RU

COP29 törəni, 44-ün 4-ü və... “Yeni Müsavat”ın 35-i

Mübarək aydır, mübarək həftədir! Vətən müharibəsinin Zəfərlə bitdiyi tarixi günə sayılı günlər qalıb.

Azərbaycanın cənnətini 30 ildən artıq müddətdə cəhənnəmə döndərənlərin başına endirilən Dəmir Yumruğun qüdrəti sayəsində 200 ildə olmayanı reallaşdıran Dövlətimizin, Sərkərdəmizin, Ordumuzun Şah Əsəri xalqımızın tarixinə və taleyinə əbədi yazılan günün 4-cü ildönümüdür. Şəhidlərimizin və qazilərimizin canı-qanı hesabına Vətən torpağının bağrına yazılan 44 günlük şərəf tarixinin, xalqımızın yenidən doğuluşunun, Yeni Eramızın başlanmasının 4-cü mübarək ildönümü!

Azərbaycan tarixi Zəfərinin ildönümünü qeyd etdiyi günlərdə paytaxt Bakı dünyanın çox nəhəng tədbirinə evsahibliyi edəcək. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-la bağlı cəmi 9 ay çəkən hazırlıq prosesi yekunlaşıb və Azərbaycan qonaqlarını gözləyir.

COP.jpg

On minlərlə rəsmi şəxslər, mütəxəssislər, müxtəlif statuslu qonaqlar, turistlər ölkəmizə, paytaxtımıza təşrif buyuracaqlar. “Cənnət görmək istətən Azərbaycana gəlsin!” Bəşəri problemə, iqlim dəyişikliyinə həsr olunan konfransı yüksək səviyyədə keçirmək öhdəliyi üzərinə götürməklə Azərbaycan növbəti dəfə qüdrətini nümayiş etdirir. Pandemiya dövründə Azərbaycan bütün dünyanı cənginə alan bəladan xilas yolları ilə bağlı BMT-nin xüsusi iclasının keçirilməsi ideyası ilə çıxış etmişdi, təşəbbüsü dəstəklənmişdi. Bu dəfə də Azərbaycan öndədir, nəzər-diqqətlər ona dikilib.   

Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi həm də Qarabağdakı tarixi Zəfərimizin məntiqi nəticəsi idi. Azərbaycan dövləti özünü döyüş meydanında təsdiq etdi və onun varlığı, hücü, qüdrəti ilə hesablaşanların, onun liderinin sözünün də imzası qədər etibarlı olduğuna inananların sıraları sürətlə artdı. Görün nə qədər qürurvericidir: BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına icra edən Azərbaycan bu günlərdə, torpaqlarını erməni işğalından təmizlədikdən, həm də bütün ərazilərində separatizmin kökünü birdəfəlik kəsdikdən sonra BMT-nin çox mühüm tədbirini keçirəcək. BMT-nin Azərbaycanın əziyyət çəkdiyi bəlaları aradan qaldırmağa gücünün çatmaması faktı ortadadır. Amma Azərbaycan təkbaşına nail oldu ərazi bütövlüyü və suverenliyini bərpa etməyə, hazırda da mina təhlükəsinə qarşı mübarizəsini davam etdirir, şəhər və kəndlərini yenidən qurur, Qarabağı, Şərqi Zəngəzuru abadlaşdırır, COP29-a birbaşa aid olan fəaliyyətləri həm də azad Qarabağda, Şərqi Zəngəzurda reallaşdırır, yaşılllıqları bərpa edir, canlı aləmin yaşamasına töhfə verir, yaşıl enerji imkanlarını genişləndirir.

QAYİDİS.jpg

Bu ərəfədə xəbərə baxın: Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları ötən ay Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkib. BQXK-dan bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb. Bəli, insanlığa qarşı çoxsaylı cinayətlər törətsələr belə, Azərbacan dövləti humanism prinsiplərini əsas tutur və onlara ailələri ilə əlaqə saxlamaq şansını yaradır. Ermənistan 4 minədək azərbaycanlı əsir və girovlar haqqında bu günədək məlumat vermir, beynəlxalq hüququ pozaraq. Necə ki, mina xəritələrini Bakıya təqdim etmir. Beynəlxalq təşkilatlar və aparıcı paytaxtlar isə susurlar. Həm də vaxtaşırı Azərbaycana diş qıcayanlar, ölkəmizi qərəzli şəkildə hədəfə alanlar tapılır. Özü də COP29 ərəfəsində bu şər-böhtan kampaniyasını daha da genişləndiriblər. Nə Avropa Şurası Parlament Assambleyası, nə Avropa Parlamenti, nə ABŞ Konqresi Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərə məhəl qoymadı, əksinə, qəbul olunan qətnamələri ayaq altına atmalarının qarşılığında erməni faşizmini və terrorizmini himayə xətti götürüblər, Makron Fransasından nümunə götürərək. Cılızlığa baxın ki, Azərbaycanı bəşəriyyəti xilas tədbirinə evsahibliyi etdiyinə görə “vururlar”, sanki bəşər məhv olanda özləri sağ qalacaqlarmış…

Bakıdakı canilər demişkən, “Euronews” Ruben Vardanyanın Qarabağa, məhz Ermənistanda hakimiyyətə gətirilməkdən ötrü göndərildiyini tirajlayıb. Vaxtilə deyirdik, yazırdıq, bizə inanmırdılar. Gec də olsa, etiraf edirlər. Amma hələ də deyilmir ki, Vardanyanın Azərbaycan ərazisində nə ölümü var idi? Bu gün Vardanyanın 4-5 milyardlıq varidatına sahiblənmək istəyənlər onu “süddən çıxan qaşıq” kimi təsvir etməyə, həbsdən çıxartmağa çalışır, müxtəlif nağıllar uydurmaqla. Ruben Vardanyanın PR məsləhətçiləri COP29 - qlobal iqlim dəyişikliyi sammitini pozmaq üçün saxta xəbərlər tirajlayırlar və bəzən ciddi adamlar da bu nağıllara uyur. Amma bütün bunlar heç nəyi dəyişən deyil, Azərbaycanın quracağı ədalət məhkəməsində layiqli cəzalarını alacaqlar. Prezident İlham Əliyev Xankəndidəki çıxışında necə demişdi? Sitat: “Bu binada ən ali kürsüdə oturanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında”. Və “Özünü “prezident” adlandırmış üç təlxək bax, burada oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi. Bax, burada oturmuş özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir”. Dövlət başçısı, Ali Baş Komandan sözünü deyib, biriləri özlərini yormasınlar!

