düzgün və qədərincə dəyərləndirmək üçün olduqca zəruridir.

Əlbəttə, bütün bunlar kütləvi-informasiya vasitələrində, sosial şəbəkələrdə yer alıb və indi də aktuallığını saxlayır. Biz bu sıraya, bir qədər fərqli baxış sərgiləməklə, qələbəmizin beynəlxalq aləmdə yaratdığı münasibəti də əlavə etmək istəyirik.

Strategiya nəzərdə tutulanları əldə etmək üçün mövcud ehtiyatların və mümkün vasitələrin istifadə olunmasıdır. Antik dövrdən üzü bəri bu yanaşma hərbi gücün döyüş meydanına daxil olması ilə qələbə qazanılmasını yeganə seçim amilinə çevirirdi. Yalnız yüzilliklərdən sonra düzgün siyasət və hərbi güc tandemi siyasi-fəlsəfi düşüncədə qərarlaşdı. Lakin bunlardan hansının birinci, hansının ikinci olması ətrafında dilemmalar uzun dövr davam etdi. Hətta, “Kimin hərbdən xəbəri varsa, o siyasəti də bilir” deyimini dövriyyəyə buraxmaqla, hərbi gücün vacibliyi önə çəkilirdi.

Ümummilli lider Heydər Əliyevin siyasi varisi İlham Əliyev prezident seçildiyi ilk gündən özünün “siyasət adamı” obrazını beynəlxalq arenada formalaşdırdı. Yeni tipli lider olaraq İlham Əliyev Ulu öndərin siyasi kursunun layiqli davamçısı kimi dövlətin və xalqın maraqlarının qorunması yolunda öz strategiyasını nümayiş etdirdi.

Təbii ki, bu uzaqgörənlik dövlətimizin iqtisadi gücünün, hərbi qüdrətinin yüksəlməsi üçün vaxt və zaman məfhumlarından qaynaqlanırdı. Bunun əyani təsdiqini biz cənab Prezidentin “Azərbaycan güclü dövlətdir. Azərbaycanın güclu ordusu var”, “Biz öz torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyik” mesajlarında aydın görürdük. Əslində, bunlar Ermənistanın havadarlarının diqqətindən yayınmamalı idi.

Hələ XX əsrin əvvəllərində işləklik qazanan “böyük strategiya” və “kiçik strategiya” anlayışları özündə dövlətlərarası münasibətlərdə gizli məqamları pərdələmək maraqlarından soraq verirdi. Bu nəzəriyyəyə görə, kiçik dövlətlər müharibə etmək əzmində deyil. Bu cür addım, guya, kiçik dövlətlərə faciəvi sonluq gətirər. 44 günlük müharibə sabiq Minsk qrupuna həmsədrlikləri dövründə münaqişəni həll etməyə iradə göstərməyən dövlətlərin düşündüklərini tarixin arxivinə atdı.

“Qarabağ Azərbaycandır. Nida işarəsi!” təkcə şüar olmadı. Bu, əslində, dünya siyasətində yeni bir dövrün başlanğıc nöqtəsi, müharibə haqqındakı təsəvvürlə yeni fəlsəfi baxışların birinci cümləsi oldu. Ali Baş Komandan İlham Əliyev dünya hərb elminə çatdırdı ki, siyasət və strategiya ayrılmaz vəhdətdə olanda qələbə baş tutur.

Bu da bir həqiqətdir ki, strategiya siyasətin içindən baş qaldırır. Əks halda, məğlubiyyət qaçılmazdır. Bu mövqe bizim rəqiblərimizə tarixi bir dərs oldu. Biz öz torpaqlarımızı azad etməyimizlə xalq və hakimiyyətin yenilməz birliyinin gücünü dünyaya tanıtdıq.

Xatırladaq ki, müharibənin ən şiddətli günlərində də Ali Baş Komandan ali strategiyasına sadiq qalaraq, “Mən nəyi nə vaxt etməli olduğumu yaxşı bilirəm” deməklə, həm də nəzəri cəhətdən çox problemin zaman və məkan içində dəyişkən olduğuna işarə edirdi.

Əbədi dostların olmadığı dünyada – yalnız əbədi maraqlar üstündə gedən rəqabət meydanında hər an hər şeyin müsbət məcraya yönəldiməsinə cəhd İlham Əliyevin ali strategiyasında zərgər dəqiqliyi ilə incələnirdi. Bu sırada aşağıdakılar xüsusi qeyd olunmalıdır:

1. Qərb dövlətlərinin dolayı yollarla Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda özlərinə oturaqlıq əldə etmək cəhdlərini Prezident İlham Əliyev bütün ali məclislərdə çox cəsarətlə qamçılayır və dünyanın əzilən, illər boyu sərvətləri talan olunan xalqlarına siyasi, mənəvi, həm də iqtisadi dəstək göstərir.

2. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmlətmək, dinc dünya məfkurəsini öz əməli addımları ilə nümayiş etdirməklə milli və dövlətçilik dəyərlərinin təbliğini ardıcıl və sistemli şəkildə dünyaya çatdırmaqla Prezident İlham Əliyevin beynəlxalq hüquq norma və prinsiplərinin qorunmasına çağırışları böyük rəğbət doğurur və onun adı böyuk siyasət adamları ilə bir sırada çəkilir .

