RU

Mühacirətin artımı və doğumun azalması ölkəni çökdürüb- hökumət “strategiya” qəbul etdi...

Image

Yadigar Məmmədli: “Məsələnin kökü ondadır ki, Ermənistanda yaşayan ermənilər aborigen xalq olmayıb”

Ermənistan hökuməti “Ermənistanın demoqrafik vəziyyətinin yaxşılaşdırılması üzrə 2024-2040-cı illər strategiyası”nı təsdiqləyib. Ancaq real rəqəmlər demoqrafık durumun pisləşməkdə olduğunu göstərir. 

Məsələn, Paşinyan hakimiyyətə gələndə mühacirətin böyük repatriasiya ilə əvəzlənəcəyini bəyan etdi. Ancaq bütün bunlara baxmayaraq, böyük repatriasiya olmadı və mühacirət yeni sürət qazandı. 

Təkcə son 4 ildə 162 minə yaxın erməni Ermənistanı tərk edib və geri qayıtmayıb: 2021-ci ildə 73,5 min, 2022-ci ildə 27,9 min, 2023-cü ildə 36,5 min nəfər. 2024-cü ilin səkkiz ayı ərzində 24,1 min insan Ermənistanı tərk edib və geri qayıtmayıb. Üstəlik, bu ilin səkkiz ayında ötən illə müqayisədə 1110, 2022-ci illə müqayisədə 1721, 2021-ci illə müqayisədə isə 1602 uşaq az doğulub. Bu il Ermənistanda hətta 2020-ci illə müqayisədə təxminən 1000 az uşaq doğulub.

Göründüyü kimi, Ermənistanda əhalinin azalması qaçılmaz reallığa çevrilib və bunun yaxın perspektivdə önlənəcəyi real görünmür.

“Paşinyan hakimiyyətinin qəbul etdiyi proqramlar, önləyici tədbirlər ölkədə vəziyyəti dəyişə bilmir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən media eksperti Yadigar Məmmədli hesab edir ki, ümumən Ermənistanda hər zaman demoqrafik problem olub: “Məsələnin kökü ondadır ki, Ermənistanda yaşayan ermənilər aborigen xalq olmayıb. Tarixi Azərbaycan ərazilərində yaşayan ermənilər ordan-burdan ora gətirilib. Yerli azərbaycanlılar zaman-zaman sıxışdırılıb. Ən nəhayət, məlum olduğu kimi, 1988-ci ildə bütün azərbaycanlılar Ermənistandan deportasiya edildilər. 90-cı illərdə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi Ermənistana demoqrafik baxımdan hansısa üstünlük gətirmədi. Əksinə, ermənilərin bu ölkədən miqrasiyası davam etdi. Niyə? Ona görə ki, qonşu dövlətlərlə münaqişədə olan, ərazilərini işğal edən, iqtisadiyyatı yerində sayan ölkədə əhali arta bilməz. Hətta işğal dövründə Suriyadan, Livandan erməniləri Qarabağa köçürsələr də, bu nəyisə dəyişə bilmədi. Bir müddət sonra onlar Qarabağı tərk etdilər. Çünki onlar orada iş tapa bilmədilər. Ermənilər tarixən harda yaxşı yaşayış varsa, ora can atıblar. Ermənistan müstəqil olandan sonra ölkədən xaricə miqrasiya əsasən Rusiyaya olub. Bu gün Ermənistan iqtisadiyyatı bu və ya digər formada əhəmiyyətli dərəcədə Rusiyadan asılıdır. 44 günlük şanlı Vətən müharibəsindən sonra isə Ermənistandan miqrasiya yeni mərhələyə çatıb. Müharibəyə qədər Ermənistanda əhalinin müəyyən hissəsi ölkədə perspektiv görürdü. Hesab edirdilər ki, böyük dövlətlər Ermənistanı himayə etməkdə davam edəcəklər və günlərin bir günü Azərbaycanı təslimçi sülhə məcbur edəcəklər. Ancaq 44 günlük müharibənin nəticələri onların bütün gözləntilərini alt-üst etdi. Bu səbəbdən miqrasiya daha da gücləndi. Ona görə də Paşinyan hakimiyyətinin qəbul etdiyi proqramlar, önləyici tədbirlər ölkədə vəziyyəti dəyişə bilmir. Ermənistan yalnız Azərbaycanla sülh sazişi imzalayandan, Türkiyə ilə münasibətləri yoluna qoyandan sonra bəlkə bu vəziyyətdən çıxa bilsin”.

Vidadi ORDAHALLI





Избранный
57
baki-xeber.com

1Источники