RU

Əqli mülkiyyət və innovasiyalar “yaşıl” gələcək naminə

Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması istiqamətində önəmli layihələr həyata keçirilir. Bu, ölkədə energetika infrastrukturunun tam yenilənməsi, enerji təminatının yüksək səviyyədə və təhlükəsiz şəraitdə təmin edilməsi, sahəyə məqsədli investisiya qoyuluşu və digər fəaliyyətlərdə öz əksini tapır. Bütün bunların nəticəsində hazırda Azərbaycan enerji transformasiyası sahəsində lider dövlətlərdən biri kimi diqqət çəkir. Məhz bu səbəbdən də COP29 sessiyasının Bakıda keçirilməsi təsadüfi xarakter daşımır və bu nüfuzlu layihənin ölkəmizdə gerçəkləşməsi Azərbaycanda innovasiyaların inkişaf strategiyasının məntiqi nəticəsidir.

Qeyd edək ki, iqlim dəyişmələrinin ortaya çıxardığı fəsadların azaldılması və “yaşıl” enerjidən geniş miqyasda istifadə edilməsi rəqəmsal dünyada “yaşıl” texnologiyaların tətbiqindən, innovasiyaların inkişafının diqqət mərkəzində saxlanılmasından və dəstəklənməsindən və bu istiqamətdə davamlı tədqiqatların aparılmasından asılıdır.

Şübhəsiz ki, 29-cu iqlim konfransında da bütün bunlarla bağlı geniş müzakirələr aparılacaq və iqlim dəyişikliyi ilə mübarizədə “yaşıl” enerjinin gələcək inkişafında innovasiyaların mühüm rolu diqqətə çatdırılacaq, “yaşıl” ideya təşəbbüsünə böyük dəstək veriləcək, elmin innovativ tərəflərindən çıxış edərək “yaşıl” texnologiyaların “yaşıl” ideyalarla birləşməsini şərtləndirən məsələlər – əqli mülkiyyətə əsaslanan innovativ həllərin tətbiqi və qabaqcıl təcrübələrin mübadiləsi, habelə iqlim dəyişiklikləri və dünya miqyasında patent fəaliyyəti ilə bağlı məsələlər önə çıxarılacaq.

Bütün bunlarla bərabər, 29-cu iqlim konfransında əqli mülkiyyətə əsaslanan innovasiyaların “yaşıl” gələcəkdəki rolu ətrafında söhbət açılacağı, milli iqtisadiyyatın hərəkətverici qüvvəsinə çevrilən əqli mülkiyyətin təklif etdiyi iqlim dəyişikliklərinin təsirini azalda biləcək bir çox texnologiyalar barədə danışılacağı, iqlim dəyişikliyinin təsirləri ilə mübarizədə ekoloji cəhətdən təmiz texnologiyaların təşviqi və texnologiyaların sürətli yayılması zəruriliyinə də toxunulacağı gözlənilir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov qəzetimizə müsahibəsində bütün bu məsələlərlə bağlı fikirlərini bölüşür.

– Mütəxəssislər iqlim dəyişikliyi ilə mübarizədə təkcə siyasi iradənin deyil, həm də qabaqcıl texnologiyaların da mühüm rol oynadığını, bu baxımdan əqli mülkiyyət hüquqlarının qorunmasının əsas şərtlərdən biri olduğunu bildirir və Əqli Mülkiyyət Agentliyinin müvafiq istiqamətdə həyata keçirdiyi tədbirlərə yüksək qiymət verirlər. Bu barədə fikirlərinizi oxucularımızla bölüşməyiniz maraqlı olardı.

– Əvvəlcə onu deyim ki,“yaşıl” gələcəyin təmin olunmasında innovasiyaların aparıcı rolu və əqli mülkiyyətin onun fundamentində cəmləşdirməsi nəzərə alınaraq, gələcəyimizin nə qədər “yaşıl” olacağı bizim hazırkı iradəmizdən, məsuliyyətimizdən, qəbul etdiyimiz hər bir qərardan asılıdır. Çünki məhz bu amillər sabahkı həyatımızı müəyyənləşdirir. Kollektiv təcrübəyə, ixtiraçılığa və kreativliyə əsaslanaraq, insan cəmiyyəti “yaşıl” gələcək yaratmağa qadirdir.

