RU

Sakit okeanın suları BBC-nin günahlarını təmizləməyə bəs etməz

Bədxahlarımız sanki növbə ilə COP29-a görə bizdən qisas almağa çalışırlar

Bu beynəlxalq tədbir yaxınlaşdıqca Azərbaycanın bədxahları daha da quduzlaşır, bəhanə tapmaq üçün burunlarını hər yerə soxurlar. Yayılan xəbərlərə görə, Böyük Britaniyanın media orqanı BBC-nin Azərbaycan xidməti ölkəmizin cənub zonasında yaşayan talışlar arasında sorğu keçirib. Sorğu zamanı vətəndaşlara “talış dilində danışa bilirsiniz”, “bu dildən harada istifadə edirsiniz”, “övladlarınız talış dilində təhsil ala bilirlərmi” kimi suallar verilib.

"BBC-Azərbaycan”ın məhz indi bu sorğunu keçirməsi və COP29 ərəfəsində yayımlaması heç də təsadüfi deyil. Verilən sualların qərəzli və təxribat xarakterli olduğu dərhal görünür. Ancaq jurnalistin gözlədiyi cavabları ala bilmədiyindən niyyəti gözündə qalıb. Rəyi soruşulan vətəndaşlar səmimi və real cavablar veriblər. Ən diqqətçəkən cavab isə respondentlərdən birinin ”Talış dili mənim ana dilim, Azərbaycan türkcəsi isə dövlət dilimdir” ifadəsidir. Ən sərrast və qarşı tərəfin gözləmədiyi cavabdır.

Bütün dünya bilir ki, Azərbaycan multikultural ölkədir və burada tarixən heç bir etnik azlığa qarşı ayrı-seçkilik edilməyib və indi də edilmir. Əksinə, bütün etnik azlıqların mədəniyyəti vahid Azərbaycan mədəniyyətinin bir parçası hesab edilir. Etniklər öz dillərini də, folklorunu da, adət-ənənlərini də yaşadırlar. Dediyimiz kimi, Azərbaycan dünyada multikulturalizmin  nümunəsi kimi tanınır. Bunun ən real göstəricisi Şuşa şəhərində keçirilən “Xarıbülbül” festivalında və bayramlarda Azərbaycanda yaşayan bütün etnik azlıqların folklor və mədəniyyətinin nümayiş etdirilməsidir.

Talış toplumu Azərbaycanın bir parçasıdır. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük müharibə zamanı talış əsilli Azərbaycan vətəndaşları işğalçılara qarşı qəhrəmanlıqla vuruşaraq şəhid və qazi olublar. Onlar dövlətimizin orden və medalları ilə təltif ediliblər. Lakin görünən odur ki, Qərbdən yanlış təlimat alan dairələr talışları separatçı ermənilərlə səhv salırlar. Bu səhv də özünü BBC-nin soğrusunda göstərib.  Başqa böhtanlarla və qarayaxmalarla COP29 konfransını gözdən sala bilməyən bədxah dairələr indi də “Azərbaycanda talışlara qarşı etnik diskriminasiya edilir” təəssüratı yaratmağa cəhd göstərirlər. Əslində talışları bu və ya başqa formada qızışdırıb ölkə daxilində sabitliyi pozmaq planı hər zaman olub. Misal üçün, bu ilin mart ayında İranın Rəşt şəhərində İslam Azad Universitetində “Talış – İran mədəniyyəti  tarixinin aynasında” adlı konfrans keçirilib. Konfrans İranın Azərbaycanda etnik azlıqları, xüsusilə də talışları qızışdırmaq, onlara separatçı fikirlər aşılamaq məqsədi daşıyıb. Həmin konfransda əsas məruzəçi qismində çıxış edən separatçı Boris Talışinski adlı birisi özünü qondarma “talış muğan respublikası mühacir hökumətinin prezidenti” kimi təqdim edib. Təbii ki, o da qeybətçilərdən heç nə ilə fərqlənməyib. Unudub ki, bu gün Azərbaycanla yanaşı, İranda da talışlar yaşayır. Lakin BBC İranda belə sorğu keçirmir. Çünki bu, ona sərf etməz. Axı, İranda yaşayan talışlar ana dillərində təhsil almağı bir yana, danışmaqda belə sərbəst deyillər. Ümumiyyətlə, kürdlərlə, azərbaycanlılarla, ərəblərlə, bəluclarla müqayisədə İranda talışların sayı az olduğu üçün onları bir xalq, etnos olaraq saymırlar. Lakin bu faktlar dilə gətirilmir. Aydın görünür ki,  “BBC-Azərbaycan”ın COP29 ərəfəsində apardığı bu lazımsız sorğu qərəz və təxribatdır.

Haqq-ədalətin yoxa çıxdığı müasir dünyada bu, təəccüblü deyil, hər kəsdən hər şey gözləmək olar. “Özünə umac ova bilməyən” BBC qoy Böyük Britaniyanın müstəmləkələrində belə sorğu keçirsin. Hətta Hindistan kimi böyük bir ölkədə hoqqabazlıqlarından, məzlum millətlərin dilini necə yasaq etdiklərinə, onların haqq və hüquqlarını necə kobudcasına pozduqlarına dair rəy sorğuları keçirəydi. Heç uzağa getməsin, qulağının dibindəki Amerikada "ağ adamların" yerli hindu tayfalarını amansızcasına qırdıqlarını, onlara soyqırımı dəhşətlərini necə yaşatdıqlarını soruşsun. Özünü sivil, mədəni adlandıranlar, öz vəhşiliklərindən utanmayıb başqalarına ədalət dərsi keçənlər özlərini heç də hegemon kimi aparmasınlar. Onlar dünyanın ən kəskin utancını haqq etmişlər. Geyindikləri insan maskasının altından canavar sifəti görünən bəşər düşmənlərinin saya-hesaba gəlməyən günahlarını Sakit okeanın suları da təmizləməyə bəs etməz. Qəbahətini qanmaq yaxşı şeydir. Təəssüf ki, öz adının yanına Azərbaycan sözünü də yamaq etmiş BBC  siçovul kimi altdan-altdan kəsməkdənsə çirkin əməllərinə düzəliş etsə daha yaxşı olar. Abır-həya yaxşı şeydir, cənablar! Heç olmasa, iyirmi birinci əsrdə abrınız-həyanız olsun!

Vəli İlyasov, "İki sahil"

Избранный
61
ikisahil.az

1Источники