RU

“Dünya dinləri yaşıl planet uğrunda”

Bakıda Dünya dini liderlərinin qlobal Bakı Sammiti keçirilib

Noyabrın 5-də Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən “Dünya dinləri yaşıl planet uğrunda” mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammiti işə başlayıb. İkigünlük sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin media subyektlərinin nümayəndələri iştirak edirlər.

Prezident İlham Əliyev sammit iştirakçılarına müraciət edib

Tədbirdə  əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçılarına müraciəti oxunub. Müraciəti Azərbaycanın Baş naziri Əli Əsədov səsləndirib. Dövlət başçısının müraciətində bildirilir ki, bu gün dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır: “İqlim böhranı və ekoloji təhlükəsizlik məsələləri dünya dövlətlərinin birgə əməkdaşlığını, beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsini zəruri edir. COP tədbirlərində inklüzivlik prinsiplərinə uyğun olaraq nüfuzlu dini liderlərin bir araya gəlməsini, planetimizin taleyi naminə onların narahatlığını və ümumi işə töhfə vermək əzmini yüksək qiymətləndirirəm. Müxtəlif etiqad və inancların zəngin mənəvi potensialı iqlim dəyişmələrinin yaratdığı ekzistensial problemlərin həllinə təkan vermək imkanına malikdir. Dünya din xadimləri bu çağırışlarla mübarizədə böyük rol oynaya bilərlər”.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, COP29-un Azərbaycanda keçirilməsinə yekdilliklə qərar verilməsi ölkəmizin beynəlxalq nüfuzuna yüksək etimadın göstəricisidir və bu, heç də təsadüfi deyil. Azərbaycan ekoloji problemlərlə bağlı bir çox konvensiya və sazişlərə qoşulub, müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaradıb, bu sahədə çoxşaxəli fəaliyyət proqramları qəbul edib. Ölkəmizdə ətraf mühitin qorunmasını nəzərdə tutan zəruri qanunvericilik sistemi formalaşdırılaraq səmərəli institusional mexanizmlər və investisiya mühiti yaradılıb. Hazırda “yaşıl enerji” layihələrinin həyata keçirilməsi, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə, ətraf mühitə mənfi təsirlərin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində mühüm addımlar atılmaqdadır. Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub.

Müraciətdə diqqətə çatdırılıb ki, iqlim dəyişmələri və ekoloji problemlər ilə hamılıqla mübarizə aparmaq üçün dünyada beynəlxalq təhlükəsizliyin, sülh və əmin-amanlığın təmin edilməsi vacib amillərdən biridir: “Ölkəmiz yaxın tarixi keçmişində əsassız ərazi iddialarına məruz qalaraq ədalətsiz müharibəyə cəlb edilib, bu qanlı savaşın ağır fəsadlarını yaşamalı olub. Siz Azərbaycanın əzəli torpağı olan Qarabağa səfəriniz zamanı Ermənistan tərəfindən 30 illik işğal dövründə törədilmiş ekosid, kultursid və urbisid kimi cinayətkar əməllərin acı nəticələrini əyani şəkildə görmək imkanı qazanacaq, ölkəmizin bölgədə ekoloji tarazlığı bərpa etmək istiqamətində yaşıl iqtisadiyyata, bərpaolunan enerjiyə əsaslanan genişmiqyaslı yenidənqurma işləri ilə bilavasitə tanış ola biləcəksiniz. Bəşəri problemlərin müzakirə olunduğu Dini Liderlərin Qlobal sammiti kimi nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsi artıq ənənə halını almışdır. İnanıram ki, bu Sammit səmərəli fəaliyyəti ilə ölkəmizin sivilizasiyalararası dialoq məkanı statusunu daha da möhkəmləndirəcək, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nə sanballı töhfə verəcək, yaşıl dünya naminə həmrəyliyiniz, müdrik təklif və tövsiyələriniz ümumi hədəflərə çatmağımıza dəstək olacaq”.

Müraciətdə dövlətimizin başçısı əminliyini ifadə edib ki, taleyüklü problemlərə həsr olunmuş ?ammit konstruktiv fikir mübadilələri şəraitində keçəcək, COP çərçivəsində dinlərarası əməkdaşlıq platformasının təsisatlandırılması imkanı müzakirə ediləcək. Bunun üçün tolerantlıq və multikulturalizm diyarı Azərbaycan ən uyğun məkandır.