3. Dövlətimizin başçısının ali strategiyası müstəqilliyimizin əbədiyaşarlığına, dönməzliyinə hesablanır, onun siyasi, iqtisadi və mədəni maraqlarının qorunmasına xidmət edir. Bu strategiya aqressiv düşüncədən uzaq davranış modelləri üzərində qərarlaşır.

Təbii ki, bizim uğurlarımıza qısqanc yanaşan ABŞ və Fransa kimi güclü dövlətlər çox iyrənc kombinasiyalar üzərində baş sındırır və özlərinin tükənməkdə olan nüfuzlarını qorumaq üçün Ermənistanı oyuncaq kimi əldə saxlayırlar. Bir epizodu xatırlatmaqla Ali Baş Komandanın bu dövlətlərin sifətinə necə tərs şapalaq vurduğunu anlamaq çətin deyil.

Müasir siyasi və diplomatik araşdırmalarda dövlətlərin siyasətinin onların başçılarının davranışı ilə eyniləşdirilməsi müşahidə olunur. Azərbaycan Ordusunun sürətlə irəlilədiyi günlərdə keçmiş Minsk qrupu həmsədrlərinin Bakıya tələm-tələsik gəlişi səbəbsiz cəhd deyildi. Cənab İlham Əliyev onları qəbul edəndə “Mən sizi bura dəvət etməmişəm” deməklə, əslində, ABŞ və Fransanı təmsil edən “çağırılmamış qonaqlara” sonuncu dərsini verdi. Təəssüf ki, hələ səlibçi məsləki sərgiləyən Hollandiya, Kanada kimi dövlətlər bu dərsi yetərincə mənimsəməyiblər.

Hazırkı ziddiyyətli dünyada dövlət başçısının ordunun güclənməsi üçün hansı işlər gördüyünün canlı şahidləriyik. Fəlsəfi düşüncədə “sülh istəyirsən, müharibəyə hazır ol” məsəli bizi hər an ayıq-sayıq olmağa səsləyir. Gerçək olan budur ki, müharibə və siyasət fərqli sosial hadisələr olsa da aralarındakı bağlılıq inkarolunmazdır. Bir sözlə, U.Çörçilin dediyi kimi “Müharibə bəşər övladının alın yazısıdir”. L.Tolstoy isə “Hərb və sülh” romanında belə yazır: “Demək olmaz ki, müharibə insan təbiətinə yad anlayışdır. Əgər belə olsaydı heç vaxt müharibələr baş verməzdi”.

Ancaq tarixin yaddaşına yazılanlar bunun əksini təsdiqləyir. Əksər müharibələr boş və ağılsız düşüncədən alovlanır. Bir sözlə, müharibə o deməkdir ki, insanlar bir-biri ilə müharibə dilində danışmağa məcbur olur.

Artıq 4 ildir ki, müharibə arxada qalır. Qalib dövlət başçısı İlham Əliyev 4 ildir ki, müharibə dilində danışmır. Prezident çıxışlarının birində qeyd etdi: “Dəmir yumruq” ifadəsini mən bir neçə dəfə şəhər və kəndlərin işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqına müraciətimdə istifadə etmişəm. Ancaq bu, birdən deyil, hərbi əməliyyatların gedişində baş verdi”.

Müharibənin yaxşı bir hadisə olduğunu ancaq savaş görməyənlər düşünə bilər. Ağıllı başlar müharibənin yaxşı, yaxud pis olmasını yozmağa yox, onun qarşının alınmasının mümkün yollarını axtarmağa səy göstərirlər. 44 günlük müharibədən sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışlarına diqqət yetirsək, atılan addımların məhz sülh quruculuğu istiqamətində davam etdirdiyinin şahidi oluruq. Odur ki, bu siyasət çağdaş dünyada böyük rəğbət doğurur.

Qeyd edək ki, haqqında söz açdığımız problemlərə maraq çoxdankı mövzudur. Hələ ötən əsrdə ingilis hərb tarixçisi C. Korbett “böyük strategiya” (major strategy) və “kiçik strategiya” (minor strategy) qoşa ifadələrindən istifadə etməklə, hərb elmində yeni səhifə açdı. İndiki dövrdə də onun yazdığı kimi strategiya qələbənin əldə olunması üçün bütün ehtiyatların (hərbi, iqtisadi, siyasi və diplomatik) zəruru meyarı sayılır.

Biz də 44 günlük Vətən müharibəsində bu yolu seçdik. Bizim seçimimiz Azərbaycan Respublikasi Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dərin siyasi zəkası, çevik diplomatiyası və yetərli hərbi strateji dünyagörüşü əsasında mülki əhalinin və digər qeyri-hərbi vasitələrin qələbə naminə səfərbərliyindən qaynaqlandı. Lider – Xalq – Ordu triadası İlham Əliyevin ali strategiyasını möhtəşəm Zəfərə qovuşdurdu.

Vəliyulla CƏFƏROV,
Bakı Dövlət Universitetinin dosenti

Избранный
26
xalqqazeti.az

1Источники