RU

"Qarabağ"la oyun "Turan Tovuz"un 3:0 hesablı qələbəsiylə yekunlaşmalıydı" - Aslan Kərimovun rəyi

Misli premyer-liqasında 12-ci turun mərkəzi matçı Tovuzda keçirildi. "Qarabağ"ı qəbul edən "Turan Tovuz" "sülh"ə razılaşdı - 0:0.

Beləliklə, həm Qurban Qurbayev ardıcıl 2-ci dueldə Kurban Berdıyevi məğlub edə bilmədi, həm də "bozqurd" cari mövsümdə "köhlən atlar"dan xal qoparan yeganə komanda statusunu özündə saxladı.

Bəs hansı komanda daha yaxşı oyunla diqqəti çəkdi? Heç-heçəni hansının xal itkisi kimi dəyərləndirə bilərik?

"Football-plus.az" bu sualla təcrübəli mütəxəssis Aslan Kərimova müraciət etdi:

"Turan Tovuz" - "Qarabağ" matçı sürət baxımından "Neftçi" - "Araz-Naxçıvan" qarşılaşmasını qabaqladı. Bu, "bozqurd"un son 3-4 tur ərzində ən yaxşı çıxışı idi. Baxmayaraq ki, qələbə qazana bilmədilər. Rəqibə ilk dəqiqələrdən yüksək təzyiq göstərdilər. Belədə, demək olar ki, əsas heyətlə meydana çıxan "Qarabağ"ı sıxışdırdılar. Nəticədə ağdamlıların topa sahib olmasına imkan vermədilər. Qonaqlar alışdığı texnikalı oyun tərzini Tovuzda göstərə bilmədi. "Qarabağ" topu saxlamaqla yaxşı oyuna nail olur. "Turan Tovuz" rəqibinin önə çıxmasına imkan vermədi. “Qarabağ” azca irəliləyən kimi meydan sahiblərinin güclü təzyiqiylə üzləşdi. "Bozqurd"un hücumdakı oyunçuları çox fəal idi. Rəqibin cərimə meydançasına daxil olmağa çalışırdılar. Sadəcə, "Qarabağ"ın müdafiəçiləri daha təcrübəli olduğuna görə təkbətək mübarizələrdən qalib ayrılmaqla təhlükənin qarşısını alırdılar. Ümumiyyətlə, "Qarabağ"ın ilk 30 dəqiqə ərzində rəqibinin cərimə meydançasının həndəvərinə çata bilməməsinin ilk dəfə şahidi oldum. Kaşuk nəsə eləmək istəsə də, topu itirirdi. Əksinə, "Turan Tovuz" hesabı 2:0 etmək imkanına malik idi. Burda keyfiyyət fərqi öz sözünü dedi. Düzdü, Koxalski çox yaxşı çıxış etdi. Lakin, ilk təhlükəli epizodda topu onun üstünə vurdular".

Aslan bəyin fikrincə, oyunun taleyini "Qarabağ"ın təcrübəsi həll edib:

"Turan Tovuz" şansları qaçırandan sonra "Qarabağ"ın təcrübəsi ön plana çıxdı. İkinci hissədə qarşılıqlı hücumlar izlədik. Həm də ağdamlılar rəqibinin kəsərli hücumlarını "sındırmağı" bacardılar. Burda isə "bozqurd"un qapıçısı yaxşı çıxış etdi. Məncə, oyun "Turan Tovuz"un 3:0 hesablı qələbəsiylə yekunlaşmalıydı. "Qarabağ"ın performansı ürəkaçan olmadı. Premyer-liqamızda sürətini artıran komandalar qol vurmağı da bacarsa, Ağdam təmsilçisinin işini xeyli çətinləşdirəcək. "Turan Tovuz" buna nümunədi. Onlar rəqibinin "tiki-taka"sını divara çırpdı. Ümumiyyətlə, hesab edirəm ki, meydan sahibləri iki xal itirdi, qonaqlar isə bir xal qazandı. İkinci hissədə topa nəzarət "Qarabağ"ın xeyrinə olsa da, "Turan Tovuz"un qol imkanları daha çox oldu. Bəlkə də süni qazon amili ağdamlılar üçün əlverişli deyildi. Yenə də heçnə "bozqurd"un belə oyununa kölgə salmamalıdı. Sadəcə, yenə deyirəm, oyunçuların keyfiyyəti çatmadı. Hər iki komandaya uğurlar arzulayıram”.

KƏNAN BAHADIR
Избранный
34
football-plus.az

1Источники