BMT-nin Baş katibi: Dini liderlərin fəaliyyəti iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin təşviqi üçün vacibdir

Daha sonra BMT-nin Baş katibi Antonio Quterreşin sammit iştirakçılarına videomüraciəti olub. Baş katib dini liderlərin fəaliyyətinin iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin təşviqi və iqlim ədalətinin əldə edilməsi üçün vacib olduğunu bildirib. Onun sözlərinə görə, ekstremal temperaturlar, yanğınlar, quraqlıq və genişmiqyaslı daşqınlar dünya ölkələri üçün ciddi problemlər yaradır: “Ölkələrin qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq məqsədinə uyğun Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDCs) hazırlamasına yönəlmiş tədbirlər əhəmiyyətlidir. Bütün ölkələrin dəyişən planetə uyğunlaşmasına, dayanıqlı və bərpa olunan gələcəyə keçidə dair resurslara malik olmasını təmin etmək üçün ədalət vacibdir. Bura inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin əhəmiyyətli dərəcədə artırılması və təbii fəlakətlərdən ən çox zərər çəkən ölkələrə kömək etmək üçün yaxşı maliyyələşdirilən itki və zərərə cavab verən fondun yaradılması daxildir”.

Allahşükür Paşazadə: Yaşadığımız humanitar böhranlar...

Çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə sammitin əhəmiyyətindən bəhs edib. O bildirib ki, qloballaşan dünyada meydana gətirilən yeni təhlükəli meyillər - əsrlərlə insan təfəkküründə, mənəviyyatında yer almış əxlaqi-etik meyarların təhrif olunması, dini-mədəni dəyərlərə təcavüz mütərəqqi dünya ictimaiyyətini narahat edir: “Din xadimi kimi deyə bilərəm ki, bəşəriyyətin gələcəyinə təhlükə yaradan problemlərin, o cümlədən, qlobal istiləşmə və digər iqlim problemlərinin əsas mənbəyi ilahi düzənin pozulması, insanların ilahi qanunlardan, mənəvi-əxlaqi köklərindən ayrı salınmasıdır. Yaşadığımız humanitar böhranlar çağdaş dünyada törədilən ekoloji və müharibə cinayətləri, ekosistemin pozulması, münbit torpaqların və su mənbələrinin yararsız hala salınması səbəbindən baş verir”. Onun sözlərinə görə, sadalanan fəsadların aradan qaldırılması üçün əsrlərlə formalaşmış mədəni-mənəvi davranış qaydalarına bütün sahələrdə - siyasətdə, iqtisadiyyatda, dövlətlərarası münasibətlərdə əməl olunması vacibdir. Təbii ki, yaşıl iqtisadiyyat modeli bəşəriyyətə daha harmonik inkişaf imkanı bəxş edir.

“Bu gün insan həyatına təhlükələrin, beynəlxalq sabitliyə təhdidlərin artdığı müasir dövrdə ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı taleyüklü məsələlərin həlli istiqamətində siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoqun gücləndirilməsi fövqəladə dərəcədə vacibdir. Bu zərurəti dəyərləndirən COP29 tədbirində problemin siyasi, iqtisadi səbəbləri dərindən tədqiq ediləcək. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi dəyərli qlobal təşəbbüsdür və planetin gələcəyi naminə həmrəyliyə xidmət edir”, - deyə şeyxülislam qeyd edib.

Muxtar Babayev: Azərbaycanın COP29 Sədrliyi tərəfindən 14 əsas təşəbbüs irəli sürülüb

Çıxış edən COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, bu sammit, din və adətləri bir araya gətirməklə insanların birlik və vəhdət içində yaşamasına nail olmaq və planetimizin qorunmasına töhfə vermək baxımından böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, COP29 Fəaliyyət Gündəliyi, resursların inkişaf etməkdə olan ölkələr üçün daha əlçatan olmasını təmin etməyə yönəlib. Azərbaycanın COP29 Sədrliyi tərəfindən 14 əsas təşəbbüs irəli sürülüb. Bizim məqsədimiz yalnız milli deyil, qlobal səviyyədə yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir.

Diqqətə çatdırılıb ki, Azərbaycan irəli sürdüyü  təşəbbüslərlə qlobal səviyyədə yaşıl iqtisadiyyata keçidini dəstəkləməkdə öz liderliyini davam etdirəcək: “Ölkəmizin təşəbbüsü ilə yaradılmış İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu dövlət və özəl sektorun iqlimə uyğunlaşma, onun mənfi təsirlərinin azaldılması və tədqiqat sahələrində investisiyalarını təşviq edəcək. Bu fond inkişaf etməkdə olan ölkələrdə baş verən təbii fəlakətlərin nəticələrini tez bir zamanda aradan qaldırmaq üçün maliyyələşdirmə imkanları yaradır”. Onun sözlərinə görə, iqlim dəyişikliyi, münaqişələr və həssas icmalar arasındakı qarşılıqlı təsir həm planetimizin təhlükəsizliyini, həm də cəmiyyətin harmoniyasını ciddi şəkildə təhdid edir. Ən həssas icmaları qorumaq üçün birgə həll yolları müəyyən edilməlidir. Bu səbəbdən Azərbaycan iqlim dəyişikliyinin təsirlərindən ən çox məruz qalan icmalarla dialoqu genişləndirmək məqsədilə “COP29 - İqlim və Sülh” Təşəbbüsünü irəli sürüb. Bundan əlavə, COP29 Sədrliyi tərəfindən irəli sürülən İqlim Fəaliyyəti naminə Su təşəbbüsü iqlim dəyişikliyinin su hövzələrinə təsirlərini azaltmaq üçün inteqrasiya olunmuş yanaşmaların qəbulunu və milli iqlim siyasətində adaptasiya tədbirlərinin gücləndirilməsini hədəfləyir. Eyni zamanda, enerji saxlanılması və şəbəkələrinin genişləndirilməsi təşəbbüsü, 2030-cu ilə qədər qlobal enerji saxlama qabiliyyətini artıraraq, dayanıqlı enerjiyə əlçatanlığı və davamlı inkişaf imkanlarını genişləndirməyə töhfə verəcək.