Müasir dünyada “Yaşıl innovasiya”, “Yaşıl texnologiya”, “Yaşıl patent”, “Yaşıl enerji” kimi anlayışlar artıq populyar və aktual mövzulardır və təsadüfi deyildir ki, Qlobal İnnovasiya İndeksi üzrə Hesabatlarda innovasiyaların enerji mənbəyi kimi vacib rolu vurğulanır.

Proqnozlara görə, 2040-cı ildə ənənəvi enerji istehlakı üsulları ilə dünyanın enerjiyə tələbatı 30 faizdən çox artacaq və bununla əlaqədar iqlim də prinsipial dəyişikliklərə məruz qalacaq. Və qarşıdakı illərə qədəm qoyarkən, biz dünyada baş verən iqlim dəyişiklərinin – qasırğalar, daşqınlar, quraqlıqlar və təbiət yanğınlarının təsirini çox aydın hiss etmişik, törətdiyi acı nəticələr ilə rastlaşmışıq.

Qrenlandiyada buz örtüyünün 1990-cı ildəkindən 7-8 dəfə daha sürətlə əridiyi bir vaxtda su qıtlığı ilə bağlı problemlər dünya əhalisinin dörddə birini təhdid edir, NASA-nın məlumatına görə isə 2010-cu ildən bəri son 10 ildə planetimiz 5 ən isti illərini yaşamışdır. Odur ki, iqlim böhranının aradan qaldırılması dayanıqlı “yaşıl” gələcəyin qurulması deməkdir.

“Yaşıl” gələcəyi arzulayan bəşər cəmiyyətini quranların ilk sıralarında ixtiraçılar və müəlliflər durur. Həmin şəxslər yanacağı qida və təbii resursların daha səmərəli idarəetmə sisteminə əsaslanan ənənəvi texnologiyalarla daha “təmiz” alternativlər yaratmaq üzərində çalışan insanlardır. Bu da, öz növbəsində, onu göstərir ki, davamlı milli innovasiya sistemlərinin yaradılmasına və səmərəli milli əqli mülkiyyət sistemlərinə əlçatanlığın reallaşdırılmasına yönəlmiş səylərin bundan sonra da davam etdirilməsi vacibdir.

Patent sistemi innovasiyaları və iqtisadi texnologiyaların yayılmasını dəstəkləyir, yaradıcı müəllif təfəkkürü və sənaye nümunələrinin qorunması mexanizmləri isə faydalı, cəlbedici və səmərəli məhsulların yaradılmasında resurslardan optimal istifadəyə və yayılmasına kömək edir. Əmtəə nişanlarının və digər fərqləndirici nişanların qorunması sistemi müəssisələrin artmasına təsir göstərir və iqtisadiyyatın inkişafını dəstəkləyir, coğrafi göstəricilər ehtiyatların dayanıqlı istehlakına yardım edir, seleksiya hüquqları isə daha davamlı bitki sortlarının yetişdirilməsinə kömək edir və bununla da ərzaq təhlükəsizliyinə təsir göstərir.

Nəhayət, müəlliflər və müəllif hüququnun sahibləri “yaşıl” gələcək konsepsiyasının yaradılmasında mühüm rol oynayır, əsərlərində “yaşıl” gələcəyi təbliğ edir. Eyni zamanda biznes nümayəndələri – innovativ müəssisələr özlərinin innovativ məhsulları ilə bizi “yaşıl” gələcəyə yaxınlaşdırırlar.

İqlim problematikasının, iqlimin dəyişməsi məsələlərinin əsasında Təbiət və Zəkanın maraqları toqquşmayan, ziddiyyətli olmayan mövqedən irəli gələn yeni ekoloji düşüncə və şüur durur. Bu, ilk növbədə, akademik N.Moiseyevin dediyi kimi, “ekoloji imperativ”dir, yəni, sadəcə olaraq təbiət qanunları ilə hesablaşmağın obyektiv zəruriliyi ilə yanaşı, təbiət tərəfindən irəli sürülən “texniki şərtlər”i də nəzərə almaq vacibliyidir. Bu cür yanaşma texnokratik yanaşmaya əks olan, ilk növbədə, insan ölçüsü olan yanaşmadır.

