RU

BNA-nın rüşvət alan sabiq vəzifəli şəxsləri bəraət istəyirlər

Ləğv edilmiş “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxsləri olmuş Hikmət Vəlizadə və Vüqar Hüseynovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası noyabrın 6-na təyin edilib.


Şikayət hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq.


Onlar barələrində bəraət hökmünün çıxılmasını istəyirlər.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hikmət Vəlizadə və Vüqar Hüseynova 8 ay azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıb.


Qeyd: “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.


İstintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.


İttihama görə, özəl klinikalar, restoranlar və başqa obyektlərin qarşısında parklanmaya icazə almaqdan ötrü Bakı Nəqliyyat Agentliyinə külli miqdarda rüşvət verilib.


İttihama görə, “Avrasiya hospital”ın yerləşdiyi küçədə avtomobillərin qarşılıqlı hərəkətinə icazə olub. Klinika rəhbərliyi orada sıxlığın azalmasını istəyib. Bakı Nəqliyyat Agentliyinin vəzifəliləri onlara uyğun addım atmaqdan ötrü klinika rəhbərliyindən 7 min manat pul istəyib, son nəticədə 5 min alınıb.


Bundan sonra həmin küçədə “qarşılıqlı yol hərəkəti qadağandır” nişanı quraşdırılıb – avtomobillər üçün hərəkət birtərəfli olub.


“New Med” klinikasının önündə isə parklanmanın təşkilinə icazədən ötrü 5 min manat alınıb. İttihamda qeyd edilir ki, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Kuzə” restoranının rəhbərliyi də obyektin önündə parklanmaya icazədən ötrü BNA-ya rüşvət verib - 8 min manat istənilib, amma 6 500 manat alınıb.


Təqsirləndirilən şəxslər onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.


Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Xatırlatma: Bakı Nəqliyyat Agentliyi 2015-ci il dekabrın 21-də Nazirlər Kabineti yanında yaradılıb. Agentlik 2022-ci il fevralın 7-də Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. 19 aprel 2023-cü ildə BNA ləğv olunub və əmlakı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilib.

 

Kamal Məmmədov 


Избранный
17
50
azia.az

10Источники