Ramin Məmmədov: Bakı sammitinin verəcəyi mesaj gələcək təhlükələri dəf etmək üçün böyük əhəmiyyətə malik olacaq

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov isə bildirib ki, dini liderlərin qlobal Bakı sammitinin dünyaya verəcəyi mesaj gələcək təhlükələri dəf etmək üçün son dərəcə mühüm əhəmiyyətə malik olacaq. Bu mesajın bir hissəsi beynəlxalq münasibətlər sisteminin subyektlərinə çağırış ola bilər. Çünki qlobal istiləşmənin fəsadlarını azaltmaq üçün dövlətlərin və beynəlxalq təşkilatların daha gərgin fəaliyyət göstərməsinə ehtiyac var. Onun fikrincə, dini liderlərin sammiti inanclı insanlara tanrının yaratdıqlarını qorumağın vacibliyini bir daha xatırladacaq: “Harada yaşamağımızdan, dini əqidəmizdən asılı olmayaraq özümüzün və övladlarımızın gələcəyini qorumaq üçün hər kəsi qlobal iqlim dəyişiklikləri ilə mübarizədə iştiraka dəvət edəcək. Dini liderlər həm də dini, etnik və sosial mənsubiyyətinə fərq qoymadan insanlara çağırış edəcək. Biz həqiqətən real təhlükənin astanasındayıq. Məsuliyyəti bölüşmək - qlobal çağırışların öhdəsindən gəlmək üçün ən yaxşı mübarizə üsulumuz, ən effektiv alətimiz ola bilər”.

R.Məmmədov deyib ki, Azərbaycan 30 il ərzində ədalətsizliyin qurbanı olub. Ekosidə məruz qalan böyük bir ərazisini işğaldan azad etməklə fəlakətdən qurtarıb. İndi bu torpaqlarda “ağıllı şəhərlər”, “ağıllı kəndlər” inşa edilir, yaşıl enerji zonası yaradılır. Biz Qarabağı işğaldan azad etməklə həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə veririk. Çünki qlobal istiləşmənin nələrə səbəb ola biləcəyinin fərqindəyik.

Muhəmməd Əbdülsəlam Abdullətif: Bakı Sammitinin keçirilməsi olduqca əhəmiyyətli hadisədir

Çıxış edən Beynəlxalq Müsəlman Ağsaqqallar Şurasının Baş katibi Muhəmməd Əbdülsəlam Abdullətif qeyd edib ki, dünya dini liderlərinin qlobal Bakı Sammitinin keçirilməsi olduqca əhəmiyyətli hadisədir. Dini liderlərin rolundan istifadə edərək iqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılması istiqamətində mühüm addımlar atırıq. Bu da dinlərarası dialoqun yüksək səviyyədə olduğunun göstəricisidir.

O bildirib: “Biz dinlərarası dialoqun vacibliyini yüksək qiymətləndiririk. Birgə fəaliyyətimizdən faydalanaraq səsimizi daha çox eşitdirmək üçün platforma təsis etmişik. Bu cür qlobal sammitlərin təşkil olunması sözümüzün, birgə fəaliyyətimizin nəticəsidir. Ətraf mühitlə dinlər arasında birbaşa əlaqələr mövcuddur. Ona görə də qlobal təhdidlərin aradan qaldırılması istiqamətində təşəbbüslər irəli sürülməkdədir. Biz bu gün beynəlxalq öhdəliklərimizlə kifayətlənə bilmərik. Yer kürəsinin gələcəyi üçün birgə fəaliyyətlər vacib əhəmiyyət daşıyır”.