“Ekoloji imperativ”də təbiət – elmi və humanitar yanaşmalar ilə vəhdət təşkil edir və bu səbəbdən həmin imperativin qəbulu “əxlaq–mənəviyyat imperativi”nin qəbulu deməkdir. Bu mövqedən çıxış edərək, bir daha qeyd olunmalıdır ki, antropogen fəaliyyət və əqli fəaliyyət nəticələri ekoloji problemin kəskinliyini yaradıbsa, insan zəkası da həmin problemin həllini tapacaq.

BMT bunu əsas götürərək, 5 iyun tarixini Beynəlxalq Ətraf Mühit Günü elan etmişdir. BMT-nın İqtisadi Əməkdaşlıq Təşkilatının “Yaşıl artım” Bəyannaməsində qeyd olunduğu kimi, yeni təfəkkür davamlı iqtisadi artımın və ətraf mühitin sağlamlaşdırılmasının qırılmazlığına kömək edəcəkdir. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) isə ekoloji problematikanı prioritet seçərək, 2009-cu ildə 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Gününü “Yaşıl innovasiyalı dəstək” devizi altında keçirmişdir.

Ümumdünya Meteorologiya Təşkilatının sabiq Baş direktoru cənab Mişel Jarrodun qeyd etdiyi kimi, əqli mülkiyyət iqlim məsələlərinin həllində maneə yox, katalizator olmalıdır. ÜƏMT-nın sabiq Baş direktoru Frensis Qarri də ekoloji təmiz texnologiyaya və bərpaolunan enerji mənbələrinə keçməyimizdə əqli mülkiyyətin böyük rolunun olmasını xüsusi qeyd etmişdir.

İqlim dəyişməsi məsələləri Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin daim diqqət mərkəzində olmuşdur. 2009-cu il iyulun 13-də təşkil olunmuş beynəlxalq konfransdakı çıxışlarda xüsusi vurğulanmışdır ki, bütün kasıb və varlı ölkələr iqlim dəyişikliyinin nəticələrinə məruz qalır və bununla bağlı dövlət siyasətinin məqsədlərinə əqli mülkiyyətin xüsusi töhfəsi mümkündür.

2010-cu ildə Müəllif Hüquqları Agentliyi (hazırda Əqli Mülkiyyət Agentliyi) İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı ilə birgə “Ətraf mühit və əqli mülkiyyət” mövzusunda elmi-praktik seminar keçirmiş və seminarın materialları dərc edilərək yayılmışdır. Bundan başqa, 2020-ci ildə koronavirusla bağlı tədbirlərin keçirilməsi məhdudiyyəti nəzərə alınaraq, 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə ÜƏMT tərəfindən elan edilmiş “İnnovasiyalar “yaşıl” gələcək naminə” devizi ilə bağlı Əqli Mülkiyyət Agentliyi müraciət hazırlamış və kütləvi informasiya vasitələrində yaymışdır. Bütün bunların əsasını dövlət başçımızın ardıcıl addımları təşkil edir.

– Azərbaycanın COP29-a sədrlik etməsi ölkəmizin beynəlxalq nüfuzu baxımından mühüm önəm daşıyır. İqlim konfransının respublikamızda keçirilməsi qərarının yekdilliklə verilməsi, ilk növbədə, dövlətimizə, Prezident İlham Əliyevə olan böyük etimadın, inamın və onun yüksək nüfuzunun göstəricisidir. Azərbaycan bu hörməti əməli fəaliyyəti, müstəqil siyasəti, prinsipial mövqeyi, beynəlxalq hüquqa olan sədaqəti ilə əldə edib.

