RU

Regionda gərginlik ARTACAQ: İran İsraillə AÇIQ SAVAŞA GİRİR?

“The Wall Street Journal” misirli rəsmi şəxsə istinad edərək, İranın İsrailə qarşı planladığı hərbi cavab əməliyyatının “güclü və kompleks” olacağı barədə məlumat yayıb. İddialara görə, İran hərbi strategiyasının bir hissəsini İraq ərazisindən həyata keçirəcək və əməliyyatın əsas hədəfi İsrailin hərbi obyektləri olacaq. Xüsusilə, bu əməliyyatın əvvəllər baş vermiş hücumlarla müqayisədə daha böyük aqressiya ilə müşayiət olunacağı qeyd edilir.

Bu planlar Yaxın Şərqdəki güc balansını dəyişə biləcək potensial təhlükə sayılırmı? İranın İsrailə cavabı ABŞ-də prezident seçkilərinə cəmi bir gün qalmış, yoxsa seçkilərdən sonra baş verə bilər? Vaşinqton bu hücumlara necə reaksiya verəcək, regionda gələcək siyasi və hərbi balans nə cür müəyyən ediləcək? İranın İsrailə gözlənilən cavabı Yaxın Şərqdə uzunmüddətli sülh səylərinə və nüvə danışıqlarına necə təsir göstərə bilər? Regiondakı böhran, münaqişə daha da dərinləşə bilərmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Oktay Qasımov bildirib ki, İran tərəfi İsrailə yenidən hücum olunacağı barədə açıqlamalar verib.

Onun sözlərinə görə, yeni lider bununla bağlı orduya və inqilab keşikçilərinə konkret tapşırıqlar verib: “CNN-nin yaydığı məlumatlara görə, İran ordusuna məxsus yük avtomobilləri raketlərin daşınması ilə məşğul olur. Belə ehtimal edilir ki, bu zərbələr İraq ərazisindən də həyata keçirilə bilər. Yəni, İran bu raketləri həm öz ərazisindən, eyni zamanada daha böyük əksəriyyətini İraq ərazisindən və təbii ki, Livanda “Hizbullah”, Fələstində HƏMAS, Yəməndə husilər vasitəsilə kompleks halında İsrailə ata bilər. Bu, genişmiqyaslı əməliyyat hesab olunur. Təbii ki, İraq ərazisindən istifadə mümkündür. Hazırda İraq demək olar ki, böyük ölçüdə İranın nəzarəti altındadır. İraq hakimiyyəti və xüsuilə də ölkə siyasətinə təsir edən “xalqın səfərbərlik qüvvələri” adlanan qüvvələr, o cümlədən keçmiş baş nazir Nuri əl-Maliki və daxili işlər nazirliyinə nəzarət edən qruplar İran yönlülərdir. İraq parlamentinin 60 faizi İran tərəfdarı olan qüvvələrdən təşkil edilib. Bu baxımdan İraq ərazisindən bu əməliyyatlar həyata keçirilə bilər. Bununla da İran öz ərazilərini müəyyən qədər sığortalamış olar. Belə ki, İraq ərazisindən həyata keçirilən hücum əməliyyatlarına İsrail cavab verərkən, İrana məxsus qüvvələri və proksiləri hədəfə almaq məcburiyyətində qalcaq”.

Siyasi şərhçi vurğulayıb ki, bu əməliyyatın nə zaman keçiriləcəyini söyləmək çox çətindir: “Bu seçkilər günü də ola bilər, seçkilərdən sonra da ola bilər. Bununla bağlı hansısa dəqiq tarixi söyləmək mümkün deyil. Bunu ancaq İran rəhbərliyi dəqiq bilə bilər. Bütün hallarda İranın bu cür cavab tədbirlərinin həyata keçirilməsi ona hesablanıb ki, özünün bölgədə olan güc balansını qoruya bilsin. Çünki İsrailin əməliyyatları həm Livanda, həm Qəzza zolağında, eyni zamanda Yəmən husilərinə endirilən zərbələr ona hesablanıb ki, bölgədə İranın qüvvələrini mümkün qədər zəiflədib, İranı bölgədən sıxışdırıb çıxarsın. İran da buna müqavimət göstərir. Təbii ki, İran hal-hazırda İsraillə genişmiqyaslı əməliyyatlara girməkdə maraqlı deyil. Sadəcə olaraq cavab tədbirləri adlanan addımlar atmaqla bunu etmək istəyir. Bir az da bu, “danışıqlı döyüş” kimi də dəyərləndirilə bilər. Amma həqiqətən İran İsrailə qarşı açıq savaşa girsə, bu, Tehran üçün olduqca ağır nəticələrə gətirə bilər. Çünki hakimiyyətdə kimin olduğundan asılı olmayaraq, ABŞ bütövlüklə İsrailin tərəfində olacaq, onu müdafiə edəcək. Heç təsadüfi deyil ki, son dövrlər ABŞ-nin hərbi gəmiləri və qüvvələri bölgəyə göndərilib. Bunlar İrana qarşı  hansısa böyük əməliyyatlarda İsrailin yanında yer alacaq. İranın İsrailə qarşı hansısa genişmiqyaslı açıq savaşa girməsi əks tərəfin də eyni addımlar atmasına səbəb olacaq. İsrail də ağır cavab tədbirləri görəcək. Bu çərçivədə İranın daxilində artıq yalnız hərbi bazalar deyil, hətta nüvə obyektləri hədəfə alına bilər. Çünki ABŞ-nin İsrailə verə biləcəyi silahlar arasında məhz dərin bunkerləri vuran raketlərin də olduğunu bilirik. Eyni zamanda digər strateji obyektlər də vurula bilər. Bütün hallarda belə bir əməliyyatın həyata keçirilməsi bölgədə gərginliyi artıracaq”.

Nailə QASIMOVA

Избранный
34
medianews.az

1Источники