RU

Sülh daha çox İrəvana lazımdır - Elxan Şahinoğlu

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan dövlətinin regionda sülh və təhlükəsizliklə bağlı yaratdığı reallıqlar məğlub Ermənistan və havadarlarını narahat edir və məğlub tərəfi sülh sazişini imzalamaqdan yayındırır. Bu, bölgəni bir sıra yeni təhdidlərlə üz-üzə qoyur. Lakin son günlərdə sülh gündəliyində canlanma müşahidə olunur. Müsahibimiz politoloq Elxan Şahinoğludur:

- Ermənistanla Azərbaycan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsi gündəliyində nə var və məğlub tərəf bu müqavilənin bağlanmasında nə dərəcədə maraqlı görünür?

- Sülh sazişi mətninin böyük hissəsi razılaşdırılıb. Razılaşdırılmayan məsələ Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bəndin çıxarılmamasıdır. Məhz buna görə də sülh müqaviləsinin imzalanması yubanır. Digər məsələlər demək olar ki, həll olunub. Belə ki, iki dövlət bir-birinin ərazi bütövlüyünü tanıyırlar. Üstəlik, Zəngəzur dəhlizi məsələsi sülh sazişi mətnindən çıxarılıb ki, Ermənistanın yersiz iddiaları ilə qarşılaşıb prosesə maneə yaratmasın. Lakin sülh müqaviləsinin qarşısında yeganə əngəl olan Konstitusiyada dəyişiklik edilməyənə qədər sülh sazişinin imzalanması problem olaraq qalır.

- Ermənistan rəhbərliyinin “sülh qovşağı” ideyası nəyə əsaslanır?

- Baş nazir Nikol Paşinyan “sülh qovşağı” ideyasını irəli sürür. Onun reallaşması isə yenə də Azərbaycanla sülh sazişinin imzalanmasından və Zəngəzur dəhlizinin işə düşməsindən asılıdır. Bu iki məsələnin həllində isə irəliləyiş yoxdur. Buna baxmayaraq, İrəvan “sülh qovşağı” ideyasının reklamını gücləndirməyə çalışır. Ermənistan Nazirlər Kabineti Aparatının rəhbəri Araik Arutunyanın sözlərinə görə, “sülh qovşağı” təşəbbüsünün Türkiyədə geniş şəkildə işıqlandırılması məqsədilə qonşu ölkənin media nümayəndələri İrəvana dəvət olunacaq. Bundan sonra iranlı ekspertlər dəvət olunacaq. Növbəti mərhələdə isə maraqlı ölkələrin ekspertlərinin “sülh qovşağı” təşəbbüsünü ortaq müzakirəsini təşkil etmək məqsədilə İrəvanda konfrans keçiriləcək. Görünür, İrəvan həmin konfransa Türkiyə, İran, Rusiya, Çin, Hindistan və Mərkəzi Asiya ölkələrinin ekspertlərini dəvət etməyə çalışacaq. Böyük ehtimalla, erməni rəsmilər və ekspertlər həmin konfransda “sülh qovşağı” təşəbbüsü adı altında Ermənistanın “Orta dəhliz” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində iştirakı mövzusunu qabardacaqlar.

Türkiyə media nümayəndələrinin və ekspertlərinin İrəvana dəvət edilərək “sülh qovşağı” mövzusu ətrafında müzakirələrə cəlb edilməsinin bir neçə məqsədi var. İrəvanın birinci məqsədi Türkiyə mediası vasitəsilə “sülh qovşağı” təşəbbüsünə qonşu ölkədə marağın artmasını təmin etməkdir. İrəvanın ikinci məqsədi Türkiyə ilə münasibətlərin normallaşması prosesini Azərbaycanla münasibətlərin normallaşma prosesindən ayrı tutmağa çalışmaqdır. Bunu erməni rəsmilər açıqlamalarında gizlətmirlər. Onlar hesab edirlər, Türkiyə ilə sərhədin açılmasını və diplomatik münasibətlərin qurulmasını Azərbaycanla sülh sazişi imzalamadan da təmin etmək olar. Ankara İrəvanla təmaslarını artırmasına baxmayaraq, ilkin şərtindən imtina etməyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son açıqlamasında bir daha vurğulayıb ki, Ankara Ermənistanla məsələlərin həll yolunda Bakı ilə koordinasiyalı fəaliyyət göstərir.