– Dövlət başçımızın 2023-cü il dekabrın 15-də 29-cu iqlim konfransına həsr olunmuş toplantıda dediyi kimi, bu nüfuzlu beynəlxalq tədbirin keçirilməsinə “biz layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməllərimizlə, işimizlə, siyasətimizlə qazanmışıq”. Bəli, bu, cənab Prezidentin yürütdüyü siyasətin məntiqi nəticəsi, biliyinə və cəsarətinə, kamilliyinə və müdrikliyinə əsaslanan uzaqgörənliyidir.

Prezident vəzifəsinə seçildiyi ilk vaxtlardan dövlətimizin başçısı “yaşıl” enerji siyasətini diqqətdə saxladı, 2004-cü ildə isə alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə dövlət proqramını təsdiq etdi. Həmin zaman kəsiyini xatırladaq: ərazimizin 20 faizinin işğal altında olması, 1 milyona yaxın qaçqın və məcburi köçkünün məskunlaşma durumu, torpaqlarımızı azad etmək üçün hərbi quruculuq problemi, 35 faizlik yoxsulluq səviyyəsi... Bütün bunlar həllini gözləyən və bu gün də həll olunan həyati vacib məsələlər idi.

Bu problemlərin iqtisadi bazası, əsas maliyyə mənbəyi uğurla həyata keçirilən neft strategiyası idi. Həmin vaxt Azərbaycan öz enerji ehtiyaclarını təmin etmişdi, hətta neft və qaz ixracatçısı kimi tanınmış dövlət idi. Belə ki, enerjinin alternativ imkanlarına və mənbələrinə ehtiyacımız yox idi. Təsdiq olunan dövlət proqramı isə məcburi deyil, düşünülmüş, gələcəyə yönələn atılmış uğurlu addım idi. Həmin addımın uzaqgörənliyini təsdiqləyən sonrakı ardı da oldu: 2009-cu ildə Sənaye və Energetika Nazirliyində Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yarandı.

Cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclaslarında çıxışlarını sadalananlara əlavə etsək, görərik ki, dayanıqlı inkişafa, insan potensialının səmərəli istifadə edilməsinə, o cümlədən bakalavr, magistr, elmi dərəcələrə aid olan yeni ixtisasın – “Davamlı inkişafın idarə edilməsi”nin təsdiqlənməsi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inklüziv inkişaf mərkəzlərinin yaradılması – bütün bunlar öncədən düşünülmüş, gələcəyə, davamlı inkişafa yönəldilmiş ardıcıl tədbirlər sistemi idi.

2010-cu il Azərbaycanda Ekologiya ili, bu il – 2024-cü il isə “Yaşıl dünya naminə həmrəylik” ili elan edilmişdir. Odur ki, bugünkü COP29-un keçirilməsi və bizim enerji transformasiyasındakı uğurlarımız həmin uzaqgörənliyin nəticəsidir.

Beləliklə, COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın “yaşıl” enerji siyasətinə qlobal dəstəyi ifadə edir, “yaşıl” enerji növlərinin yaradılmasını və “yaşıl” enerjinin dünya bazarlarına nəqlini enerji siyasətinin yeni prioritet istiqaməti kimi göstərir. Azərbaycanın bərpaolunan enerji potensialı çox yüksəkdir. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının Azərbaycanda 30 faizə çatdırılması gözlənilir. Statistik göstəricilərə görə, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır, dağ çaylarının potensialı isə 520 meqavat həcmində qiymətləndirilir.

Enerji transformasiyası ilə bağlı ölkəmiz mühüm işlər aparıb. Həmin işləri qiymətləndirmək məqsədilə beynəlxalq statistikaya müraciət edək: 2023-cü ilin Dünya İqtisadi Forumunun hesabatına əsasən, 120 ölkəyə aid enerji keçidi indeksləri müəyyən edilib. Belə ki, ölkəmiz öz indeksinin 62-yə bərabər olması ilə dünya reytinqində 32-ci yeri tutub və bir sıra inkişaf etmiş ölkələri, o cümlədən G7, Avropa İttifaqına və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına daxil olan ölkələri (məsələn, Litva, Yunanıstan, İtaliya, Polşa, Belçika, Slovakiya, Çexiya, Bolqarıstan) üstələyib. Bu göstəriciyə görə, Azərbaycan neft və qaz istehsalçıları və idxal edən ölkələr sırasında liderdir.

