RU

"Belə insanlar nə zamansa tərk ediləcəklərindən qorxurlar" - MÜNASİBƏT BİLDİRİLDİ

"Monofobiya insanın tək qalmaqdan qorxduğu psixoloji pozuntudur. Belə xəstələr özlərinə məhəl qoyulmadığını və ya sevilmədiyini düşünürlər". Bu sözləri SİA-ya açıqlamasında "Aura" psixologiya, nitq və fərdi inkişaf mərkəzinin direktoru, psixoloq, psixoterapevt, cinsəl terapist, yaşam və ilişki koçu Xanlar Sətullayev deyib.

O bildirib ki, bu da əsasən insanın həyatında yaşadığı çətinliklər, yaxud əvvəllər yaşamış olduğu tərk edilmə, xəyanət, çox sevdiyi birini itirmə kimi hadisələrin travmalar, həmçinin genetik amillər nəticəsində ortaya çıxır: "Bir çox hallarda isə uşaq yaşlarında tez-tez tək qoyulan, valideynlər tərəfindən yetəri qədər sevgi görməyən insanlar monofobiyanın təsiri altında olurlar və bu tədricən daha da ağır formaya keçir, hətta bu xəstələr tək qaldıqda panik atak keçirirlər.

Yetkin insanlarda, xüsusilə qadınlarda bəzən birinə bağlanmaq, sevgi hissi o qədər güclü olur ki, onsuz özünü, həyatını təsəvvür edə bilmir. Belə insanlar adətən pis ssenarilər xəyal edir və nə zamansa tərk ediləcəklərindən qorxur, təşviş keçirirlər. Ayrılıq təşvişi pozuntusu bağlılığın mövcud olduğu insanlarla ayrılıq zamanı yaranan həddən artıq qorxu və təşvişlə xarakterizə olunur.

Tərk edilmək, tək qalmaq qorxusu monofobikləri pis fikirlərin təsiri altında hərəkətlər etməyə, partnyorunu tez-tez yoxlamağa, harda olduğu, nə ilə məşğul olduğu ilə maraqlanmağa vadar etdikcə bu, qarşı tərəfi yorur və sonda nədən qorxursa o da başına gəlir, tərk edilir.

Tənha olduqları zaman və ya tənha olduqlarını düşündükləri zaman düşüncələrindəki sıx narahatlıq, bir insanın monofobik olduğunu göstərən ən çox görülən əlamətlərdən biridir. Bu pozuntudan əziyyət çəkən insanlar tək qaldıqları təqdirdə nəsə bir fəlakətin baş verəcəyinə inanırlar. Ona görə də monofoblar tək qalmaqdan qaçmağa çalışırlar. Monofobiyadan əziyyət çəkənlərdə yuxusuzluq, başgicəllənmə, titrəmək, ürək bulanması, uyuşma və sancma hissi, ağızda quruluq müşahidə olunur. Ayrılıq təşvişi yaşayan insanda məktəbə və ya işə getmək istəyinin olmaması, bağlılığın olduğu insan olmadan yatmaqdan imtina, mütəmadi olaraq ayrılıqla əlaqəli gecə kabusları şəklində təzahür edir".

Onun sözlərinə görə, bəzən uğursuz evlilik yaşayan insanlar bu münasibətlərdən zərər çəkdiklərini, ayrılmağın hər ikisi üçün faydalı olacağını nəinki hiss edir, hətta buna əmin olur, lakin ayrılmağı düşündükcə təşviş keçirir, yeni səhifədən necə başlayacaqlarını bilmirlər, ona görə də bu düşüncələr altında ayrılıq təşviş pozuntusu yaşayırlar: "Qadınlarda emosional bağlılıq daha güclü olduğuna görə onlar bu hissi daha ağrılı yaşayırlar və təkrar sevilə bilməyəcəklərindən, ömür boyu tənha qalacaqlarından narahatlıq keçirirlər və bura əksər insanların qorxulu yuxusuna çevrilmiş “nə deyərlər”, “boşansam, pis baxacaqlar” düşüncəsi də əlavə olunduqda hətta nifrət etdikləri insanla da bir evdə yaşamağa razı olur, özlərini aldatmaq üçün müxtəlif bəhanələr uydurur, ayrılığı önləmək üçün qarşıya daha uzunmüddətli və çətin hədəflər qoyur, “ayrılacam, amma indi yox, qoy bütün işlərimi sahmana salım sonra” yalanına özlərini inandırırlar. Ayrılıq təşviş pozuntusu zamanı baş və mədə ağrıları, üərkbulanma, mədə-bağırsaq pozulmaları, iştahsızlıq, yuxusuzluq və s. əlamətlər meydana çıxır. Lakin digər pozuntular kimi monofobiya və ayrılıq təşviş pozuntusunu da digər psixoloji pozuntularda olduğu kimi koqnitiv davranış və ya EMDR terapiyası ilə müalicə etmək mümkündür".

Müəllif: Söylü Ağazadə
Избранный
74
41
sia.az

10Источники