RU

Deputatdan kreditlə bağlı TƏKLİF: 300 manatdırsa, onun 120 manatı…

İstehlak kreditlərinin faizləri ilə yanaşı diqqəti çəkən digər məqam bankların ödəniş cədvəli ilə bağlıdır. Hazırda istehlak kredit portfeli 7 milyard manatdan çoxdur və 3 milyon vətəndaşımız bu kreditlər üzrə borclanıb.

Bunu iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.

O qeyd edib ki, bütün bunlarla yanaşı, digər məqam bankların ödəniş cədvəlində ilk öhdəliklər üzrə faiz ödənişlərini önə salması ilə bağlıdır:

“Belə ki, rəqəmlər göstərir ki, istehlak kreditlərində ilk aylar üzrə ödənişlərdə aylıq ödənişin 40 faizə yaxınını faiz ödənişləri təşkil edir. Məsələn, əgər vətəndaşın ilk dövrlər üzrə aylıq ödənişi 300 manatdırsa, onun təxminən 120 manatı məhz faiz ödənişidir. Yəni kommersiya bankları kredit üzrə hesabladıqları faizləri müqavilə imzalanandan qısa müddət sonra müştəridən almağa çalışırlar.

Eyni zamanda, müştərinin hətta yubanması yoxdursa və müəyyən müddətdən sonra birdəfəlik ödəniş ilə kreditini bağlamaq istəyirsə bəlli olur ki, əvvəlki ödənişlərinin xeyli hissəsi faizlərə silinib. Əsas məbləğdə isə ciddi dəyişiklik baş verməyib. Bu o deməkdir ki, müəyyən müddətdən sonra vətəndaş krediti ödəyə bilmirsə və ya kreditini tam bağlamaq istəyirsə o zaman aydınlaşır ki, həmin zamanadək ödədiyi vəsaitin 40 faizə qədəri faizlərə çıxılıb.

Faiz ödənişlərinin əhəmiyyətli hissəsinin ön aylara daxil etməklə banklar bir tərəfdən risklərini sığortalamağa, digər tərəfdən isə gəlirliyini təmin etməyə çalışsalar belə, bu, müştəri üçün xüsusi faiz öhdəlikləri yaradır. Eyni zamanda, əsas məbləğ və faizlər üzrə ödənişlərin aylar üzrə proporsional və bəzən də ədalətli bölgüsünə imkan yaratmır. Bu baxımdan, banklar üçün əsas məbləğ və faizlər üzrə ödəniş qrafiki ilə bağlı ədalətli və proporsional bölgünün tövsiyəsi məqsədəuyğun olardı”.

Избранный
45
10
tribunainfo.az

10Источники