Beynəlxalq statistika əsasında akademik Urxan Ələkbərovun araşdırmaları göstərir ki, enerji keçidi indeksi bir neçə göstəricilər əsasında formalaşır və bunlardan ən vacibi enerjinin istifadəsi səmərəliliyi indeksidir, yəni, enerjinin bir vahidi hesabına, təxminən, 11,9 kVt/saata bərabər olan neftin bir kiloqramındakı istifadəsi nəticəsində yaradılan ÜDM-in həcmi səviyyəsidir.

Azərbaycanda alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla, bir vahid enerji istifadə edildiyi halda, ÜDM-in dəyəri 11,6 dollardır, özü də əgər 2004-cü ildə bu göstərici 4 dollara bərabər idisə, 20 il ərzində 3 dəfə artaraq, Xəzəryanı ölkələrdən savayı Kanada, ABŞ və Fransanı geridə qoyub.

– Kamran müəllim, bəs enerji keçidi indeksinin yüksək nəticəsi hansı xərclər hesabına əldə edilib?

– Qeyd edim ki, bu məqsədlə ÜDM-in bir vahidinin, yəni 1000 dolları alıcılıq qabiliyyəti pariteti ilə istifadəsi nəticəsində yaradılmış enerji keçidi indeksinin dəyəri müəyyən edilir. Azərbaycanın həmin göstəricisi 2,62-yə bərabərdir. Bu isə Azərbaycanın enerji keçidi indeksinin formalaşmasının maddi resursların optimal idarə edilməsi və xərclənməsi ilə bağlı olması deməkdir. Dünya birincisi olan İsveç enerji indeksinin hər vahidinin formalaşmasına Azərbaycandan 2 dəfədən, ABŞ isə 3 dəfədən çox vəsait sərf edir.

Gördüyünüz kimi, yaranan iqlim dəyişiklikləri ilə bağlı problemin əsasında dayanan da, onun həllinin açarı da enerjidir. Həmin tezisi açıqlamaq məqsədilə 2023-cü ildə “Green Technology Book. Solutions for climate change mitigation” (“Yaşıl texnologiyalar kitabı. İqlim dəyişikliyinin qarşısını alan həllər”) və BMT-nin digər beynəlxalq statistikasına müraciət edək. Qeyd edilir ki, qalıq yanacaq növləri olan kömür, neft və qaz – qlobal iqlim dəyişikliyinə daha çox arzuolunmaz töhfə verir, qlobal istixana qazları emissiyalarının 75 faizdən çoxunu və bütün karbon qazı emissiyalarının təxminən 90 faizini təşkil edir.

Bu gün atmosferdə olan CO2 konsentrasiyaları, 1750-ci ildə olandan, təxminən, 50 faiz yüksəkdir ki, bu da ən azı son 800 min ildə baş vermiş təbii dəyişikliklərdən daha da üstündür.

Nə qədər vəziyyət mürəkkəb olsa da ÜƏMT nikbin, optimist baxışını yayaraq, “Yaşıl kitab”ında qeyd edir ki, “2030-cu il iqlim hədəflərinə çatmaq üçün ehtiyacımız olan texnologiyaların 80 faizi (daha çoxu yeni yaranmaqla) artıq bazardadır. Hökumətlər və şəhərlər iqlim dəyişikliyinin azaldılması texnologiyalarını sürətlə inkişaf etdirməli və miqyasını genişləndirməlidirlər. Bununla belə, indi texnologiya seçimi hər zamankından daha vacibdir. Sadəcə olaraq, mövcud sistemləri optimallaşdırmaq iqlim məqsədlərinə çatmaq üçün kifayət etməyəcək”. Əsas odur ki, iqlim texnologiyaları qalıq yanacaqdan imtina etmədən səmərəsizdir. Beləliklə, qalıq yanacaqların tədricən ləğvi bir çox iqlim texnologiyalarının müvəffəqiyyəti və səmərəliliyi üçün yalnız stimul deyil, həm də ilkin şərtdir.

