RU

Dilim-dilim olasan, ay dilim - Soyadı Məmmədoviç olsaydı...

Yəqin ki, yadınızdadır, yaxın günlərdə Azərbaycanın UEFA Gənclər Liqasındakı təmsilçisi “Sabah” İsveçrədə “Bazel”ə biabırçı hesabla uduzdu. 

Bilməyənlər üçün qeyd etməliyəm ki, 6-cı dəqiqədə futbolçuların fərdi səhvləri ilə başlayan “qol yağış”ı 90-cı dəqiqəyə qədər davam etdi. “Sabah” isə matçın sonlarında rotasiyalar edib yeni taktikalar yoxlayan rəqibinə 1 top belə vura bilmədi. Nəticədə “bayquşlar” 0:6 hesablı darmadağınla üzləşdi.

Əslində məsələ məğlubiyyət deyil. Onsuz da komandalarımızın belə görüşlərdə uduzmasına öyrəşmişik. Hələ ki, rəqib “Bazel” kimi klubdursa, darmadağınları da çox yaşamışıq. Elə təkcə Gənclər Liqasına nəzər yetirsək, bu turnirdə 9 dəfə iştirak etmişik. Sözügedən yarışda keçirdiyimiz 25 oyunun 12-də darmadağın olmuşuq. Uduzmuşuq demirəm ha, DARMADAĞIN olmuşuq. Çıxdığımız matçların təxminən 48 faizində azı 3 top fərqilə yenilmişik. Ümumi məğlubiyyət sayımız isə 18-dir. Uşaq futbolundan əsas milliyə keçid dövrü sayılan 19 yaşlılarımızın durumu budur. Nəzərinizdə olsun ki, növbəti 5 ildə yığmamızda çıxış edəcək futbolçuların bir qismi həmin uşaqlardır. Ölkənin ən güclü akademiyalarından birinə sahib olan “Sabah” bu hesabla uduzursa, digərlərindən nə gözləyək? 

Komandanın baş məşqçisi Adino Mustedanaqiç bu uğursuzluğu təcrübəsizliklə əlaqələndirdi... Başa düşə bilmirəm, həmin təcrübə mən və ya “x” bir şəxs tərəfindən futbolçulara keçməlidir? “Sabah” hər il aşağı yaş qrupları üçün bir sıra təlim-məşq toplanışları keçirir, müxtəlif ölkələrdən klublarla qarşılaşır. Təcrübə üçün başqa nə lazımdır ki? Əgər baş məşqçi komandanı psixoloji cəhətdən matça kökləyə bilmir, səhvi də təcrübəsizliyin üzərinə yıxırsa, nə ehtiyac var həmin əcnəbiyə? Nədənsə, Azərbaycan futbolunda qarşısıalınmaz bir fikir formalaşıb ki, baş məşqçi portuqal, ispan, xorvatdırsa, hər şey əladır, yaxşı olacaq, amma klubu yerli məşqçi idarə edirsə, 2 məğlubiyyətdən sonra onu qovub yerinə mütləq xarici gətirməliyik. Belə yanlış düşüncələrlə Azərbaycan futbolu gündən-günə geriyə gedəcək. Necə ki, gedir. Həmin postda Mustedanaqiç yox, hansısa yerli mütəxəssis olsaydı, durum bundan pis olmayacaqdı ki. 6 top buraxıb, qol vurmamaq üçün avropalı olmağa ehtiyac yoxdur.

Bəli, xarici məşqçilərin nəticələri və ölkə futboluna töhfələri göz qabağındadır. Fantastik maaş alan əcnəbi məşqçi ilə əlində ən yaxşı imkanları olan, uşaq futbolunda adından söz etdirən "Sabah" gedir İsveçrədə 6 dənə buraxır. Bu, hələ ən yaxşılarımızdan biridir. Digər təmsilçilərimizin İsveçrədə nə edəcəyi isə qeyri-müəyyəndir. Amma Şahin Diniyev demişkən, doğru yoldayıq.

Elə bu dəqiqə, gecikmədən millidə də bütün aşağı yaş qruplarındakı yerli məşqçiləri qovub, xorvat, ispan, portuqal mütəxəssislər gətirmək lazımdır. Ötən günlərdə U-18 millisi ilə Monteneqronu məğlub edən Füzuli Məmmədovu da, Azərbaycan futbolu üçün bütün gücünü sərf edən Aqil Nəbiyevi də, İlham Yadullayevi də göndərin. Əvəzində isə gənclərin bir çoxunun dilini başa düşmədiyi, tərcüməçi olmadan anlamağı hansısa avropalını gətirin. O da Azərbaycan adından, ölkə futbolundan bixəbər halda sadəcə maaş üçün vaxtını keçirsin. Soruşanda da desin ki, “mənə qədər udurduz ki, məndən də qələbə gözləyəsiz?”... 

