RU

"Ölkəmizin yaşıl enerjiyə keçid istiqamətində atdığı addımlar praqmatikdir" - Millət vəkili

"Qlobal güc mərkəzləri arasında şiddətlənən qarşıdurmalar beynəlxalq iqtisadi münasibətlərin xarakterinə də ciddi təsir göstərməkdədir. Geoiqtisadi maraqları geosiyasi ambisiyalara qurban verən dövlətlər Azərbaycan da daxil olmaqla neft resurslarına sahib ölkələri hədəf halına gətirərək beynəlxalq münasibətlər sistemi üçün ənənəvi olmayan ittihamlarla çıxış etməyə başlayıblar". 

Bunu "Unikal"a açıqlamasında  Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib. 

Onun sözlərinə görə, həmin məntiqsiz və gələcəyin iqtisadi mənzərəsi ilə heç bir bağlılığı olmayan ittihamlara ən layiqli və arqumentli cavab verən liderlər sırasında Prezident İlham Əliyev müstəsna yer tutur. 

"“Enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir” deyirlər. Lakin son zamanlar, xüsusilə də, Rusiya-Ukrayna müharibəsi fonunda dünyanın iqtisadi xəritəsində edilən məcburi korrektələr bəlli mərkəzlərin enerji diplomatiyasına baxış bucağını da dəyişdirir. Fransa başda olmaqla bəzi Qərb ölkələrinin liderləri COP29 sammitindən ciddi narahatlıq keçirərək neft və qaz resurslarını artıq dünyada rifah və tərəqqi deyil, münaqişə və maraq hesablaşmaları aləti kimi qiymətləndirməyə üstünlük verirlər. Təbii, burada siyasi sifariş elementləri aydın müşahidə olunur və dünyadakı erməni lobbistləri neft ehtiyatlarına malik ölkələri hədəf almaqla Azərbaycanın beynəlxalq nüfuzuna mənfi çalarlar gətirməyə və beləliklə də, COP29 konfransı üzərindən ölkəmizə təzyiqləri artırmağa çalışırlar.

Rəsmi Bakıya ünvanlanan ən ciddi ittihamlardan biri enerji resursları ilə zəngin dövlətin qlobal iqlim sammitinə ev sahibliyi etməsinin absird olduğu fikridir. Ancaq Prezident İlham Əliyevin müxtəlif beynəlxalq tribunalardan, ayrı-ayrı tədbirlərdən verdiyi konseptual mesajlar bu iradların heç bir reallığa söykənmədiyini, sadəcə, bəlli dairələrin merkantil və hegemonluq maraqları ilə bağlı olduğunu təsdiqləyir. Hələ cari ilin martında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında Azərbaycan Prezidenti haqqında danışdığımız ittihamlara belə bir cavab vermişdi. 

“Biz indi qazıntı yanacağının bir növ yalnız problem yaradan bir məsələ olması meylini görürük. Biz ədalətli olmalıyıq və eyni zamanda, neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli olmalıyıq. Bu ölkələrin günahı deyil ki, onlarda neft və qaz var. Onlar buna görə günahlandırılmamalı və onlara qarşı ayrı-seçkilik olmamalıdır. Hesab edirəm ki, qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir”. 

Azərbaycan neft ölkəsi olsa da, ölkəmizin tədricən alternativ enerjiyə keçid strategiyası Qərbin bütün ittihamlarının mahiyyətini heçə endirir. Məsələn, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin bərpaolunan enerji mənbələri ilə bağlı rasional qərarları tam təsdiq edir ki, Azərbaycanın qlobal iqlim dəyişikliklərinə qarşı mübarizə səyləri təxminən 20 il bundan öncə başlayır. 2004-cü il oktyabrın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə dövlət proqramında əksini tapan prioritetlər Azərbaycanın yaşıl enerji ilə bağlı məramına geniş anlamda aydınlıq gətirir.

“Ənənəvi enerji mənbəyi kimi karbohidrogen ehtiyatlarının məhdudluğu və ətraf mühitin çirklənməsinin qarşısının alınması dünyada alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunan enerjinin həcminin artırılmasını zəruri edir. Artıq bu istiqamətdə müsbət təcrübə mövcuddur və bir sıra ölkələrdə günəş, külək və digər təmiz və bərpa olunan enerji mənbələrindən istifadə ildən-ilə genişlənir”.  