 - COP29-a qədər sulh sazişinin imzalanması ehtimalı nə dərəcədə realdır?

- COP29-a qədər sülh sazişinin imzalanacağı inandırıcı görünmür. Ermənistanın qısa müddətdə konstitusiyadan ərazi iddiası ilə bağlı bəndi çıxarması fiziki baxımdan mümkün deyil. Ermənistan baş naziri ümid edirdi ki, heç olmasa, COP29-a qədər çərçivə sazişi imzalansın.  Azərbaycan tərəfi bununla razılaşmır və bunu yarımçıq saziş kimi qiymətləndirir.  Ona görə də COP29-a qədər sülh müqaviləsinin bağlanacağını düşünmürəm.

- Qərb, Avropadan Azərbaycana gələn “təkliflər”, “məktublar”ın əsasında nə dayanır?

- Amerika Birləşmiş Ştatları da bu prosesi sürətləndirməyə çalışır. Prezident Cozef Baydenin Azərbaycan Prezidentinə, o cümlədən Ermənistan baş nazirinə məktubları var idi.

Baydenin narahatlığını iki amillə izah etmək olar: birinci amil Amerikada prezident seçkilərinin yaxınlaşmasıdır.

ABŞ Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubun mətnindən aydın olur ki, Ağ ev ən yaxşı halda Bakıda noyabr ayında keçiriləcək COP29 tədbirinə, ən pis halda isə ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir. Əslində, Bayden COP29 yazarkən, beynində eyni ayda Amerikadakı prezident seçkisini düşünüb. Ağ ev administrasiyası vitse-prezident Kamala Harrisin prezident seçilməsi üçün var gücüylə çalışır, qısa vaxt ərzində xarici siyasətdə uğur hekayələrinə ehtiyac duyur. Seçkiyə qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanarsa, bu, Kamala Harrisin xanasına yazılacaq. Bayden administrasiyası Azərbaycanla Ermənistan arasında sülh sazişinin qısa zaman kəsiyində imzalanmasını bu qədər istəyirsə, atacağı bircə addım var: Cozef Baydenin Bakıya göndərdiyi xüsusi köməkçisi Maykl Karpenterin İrəvanda baş nazir Nikol Paşinyanı Konstitusiyada Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bəndi çıxarmağa inandırmaqdır. Ağ ev bunu bacararsa, sülh sazişinin noyabra qədər olmasa da, ilin sonuna qədər imzalanması mümkündür, əks halda erməni lobbisi ilə sıx əlaqələri olan Kamala Harrisin prezident seçilməsi üçün Azərbaycan öz maraqlarından imtina etməyəcək. Əslində, bizim belə bir dərdimiz yoxdur.

Baydenin bu məktubu göndərməsində ikinci məqsəd Rusiyanın prosesə təsir etmək imkanlarını azaltmaqdır. Zatən Ermənistanla Azərbaycan birbaşa danışıqlar aparır və heç bir vasitəçiyə də ehtiyacı yoxdur.

Ermənistan parlamentinin sədri Alen Simonyanın “Azərbaycan BMT-nin qətnamələri əsasında Qarabağda əməliyyat keçirib və dünya bu müharibəyə bizim istədiyimiz kimi reaksiya vermədi” cümləsi qədər eyni müsahibədə Rusiyaya atmacaları da diqqətçəkicidir. Simonyan bildirib ki, Ermənistan və Azərbaycana düşmən olan ölkələr sülh danışıqlarının dalana dirənməsini istəyirlər. Aydındır ki, Simonyan bunu deyərkən, nə ABŞ, nə Fransa, nə də ki, İranı nəzərdə tutub. Ermənistanın bu 3 ölkə ilə sıx tərəfdaşlıq münasibətləri var. Ermənistan parlamentinin sədri Rusiyaya eyham vurub. Simonyanın 3+3 platformasıyla bağlı səsləndirdiyi fikirdə də Rusiyaya eyham var: “Mən, açıq desəm, nə üçün mövcud olmuş və ya mövcud olandan başqa formata ehtiyacımız olduğunu başa düşmürəm”. Yəni Simonyan demək istəyib ki, Rusiyanın iştirak etdiyi format Ermənistanın maraqlarına cavab vermir. Buna baxmayaraq, İrəvan istəsə belə, Tbilisi kimi bu formatdan imtina etməyəcək. Bu, İrəvanın açıq-aşkar qonşu dövlətlər olan Rusiya, Türkiyə və İranın Cənubi Qafqazda təhlükəsizlik sistemində yer almasının əleyhinə mövqe kimi qiymətləndiriləcək. İrəvan belə riskə getməyəcək.