Bernhard Lippert dövrünü də tezbazar yada salın, tələsirəm, işim var. Maaşı manatla alıram, avro və ya dollarla yox ki, oturum yarım saat çənə döyüm. Və ya jurnalistləri axmaq adlandıran Canni de Byazini... Anlamalıyıq ki, bu ölkəyə gələn bütün əcnəbilər millilərimizə və klublarımıza sadəcə gəlir mənbəyi kimi baxacaq. Yalnız damarında azərbaycanlı qanı axan kəslər ölkəsinin adı hallanan yerlərdə belə biabırçılıqların yaşanmaması üçün gecəsini-gündüzünə qata bilər.

Söhbət tək “Sabah” və ya millilərdən getmir. “Neftçi”yə baxın. Komanda son bir ildə 3 məşqçi dəyişdi. Üçü də əcnəbi. Amma heç biri burdakı durumu ciddiyə almadı. Mutu komandanın oyunu olan gün ölkəsindəydi. Danışanda da elə yaxşı olacaq, yaxşı olacaq... Çox yaxşı oldu, göndərdilər, yerinə Miodraq Bojoviçi gətirdilər. O, ümumiyyətlə ağlımda qeyri-ciddi məşqçi kimi qaldı. “Neftçi” kimi klubu avrokuboklardan kənarda qoydu, uzunmüddətli plan qururuq dedi. 1 ay keçməmiş qovuldu. Ardınca bu posta bəh-bəhlə təşrif buyuran Roman Qriqorçuk isə hər məğlubiyyətdən sonra mətbuat konfranslarında gülərək danışırdı. Sanki turnir cədvəlində 9-cu yerdə qərarlaşan komandanın çalışdırıcısı bu deyil. Amma bir də Samir Abasova nəzər yetirin. Çoxunuzun gözündə emosional məşqçidir. Amma onun “Neftçi”yə gəldiyi gündən necə yorulduğu, komandanı düşdüyü bataqlıqdan çıxarmağa çalışdığı gözlərindən oxunur. Haqsız şəkildə komandadan göndərilmişdi. Lakin yenidən gəldi və eyni əzmlə çalışmağa davam edir. Samirin digərlərindən fərqi ondadır ki, o, futbolçuların dilini bilir, onların hansı ilə necə danışmalı olduğunu yaxşı anlayır. 

Və ya futbolçu karyerasını yaxın dövrdə bitirən Vaqif Cavadov. Peşəkar məşqçi kimi “Sumqayıt”da ilk aylarını yaşayır. Amma dünən onun komandası heyəti özündən qat-qat güclü olan, avrokuboklara iddialı “Sabah”ı məğlub etməyi bacardı. Hətta demək olar ki, Vaqif Cavadov Krunoslav Renduliçi məğlub etdi. Xorvatiyalının futbolçularına oyunboyu pressinq etmək tapşırığı verəcəyini öncədən bilən Cavadov komandası üçün əks-hücum planı hazırlamışdı və bu, uğurlu alındı.

Həmin Vaqif Cavadov ötən gün baş tutan 17 yaşlı futbolçuların ölkə çempionatının “Sumqayıt” - “Dinamo” görüşünü də yerindən izləmişdi. Hansı əcnəbi mütəxəssis aşağı yaş qruplarının oyunlarını canlı izləmək üçün stadionlara təşrif buyurur? Hələ adicə Fernandu Santuşun Premyer Liqa matçlarına yollanmasını hər dəfə yazırıq, böyük bir hal kimi təqdim edirik. Qaldı ki, 17 yaşlı futbolçular…

Bizə milyonlar alan Lippertlər, Obradoviçlər, de Byazilər, Mutular, Mustedanaqiçlər lazım deyil. Azərbaycan futbolu üçün həyatını həsr edən Qurbanovlar, Abasovlar, Əhmədovlar, Bağırovlar, Məmmədovlar lazımdır. Bunu anlayacağımız gün yavaş-yavaş inkişafa doğru yol qət edə bilərik. Dərk etməliyik ki, azərbaycanlı gənclə Avropada böyümüş biri arasında çox fərq var. Bizimkilər ailəsinə daha bağlı olur, nisbətən gec böyüyür, tez incinir. Bu səbəbdən onları yalnız yerli mütəxəssislər anlaya, doğru inkişafa yönəldə bilər. Necə deyərlər, mənim uşağımın dilini mənim məşqçim bilər…

 

Ruslan Voronsov: "Əsas düşüncəmiz qapımızı toxunulmaz saxlamaqdır"

Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb

Premyer Liqada son 8 mövsümün antirekordu

 “Sumqayıt”dan yubiley qələbə

Vaqif Cavadov: "Sonra deyəcəksiz ki, Vaqif Cavadov istefa verməlidir"

Избранный
31
apasport.az

1Источники