RU

Separatçını ”əsir” gözündə görən 52 avropalı...

Avropa Parlamentinin 52 üzvü Azərbaycanı erməni “hərbi əsirləri” dərhal azad etməyə, Qarabağda “erməni” mədəni irsinin qorunmasına zəmanət verməyə və Azərbaycan silahlı qüvvələrini Ermənistanın “işğal olunmuş” ərazilərindən çıxarmağa çağıran sərsəm bəyanat imzalayıb.

Avropa Parlamentinin deputatları Qarabağda keçmiş qondarma rejimin separatçı rəhbərlərini “hərbi əsir” kimi təqdim edib. 

Bəyanatda, həmçinin qeyd olunur ki, guya Azərbaycan Ermənistana təhdid edir. Avropalı parlamentarilər Aİ Komissiyasını, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsini Avropa Parlamentinin qəbul etdiyi qətnamələri nəzərə almağa və onların ruhuna uyğun hərəkət etməyə çağırıb. 

Ermənistanın Azərbaycana qarşı otuz illik təcavüzkar siyasətini, Qarabağda erməni işğalçıları tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmənin həyata keçirilməsini görməzdən gələn Avropa Parlamentinin deputatları heç bir əsas və sübut olmadan Azərbaycanı ittiham edirlər. 

Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasın sədri Arzuxan Əlizadə “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Avropa Parlamenti deputatlarının bəyanatı riyakarlıqdan başqa heç bir mahiyyət daşımır: 

“Avropa Parlamentinin bir qrup deputatı növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. Təəssüf ki, avropalı “siyasətçilər” hansı addımı atdıqlarını anlamırlar. Onlar Azərbaycana qarşı bu cür mövqe sərgiləməklə beynəlxalq hüququn normalarına da qarşı çıxmış olurlar. 

Onların bu cür davranışları Avropa Parlamentinin param-parça olmuş nüfuzuna daha da ciddi xələl gətirir. Avropa Parlamentinin deputatları son otuz il ərzində Azərbaycanın ərazilərində erməni işğalçıları tərəfindən şəhərlərin, kəndlərin və qəsəbələrin yerlə-yeksan edilməsini, dini, mədəni və tarixi abidələrimizin yer üzündən silinməsini, məscidlərimizin və qəbiristanlıqlarımızın dağıdılmasını, o cümlədən təbii sərvətlərimizin talanmasını, meşələrin qırılmasını nəzərə almayıblar. Erməni işğalçılarının bütün cinayətlərinə göz yumublar. BMT-nin qətnamələrinə, AŞPA-nın qətnamələrinə və qərarlarının icrasına görməzdən gəliblər”.

Deputat bildirib ki, Azərbaycanın öz gücü və daxili imkanları hesabına öz ərazilərini işğaldan azad etməsi avropalı parlamentarilərində qorxu yaradıb:

“Tarix boyu böyük güc mərkəzləri tərəfindən istifadə olunmuş ermənilərdən yararlanmaqla Azərbaycana təzyiqlər etmək və regionda öz maraqlarını həyata keçirmək istəyirlər”. 

Deputatın sözlərinə görə, avropalı siyasətçilər Azərbaycanın regionda söz sahibə çevrilməsini həzm edə bilmirlər:

“Avropa Parlamenti deputatlarının Azərbaycana və Türkiyəyə qarşı qərəzli, riyakar mövqeyinin arxasında xristian təşəbbüskeşliyi, islam və türk düşmənçiliyi durur. Onların əsas məqsədi Azərbaycana təzyiqlər yolu ilə hər hansı formada geri çəkməyə vadar etməkdir. Bu isə heç bir zaman baş tutmayacaq. Azərbaycan daha da güclənəcək”. 

A.Əlizadə vurğulayıb ki, Avropa Parlamentinin COP29 ərəfəsində Azərbaycana qarşı qətnamə və bəyanatları təəccüb doğurmur:

“Azərbaycanın bu cür mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi dünya ictimaiyyətinin diqqətini ona yönəldib. 

Azərbaycanın diqqət mərkəzində olmasından istifadə edərək daha çox üzərimizə gəlirlər. Azərbaycanın beynəlxalq nüfuzuna zərər vurmağa çalışırlar”. 

Sonda A.Əlizadə bildirib ki, Azərbaycanın razılığı olmadan regionda heç bir layihə həyata keçirilə bilməz:

“Avropa Parlamentinin, o cümlədən Qərbdəki digər müəyyən dairələrin anti-Azərbaycan kampaniyası heç bir nəticə verməyəcək. Azərbaycan regionda sülh və sabitliyin təminatçısıdır, qonşu ölkələrlə bərabərhüquqlu münasibətlərin qurulmasına çalışır”. 

Избранный
39
1
cebheinfo.az

2Источники