- Ermənistan konstitusiyada dəyisikliyin edilməsinə necə yanaşır? Davranışları bu tələbin həyata keçirlməsinə nə dərəcədə adekat cavab verdiklərini göstərir?

- Erməni baş nazir konstitusiya dəyişikliyi ilə bağlı bir neçə dəfə açıqlama verib, amma prosesi sürətləndirmək istəmirlər. Hətta 2026-2027-ci ildə Konstitusiya dəyişikliklərinə gedəcəklərini bildirilər. Azərbaycan bu qədər müddət gözləyə bilməz. O zamana qədər Paşinyanı devirə də bilərlər, öldürə də bilərlər. Onun yerinə gələnlər isə bütün razılaşmaların üstündən xətt çəkər.  Ermənistan hakimiyyəti özünün ziqzaqlı davranışları ilə bunu dəfələrlə sübut edib.  Ona görə də Azərbaycanın tələbi budur ki, qısa müddətdə Konstitusiyada zəruri dəyişiklik edilsin. Amma aydındır ki, ilin sonuna qədər bu mümkün olmayacaq.

- Ermənistanın Qərb, Avropa tərəfindən silahlandırıldığını, Azərbaycana qarşı sanksiya tələblərinə baxsaq bu gün maraqlı güclər regionda nələrə nail olmağa çalışır?

- Bir sıra dövlətlər Ermənistanı silahlandırır, birgə təlimlər keçirirlər. Bu, bölgədə vəziyyəti daha da gərginləşdirə bilər.

Məlumdur ki, Ermənistan İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşdi. Azərbaycan Prezidentinin də mövqeyi belədir ki, Ermənistan uzaqmənzilli raketlər alırsa, bu, yeni münaqişəyə gətirib çıxarda bilər. Bu, yenidən müharibənin yaranmasına gətirərsə, Ermənistan yenə də məğlub olacaq. Qərb ölkələri, eləcə də Ermənistanı silahlandıran dövlətlər, əslində, Ermənistanı ağır vəziyyətə sürükləyəcəklər.  Ona görə sülh danışıqları gedə-gedə Ermənistanın uzaqmənzilli raketlərllə silahlandırılması əlbəttə yenidən gərginliyi artıracaq.

- Ermənistan Azərbaycanın təklifləri əsasında sülhə imza atacaqmı?

- Ermənistan əvvəl-axır Azərbaycanın sülh təklifləri ilə razılaşmaq məcburiyyətində qalacaq. O, müharibədə məğlub olan tərəfdir. Dünya tarixi də göstərir ki, müharibədə məğlub olan tərəf qalib ölkənin şərtlərini qəbul etməlidir. Azərbaycan ağır şərtlər irəli sürmür. Biz deyirik ki, Ermənistan konstitusiyasında qonşu ölkəyə ərazi iddiasını ehtiva edən bəndi çıxar. Ona görə də Ermənistan gec-tez buna əməl etmək məcburiyyətində qalacaq. Bunu etməsə, sülh sazişi də imzalanmayacaq.

Digər tərəfdən, Ermənistanın sülh sazişinə imza atmaması Azərbaycan üçün böyük problem deyil. Azərbaycan işğalda olan toraqlarını azad edib, dövlətin suverenliyini təmin edib, şərti sərhədlərini möhkəmləndirməklə strateji yüksəklikləri nəzarətə götürüb. Ona görə də  sülh sazişi daha çox Ermənistana lazımdır ki, qonşu Türkiyə ilə Ermənistan arasında münasibətləri normallaşdırıb regional layihələrə qoşula bilsin.

Избранный
58
16
hafta.az

10Источники