– İqlim dəyişikliyi ilə əlaqədar ümumi vəziyyətlə bağlı fikirlərinizi də bilmək istərdik.

– İnsan fəaliyyəti nəticəsində yaranan karbon qazı kimi istixana qazları, 1850-ci ildən 1900-cü ilə qədər təxminən 1,1°C istiləşməyə səbəb olub. Bu hal iqlim dəyişikliyinin, o cümlədən insan və təbiətə iri miqyasda ziyan vuran kəskin hava şəraitinin yaranması ilə nəticələnib.

Əgər qlobal istiləşmə sənayedən öncəki dövr ilə müqayisədə 1,5°C-dən çox olarsa, daha çox isti dalğalar, daha uzun isti mövsümlər və daha qısa soyuq mövsümlər müşahidə olunacaq. Qlobal istiləşmə 2°C artsa, kəskin istiləşmə kritik dözümlülük hədlərini daha tez keçərək kənd təsərrüfatı və insan sağlamlığı üçün dağıdıcı nəticələrlə müşahidə ediləcək. Külək, qar, buz, sahil zonaları və artan quraqlıq və rütubət dəyişiklikləri müxtəlif bölgələrə fərqli təsir göstərəcək.

Hazırda hər il havanın çirklənməsi səbəbindən 8,7 milyondan çox insan həlak olur.

Elmi məlumatlar sübut edir ki, iqlim dəyişikliyinin mənfi təsirlərindən yayınmaq üçün 2030-cu ilə qədər tullantıların sayının 2 dəfəyədək azaldılması və 2050-ci ilə qədər bu göstəricinin sıfır həddinə çatdırılması zəruridir.

Dünya əhalisinin təxminən 80 faizi qalıq yanacaqların xalis idxalçısı olan ölkələrdə yaşayır, təxminən, 6 milyard insan isə digər ölkələrin qalıq yanacaqlarından asılıdır və buna görə də geosiyasi zərbələrə və böhranlara qarşı həssasdır. Halbuki qalıq yanacaqlardan fərqli olaraq enerjinin bərpaolunan mənbələri hər bir ölkə üçün əlçatandır. Yəni qalıq yanacaqdan fərqli olaraq bərpaolunan enerji mənbələri bütün ölkələrdə mövcuddur.

Qalıq yanacaq, əvvəllər olduğu kimi, dünya enerji istehsalının 80 faizdən çoxunu təşkil edir, lakin daha təmiz enerji mənbələri də tədricən öz mövqeyini yaxşılaşdırır. Hazırda elektrik enerjisinin, təxminən, 29 faizi bərpaolunan mənbələrdən əldə edilir.

2030-cu ilə qədər bərpaolunan enerji mənbələrindən əldə olunan ucuz elektrik enerjisi dünya üzrə elektrik təchizatının 65 faizini təmin edə bilər. Bu hal 2050-ci ilə qədər enerji sektorunun 90 faizədək karbonsuzlaşdırılmasına, karbon emissiyalarının miqdarının əhəmiyyətli dərəcədə azaldılmasına və iqlim dəyişikliyinin təsirlərinin yaxşılaşdırılmasına töhfə verəcək.

Bərpaolunan enerji mənbələrinə qoyulan hər bir dollarlıq sərmayə qalıq yanacaq sənayesinə qoyulan sərmayələrdən 3 dəfə çox iş yeri açmaq imkanı yaradır. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına əsasən, tullantıların sıfır həddinə çatdırılması enerji sektorunda ümumi iş yerlərinin artmasına gətirib çıxaracaq: 2030-cu ilə qədər mədən yanacağı istehsalı sahəsində, təxminən, 5 milyon iş yeri itirilə, eyni zamanda, təmiz enerji sahəsində isə əksinə, iş yeri sayları, təxminən, 14 milyon arta və nəticədə xalis artım 9 milyon təşkil edə bilər.

(ardı var)

Müsahibəni apardı:
Vaqif BAYRAMOV
XQ

Избранный
59
xalqqazeti.az

1Источники