Burada bir incə detala xüsusi toxunmaq lazım gəlir ki, 1994-cü il sentyabrın 20-də imzalanan və 2017-ci ildə daha 50 ilə qədər uzadılan “Əsrin müaqviləsi” adlı neft kontraktları Azərbaycanın 100 il ərzində bərpaolunan enerji resursları olmadan da yaşaya biləcəyinin rəsmi təsdiqidir. Başqa sözlə desək, Paris, Oslo, Vaşinqton, İrəvan, Amsterdam və digər mərkəzlərdən eşidilən qeyri-səmimi bəyanatlara rəğmən, Azərbaycanın sahib olduğu enerji ehtiyatları ona neft-qaz layihələrini genişləndirmək və hasilatı artırmaq şansı verir. Lakin Prezidentin yürütdüyü xətt ondan ibarətdir ki, biz yalnız özümüzü deyil, dünyanı, onun sabahını və planetin təhlükəsizliyini düşünməliyik. 2024-cü ilin “Yaşıl enerji naminə həmrəylik ili” elan edilməsinin əsas məramı da məhz budur. Bu nöqteyi-nəzərdən, Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı COP29 tədbirinə ev sahibliyi etmək istəyinin təməlində “beynəlxalq həmrəylik” və “qlobal çağırışlara qlobal cavab” prinsipləri dayanır. 

Ölkəmizin yaşıl enerjiyə keçid istiqamətində atdığı addımlar isə ardıcıl və praqmatikdir. Belə ki, 2022-ci il yanvarın 13-də Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə əməkdaşlıq çərçivəsində 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlinin qoyuluşu, 2023-cü il oktyabrın 26-da BƏƏ-nin “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində 230 MVt gücündə “Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi yaşıl enerjiyə keçid siyasətinin real nümunələridir. Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olduğunu isə rəqəmlər də təsdiqləyir. 
-bərpa olunan enerji mənbələrinin texniki potensialı - quruda 135 QVt; 
-dənizdə 157 QVt-dır;
-bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt; o cümlədən, 
-külək enerjisi üzrə 3 000 MVt; 
-günəş enerjisi üzrə 23 000 MVt; 
-bioenerji potensialı 380 MVt; 
-dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Böyük Qələbədən sonra dövlət başçısı tərəfindən Qarabağın “yaşıl enerji zonası” elan edilməsi alternativ enerjiyə keçidin prioritet vəzifə kimi qarşıya qoyulduğunu bir daha göstərir. Prezidentin 2021-ci il 2 fevral sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində “Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi” kimi məsələlərin yer alması iqlim dəyişikliyi və onunla mübarizənin əsas hədəflərdən birinə çevrildiyindən xəbər verir. Yeri gəlmişkən, dövlət başçısı öz çıxışlarında da bildirir ki, Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrından etibarən bölgədə 270 meqavat həcmində hidroelektrik stansiyaları istifadəyə verilib. Yaxın 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaq. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, həmin qaz gələcəkdə Avropa bazarına ixrac ediləcək. 

Azərbaycan yaşıl enerji siyasətinin effektiv realizəsi məqsədilə böyük koalisiyanın yaradılmasında da maraqlıdır. Məsələn, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş”in imzalanması bərpaolunan enerjiyə keçid prosesinin artıq regional çərçivələri aşdığını sübuta yetirir. Sazişə əsasən, Xəzər dənizində istehsal olunacaq yaşıl enerjinin dənizin dibi ilə Avropaya ixracı nəzərdə tutulur. Bir sözlə, indiyə qədər imzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən, 2030-cu ilədək Azərbaycan 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etməyi planlaşdırır. Bu statistik rəqəmlər COP29-u yüksək səviyyədə keçirməyə hazırlaşan ölkəmizə qarşı səsləndirilən absurd ittihamlar və media hücumlarının fiaskoya uğrayacağına şübhə yeri qoymur. Əksinə, qlobal iqlim zirvəsi Azərbaycanın dünyaya yaşıl enerjiyə keçid strategiyasının əsas müəlliflərindən biri kimi təqdimatına gətirib çıxaracaq. 

Избранный
45
3
unikal.az

4Источники