Çay demişkən, bu arada erməni jurnalist Natali Aleksanyan əsəbi olarkən sakitləşmək üçün Azərbaycan çayı içdiyini bildirib.

NATALİ.jpeg

“Bu gün Qarabağdan olan ermənilər məni çox əsəbiləşdirdi. Bəs mənə nə kömək edər? Əlbəttə ki, Azərbaycan çayı”. Azərbaycan çayı içənlərin sayı arta bilər, ölkəmizi haqsız yerə hədəfə alanların simasında. Bu günlərdə dünyanın 60 ölkəsində 700 erməni kilsəsi Azərbaycana qarşı savaş açıb, utanmazcasına. Yaddaş üçün xatırladaq: Qarabağ və ətraf rayonlarda işğaldan öncə rəsmi fəaliyyət göstərən 67 məscidin 63-ü Ermənistanın  işğalı və terroru nəticəsində tamamilə, 4 məscid isə qismən dağıdılaraq yararsız hala salınıb, donuz, inək fermasına çevrilib, ancaq ölkəmizi hədəfə alan paytaxtlar, çevrələr bu faktlara kar, kor, lal olublar! Bütün bu təhdidlərə, təzyiqlərə, ləyaqətsizcəsinə hücumlara baxmayaraq, Azərbaycan işinə, yoluna, daha böyük hədəflərinə doğru inamla irəliləyir! Əminik ki, COP29 da yüksək səviyyədə baş tutacaq, dillərə dastan olacaq. Azərbaycan ev sahibliyi etdiyi tədbirlərdən öncə ləyaqətsizlərin hücumuna məruz qalmağa öyrəncəlidir, bundan əvvəl az tanımadıq simasızların simasını…Yola davam! Onlardan olsaydı, işimiz yarımçıq qalardı,  Şuşaya bayraq sanca bilməzdik, azad Xankəndidə Qarabağ Universiteti yaratmazdıq. Zəfərimizi həzm edə bilməyənlər hər addımda ayağımızın altını qazacaqlar, tədbirli olmalıyıq. Vətən Müharibəsi bitib, amma Vətən uğrunda savaş davam edəcək, diplomatic müstəvidə, ideoloji sahədə, media səhifələrində üzərimizə gəlməyə çalışacaqlar.

Qarabağa xain əllərin, dillərin uzandığı ilk illərdə əsası qoyulmuş “Yeni Müsavat” qəzeti də bu haqq savaşında Dövlətimizin və Xalqımızın yanındadır. Bu həftə 35 illik yubileyidir bu, tarix yazan qəzetin. Rauf Arifoğlunun memarı olduğu qəzet bir məktəb olub illər boyunca, yüzlərlə məzunlar yetişdirib, ölkə boyunca, hətta xaricdə bu məktəbin məzunları var, fəaliyyət göstərirlər.

MUSAVAT.jpeg

Yubiley ərəfəsində 8580-ci sayımız dərc olunacaq! Nəhəng tarixdir, həqiqətləri 8580 dəfə demək sıradan məsələ deyil. Nə xoşbəxtik ki, vaxtilə keçirdiyimiz tədbirdlərdə Qarabağla bağlı arzu-diləklərimiz artıq həyata keçib, Qarabağdan, Şərqi Zəngəzurdan filmlər çəkirik, yazılar yazırıq, manşetlər paylaşırıq. Bir qəzet üçün, qəzetçi üçün bundan gözəl nə ola bilərdi ki? Şükürlər olsun, biz “Yeni Müsavat” olaraq – işğal illərində səhifə-səhifə Qarabağın azadlığına yönəlik yazılar dərc edən media orqanı olaraq ayaqda dayana bildik, dövlətimizin  də verdiyi dəstək sayəsində sıralarımızı genişləndirdik, Azərbaycanın Vətən Müharibəsində üzərimizə düşənləri etməyə çalışdıq, Zəfərimizə xalqımızla birgə sevinmək xoşbəxtliyini daddıq, yaşadıq! Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini ən böyük nemət sayan bir media orqanı üçün 35 yaşın tamamında bu uğurlardan, qələbələrdən bəhs etmək xoşbəxtlikdir! Qarşıdan Milli Mətbuatımızın yaranmasının 150 illik yubleyi gəlir. 150 ildə mətbuatımızın dada bilmədiyi qələbələrdən, yaza bilmədiyi uğurlardan bəhs etmək, yazmaq, ürəkdən sevinmək bizim qismətimizə yazıldı, şükürlər olsun! Dövlətimizlə fəxr edirik, Onun əli qələmli, dili sözlü əsgəriyik! Müqəddəs missiyaya davam... Qarabağa, Şərqi Zəngəzura Böyük Qayıdışın ardınca Qərbi Azərbaycana ləyaqətli qayıdışdan yazacaqlarımız günlər qarşıdadır!  

Избранный
32
50
musavat.com

10Источники