RU

“Cərraha heç kimin irad tutmağa ixtiyarı yoxdur” - SƏRT AÇIQLAMA

Bir neçə gündür ki, Azərbaycanda plastik cərrah və kosmetoloq kimi fəaliyyət göstərən həkimlərlə bağlı paylaşımlar edilir. ABŞ-yə köçən aparıcı Qənirə Ataşova bir sıra iddialar irəli sürüb, 50 həkimin saxta yolla diplom aldığını və ya adi sertifikatlarla bu işlə məşğul olduğunu iddia edib.

Ataşova “Saxta yolla plastik cərrahiyə diplomu alanlar” başlıqlı siyahı da paylaşıb.

“2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunur. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməz. Amma təqdim etdiyim siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb. Sual yaranır, bəs necə oldu ki, bu adamlar bir gecədə estetik cərrah oldular?!”, - deyə Qənirə Ataşova paylaşımında yazıb. O, Səhiyyə Nazirliyinin ünvanına da ittihamlar səsləndirib.

Səhiyyə Nazirliyinin məsələ ilə bağlı açıqlaması gecikməyib.

Belə ki, nazirliyə tabe qurum, Analitik Ekspertiza Mərkəzindən qeyd edilib ki, plastik cərrahiyyə ixtisası üzrə qeyri-qanuni fəaliyyət göstərən şəxslər barədə Analitik Ekspertiza Mərkəzi tərəfindən (bundan sonra Mərkəz) 25 dekabr 2023-cü il tarixindən 23 fevral 2024-cü il tarixinədək araşdırma və nəzarət tədbirləri görülüb:

“Eyni zamanda bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən də müvafiq araşdırma həyata keçirilib.

Siyahıda adları göstərilən şəxslərin qeyd olunan müəssisələrdə fəaliyyətlərinin araşdırılması məqsədi ilə ümumilikdə 35 plandankənar (növbədənkənar) yoxlama aparılıb, aidiyyəti üzrə şəxslərin fəaliyyəti hər bir müəssisədə ayrıca araşdırılaraq müvafiq tədbirlər görülüb. Yekun olaraq, bir neçə müəssisədə adları qeyd olunan şəxslər müəyyən olunmayan, bəzi hallarda əmək müqavilələrinə artıq xitam verildiyi müəyyən edilən, 14 müəssisədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə intizam tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilib. Bir neçə halda fəaliyyəti aşkar olunan şəxslərin həmin müəssisələrdə fəaliyyətinə xitam verilib və ümumilikdə bütün müəssisə rəhbərliklərinə bu istiqamətdə xəbərdarlıq edilib. Mərkəzin səlahiyyətlərinə aid olmayan müəssisələrdə və məlumat natamam olan (və ya qeyri-müəyyən olan) hallarda araşdırma aparılmayıb. Məsələ daimi nəzarət altındadır. Yeni faktlar olduğu halda nəzarət tədbirləri görüləcək.

Vətəndaşlar özəl tibb müəssisələrində qarşılaşdıqları mənfi hallarla əlaqəli şikayətləri Analitik Ekspertiza Mərkəzinin “qaynar xətt” (596 05 20) nömrəsinə, www.pharma.az saytının “Müraciət”  bölməsinə və ya aem@pharma.az elektron ünvanına bildirsinlər”.

Plastik cərrah Elşən Nəsibov mövzu ilə bağlı Musavat.com-a fikirlərini açıqlayıb.

CERRAH.jpg

O deyib ki, adları çəkilən həmin cərrahları əksəriyyət tanıyır:

“Siyahıda olan həkimlərin yetərincə işləri var. Onların çoxu ixtisasca cərrahdır. Əslində uzun illər bu işlə məşğul olubsa, onların plastik əməliyyat etməyə ixtiyarı da var. O zaman nazirlikdə araşdırma aparılanda da hüquq-mühafizə orqanlarına həmin həkimlər çağırılmışdı, onları yoxlamışdılar. Orada qanun pozuntusu da yox idi. Ümumi cərrahiyyə ilə məşğul olan hər bir şəxs plastik cərrahiyyəni çox rahat şəkildə edə bilər. Plastik cərrahiyyə nədir ki? Dərini kəsib tikməkdir. Oğul ona deyirəm ki, xəstəni həyata qaytara bilsin. Ən çətin cərrahiyyə ümumi cərrahiyyədir. O siyahıda adları çəkilənlər də bu işi bilən adamlardır. Bunu niyə şişirdirlər. Plastik cərrahiyyə nə zamandan müqəddəs sənət olub”.

Cərrah əlavə edib ki, təhlükəli olan işi kosmetoloqa həvalə etməkdir:

“Kabinetlərdə, gözəllik salonlarında əməliyyat etdirənlər təhlükədədirlər. Cərrah toxuma ilə necə rəftar etməyi yaxşı bilir. Cərraha heç kimin irad tutmağa ixtiyarı yoxdur. Qanunda da bu yoxdur. Gedib kosmetoloqlara irad tutsunlar”.

Afaq MİRAYİQ,
Musavat.com

Избранный
30
1
musavat.com

2Источники