RU

Qalib Azərbaycanın Zəfər dolu günləri

Keçən il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxış edən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirdi ki, Azərbaycan bütün dövrlərdə sülhün tərəfdarı kimi çıxış edirdi. Əgər Ermənistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici qüvvələr Azərbaycan Prezidentinin sözlərinə qulaq assaydı, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi.

4 il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə torpaqlarımız işğalçılardan azad edilsin. Ölkə başçı vurğuladı ki, biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq. Bu tarixi zəfər təkcə Azərbaycan xalqının 30 illik işğal altında qalan əzəli torpaqlarının azadlığa qovuşması tarixi deyil. Bu tarixi zəfər, həm də qüdrətli Azərbaycan ordusunun dünya hərb tarixinə qızıl hərflərlə həkk edilən döyüş dastanıdır. Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz ölkədə ordu quruculuğu istiqamətində aparılan islahatların, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qətiyyətinin məntiqi nəticəsi idi. İndi Azərbaycan Bayrağı təkcə Şuşada deyil, işğaldan azad olunmuş bütün ərazilərdə, Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə dalğalanır. Bu Zəfərin müəllifi Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimizdir. Azərbaycan xalqı Vətənin mübariz və qəhrəman övladları ilə fəxr edir. Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Vətən müharibəsinin ən kritik mərhələsi – Şuşanın azad olunması üçün aparılan qanlı əməliyyat dünyanın ən güclü ordulara sahib olan fövqəldövlətlərinin heyrətinə səbəb olmuşdu. Almaniya, ABŞ, İngiltərə mediası Şuşa əməliyyatı barədə yazırdı. Ordumuzun Şuşa zəfəri Avropanın aparıcı hərbi institutlarında, tətqiqat mərkəzlərində öyrənilirdi. Bəli, öz xalqının iradəsi ilə əzəli torpaqlarını erməni faşizmindən qurtarmaq üçün cəngəvar kimi döyüşən əzəmətli Azərbaycan Ordusu dünya hərb tarixinə Şuşa dərsini yazdı. Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi və həmin vaxt Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması Azərbaycanın şüurlu seçimi idi.
44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan qaytarılsın. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi və Azərbaycanın tələbi idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdür.
Azərbaycan Prezidenti İlham Əliyev keçəm il 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında tarixi qələbəmizə diqqət çəkərək, Şuşa zəfəri barədə danışıb: “Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi və bir gün sonra kapitulyasiya aktına imza atdı, biz də müharibəni dayandırdıq. O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi və bu gün bizim, bax, burada – Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi.” Bəli, Şuşanın geri qaytarılması Vətən müharibəsində qələbənin əldə olunmasında həlledici rol oynadı. Onun azad olunması əməliyyatı da Böyük Vətən müharibəmizin zirvə nöqtəsidir. Nəhayət, 2020-ci ilin noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir azərbaycanlı üçün müqəddəs sayılan bir məkandan – Şəhidlər Xiyabanından Şuşanın işğaldan azad edilməsi ilə bağlı xoş müjdəni xalqımıza çatdırdı. Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində tarixi çıxış etdi.
Qalib Azərbaycanın Zəfər dolu günlərinin biri-birini əvəzləməsi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Bütün azad edilmiş ərazilərimizdə dalğalanan üçrəngli bayrağımız kimliyimizin, milli qürurumuzun təqdimatıdır. Atılan hər bir addım, yazılan hər bir Zəfər səhifəsi belə bir reallığın təsdiqidir ki, bu torpaqların əsil sahibi kimi burada daimi olacaq və qurub yaradacağıq.
Keçən il sentyabr ayında keçirilmiş antiterror tədbiri bir gündən də az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Bir sözlə, Azərbaycan xalqı tarixi ədaləti və keçən il sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdi.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru

Избранный
25
50
moderator.az

10Источники