RU

Uşaqlarınız təhlükə altındadır, bunun fərqindəsinizmi? – KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Texnogen eraya keçid və həyatımızın elektronlaşması böyüklərlə yanaşı, uşaqlara da öz mənfi təsirlərini göstərməkdədir. İnternet artıq çoxdan psixotron terror yuvasına çevrilib. Virtual dünyada baş verənlər tədricən real dünyaya transformasiya edir ki, bu da çox dəhşətli nəticələrə gətirib çıxarır.

Müasir dövrdə kompüter oyunları uşaqların əsas məşğuliyyətinə çevrilib. Bu oyunların böyük əksəriyyəti zorakılıq, quldurluq və cinayət elementləri ilə doludur. Bunlar isə birbaşa uşaqlaırn alt şüuruna həkk olunur və onların psixologiyalarının formalaşmasında əsas rollardan birini oynayır. Bunun əyani nümunələrini indiki uşaqların bir çoxunda görmək mümkündür. Dünyanın ən nüfuzlu psixoloqları və sosioloqları bu oyunları psixikanı dağıdan və beyni pozan elementlər kimi ortaya qoyur və qadağan olunmasını tələb edirlər. Bəzi ölkələrdə belə oyunlarla bağlı məhdudiyyətlər tətbiq edilib.

Azərbaycanda bu tip oyunların qadağan olunmasına çoxdan ehtiyac var. Çünki real faktdır ki, uşaqlarımızın psixologiyasını zədələyən faktorlar arasında bəzi oyunların xüsusi rolu var. Mən bu oyunların adi bir əyləncə olmadığını, əksinə, olduqca təhlükəli psixotron silah olduğunu düşünürəm. Bu cür oyunların təsirlərinin araşdırılması və onların siyahısının tutulması mütləqdir. Həmçinin, mütəxəssislərin rəyini nəzərə alaraq, bir çoxunun qadağan olunması lazım gəlir.

Bugünlərdə uşaqların psixologiyasında aqressiv davranışların inkişaf etməsi ciddi bir problem olaraq qarşımıza çıxır. Bəzi oyunlar vasitəsilə uşaqlar arasında insan öldürmək və digər vəhşiliklərin normallaşması, onların psixologiyasında dərin izlər buraxa bilir. Bu, nəticə etibarilə uşaqlar arasında kriminal davranışların artmasına, narkotik maddələrə meyilin yüksəlməsinə səbəb olur. Zorakılıq, təcavüz, terrorizm kimi təhlükələr uşaqların şüur altına yerləşdirilərək, onların gələcək davranışlarını formalaşdırır. Bu, cəmiyyətimiz üçün son dərəcə təhlükəlidir.

Azərbaycanda bu məsələyə qarşı adekvat tədbirlərin olmaması narahatlıq doğurur. Valideynlərin 90%-dən çoxu bu təhlükələrin fərqində deyil. Uşaqların psixoloji sağlamlığına dair ciddi yanaşmanın olmaması, bu problemlərin daha da dərinləşməsinə yol açır. Buna görə də, dövlətin bu məsələyə nəzarət etməsi və ciddi tədbirlər görməsi zəruridir.

Eyni zamanda, xüsusi bir elmi mərkəzin yaradılması vacibdir. Bu mərkəz, belə oyunların təsirlərini araşdırmalı, valideynlərə və mütəxəssislərə bu sahədə məlumat verməli və praktiki həll yolları təklif etməlidir. Dünyanın bir çox ölkələrində bu məsələlərə qarşı ciddi tədbirlər görülür. Azərbaycanda da bu vəziyyətə ciddi yanaşmağın, real və effektiv addımlar atmağın zamanıdır.

Həm də məsələ təkcə bu oyunlarla bağlı deyil, müasir uşaq multfilmlərinin bir çoxu subliminal mesajlarla, 25-ci kadrlarla doludur. Həm kadr, həm səs effektləri ilə, xüsusi motivli həm də süjet xətti ilə uşaqların beyninə psixotron terror edilir. Bununla bağlı dünya elmi mərkəzləri və mediasında çox sayda faktlar aşkarlanıb və bəzi ölkələr bu cür filmlərin yayımını qadağan edib. Bunun üçün xüsusi texnologiya tətbiq olunur və belə elementlər aşkar olunur. Bu cür filmlərin bəzilərində bütün zərərli və təhlükəli təbliğatlarla yanaşı, satanizmin də təbliği aşkar olunub.

Rusiyada uşaq filmləri xüsusi texnologiya vasitəsilə araşdırılır və bu tip filmlərin yayımı qadağan edilir. TV-lərdə isə daim bu mövzuda verilişlər və müzakirələr təşkil olunur və valideynlərə ətraflı məlumatlar verilir.

Bu məsələdə dövlət və media diqqətli olmalı və uşaqlarınızı bu terrordan qorumalıyıq. Bu işi cəmiyyətdən, valieynlərdən gözləməyə dəyməz, onların 90 faizi bu haqda heç məlumatlı belə deyillər. Uşaqlarının əlində smartfon verirlər və ya oturdurlar kompüterin, televizorun qarşısında, öz rahatlıqlarını təmin edirlər. Nəticədə onların uşaqlarının psixologiyasını artıq özləri yox, xarici rejissorlar formalaşdırır. Bir müddət sonra uşaqların ağlagəlməz hərəkətlər törətdiyini görəndə bunun səbəbini heç anlaya da bilmirlər.

Qısası təhlükə çoxdandır ki qapımızı döyür. 25 ildir bu haqda yazırlıq, danışırıq, lakin nə cəmiyyət narahat olur, nə də müvafiq orqanlar bu haqda hər hansı bir iş görürlər. Uşaqların törətdiyi fəsadlar, cinayətlər isə getdikcə artır, narkomaniyaya, kriminala, zorakılığa meyl getdikcə çoxalır. Bir də ayılacağıq ki, bizim uşaqların bizə heç bir aidiyyatı qalmayıb.

Təhlükənin fərqindəsinizmi?

Избранный
15
sesqazeti.az

1Источники