Kardinal Klaudio Qucerotti: Hazırda dünya çox böyük fəlakətlər qarşısındadır

Vatikan Dinlərarası dialoq Dikasteriyasının prefekti Kardinal Klaudio Qucerotti çıxışında deyib ki, hazırda dünya çox böyük fəlakətlər qarşısındadır. Dini inanclarımız böyük gücdür. Biz nisbiliyə, fərdiliyə inanmırıq. Bizim əməllərimiz gələcəyimizi qurmağa hesablanmalıdır. Kardinal Klaudio Qucerotti tədbirin əhəmiyyətindən bəhs edərək söyləyib ki, dini liderlərin, müxtəlif təşkilatların, dinlərin nümayəndələrinin bir araya gələrək çox vacib məsələni müzakirə etmələri çox təqdirəlayiqdir. Bu tədbir bizim planetimizi qorumağa hesablanıb: “İnsan ləyaqətlə yaşamalıdır. İnsan yer kürəsinin məhəbbət meyvəsidir. İnsan sadə kimyəvi elementlərin toplanması deyil, sevgi təcəssümüdür. Bizim gözləməyə vaxtımız yoxdur, təhlükə yaxınlaşmaqdadır. Başımıza nələrin gələcəyi bizim ümumi öhdəliklərimizi necə yerinə yetirəcəyimizdən asılıdır. Bəşəriyyətimizi qorumalıyıq, əks halda müharibələr daha da güclənəcək, məhvə doğru gedəcəyik”.

Çıxış edən İslam Məsələləri üzrə Ali Şuranın sədri Abdulrahman Mohamed Raşad AlKhalifa isə deyib ki, dünya dini liderlərinin qlobal Bakı Sammiti cəmiyyətlər arasında əlaqələrin gücləndirilməsinə, sülhün və əmin-amanlığın qorunmasına xidmət edir. Dünyanın bütün dinlərində ətraf mühitə dəyər olduqca vacib yer tutur. Xalqlar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan Ali Şuranın sədri qeyd edib: “Təəssüf ki, bəzən dinlərdən fərqli xalqlar arasında aqressiyanın yaradılması üçün istifadə edirlər. Biz birlikdə insan dəyərlərinin qorunmasına çalışmalıyıq. Parlaq gələcəyə doğru daha çox addımlar atmaq lazımdır. Ətraf mühitin qorunması İslam dinində olduqca vacib amildir. Bütün bunlar, həmçinin insanların rifahının yaxşılaşmasına zəmin yaradacaq”.

Əl-Əzhər Şeyxinin müavini, Əl-Əzhərin Böyük Ülamalar Heyətinin üzvü Mohammed Abdelrahman Muhamed EIDveny çıxışında deyib ki, COP29-un Azərbaycanda keçirilməsi olduqca önəmlidir. “Dünya dinləri yaşıl planet uğrunda” mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammiti də məhz COP29 çərçivəsindədir. Dinlərin dəyərindən ətraf mühitin xeyrinə istifadə etmək olar. Dövlətlər, beynəlxalq təşkilatlar bu istiqamətdə bir çox addım atıb.

Dinin insanları birləşdirən inanc olduğunu vurğulayan Əl-Əzhər Şeyxinin müavini qeyd edib: “İqlim dəyişikliyi probleminin həlli istiqamətində birlikdə hərəkət etmək lazımdır. Bu, insan varlığının davamı üçün zəruridir. İslam dinində ətraf mühitə canlı kimi baxılır və hörmət olunur. Gələcək nəsillərin varlığı bu istiqamətdə görülən işlərdən asılıdır. Məqsədimiz iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq olmalıdır. Düşünürəm ki, maarifləndirmə bu sahədə olduqca önəmlidir və dinlər arasında əlaqə gücləndirilməlidir”.

Çıxış edən Avropa Ravvinləri Konfransının Daimi Komitəsinin üzvü, Baş ravvin İzhak Dayan isə deyib ki, bəşəriyyət nadir bir missiya ilə üz-üzədir: “Biz planetimizin qayğısına qalmalıyıq. Bizim rolumuz sadəcə yaşamaq deyil, həmçinin yaşatmaqdır. Bu, cavabdehlik hissidir.  Biz planetimizi, təbii sərvətlərimizi məhv etməməliyik. Kifayət qədər düşünüb-daşınmasaq planetimizi gələcək nəsillərə təhlükəsiz şəkildə çatdıra bilməyəcəyik. Biz iqlim dəyişikliyinə ortaq bir məsuliyyət kimi baxmalıyıq. Bunun həllində həmrəylik göstərməliyik”.

İclasda digər çıxış edənlər də sammitin mövzusi ilə bağlı fikirlərini bildiriblər.

Daha sonra sammit işini plenar iclaslarla davam etdirib. İclasda “Dinlərin və inancların iqlim dəyişikliyi böhranına baxışı və onun planet, həyat və yaşam vasitələri üçün təsiri”, “Yaşıl gələcəyin təşviqində və iqlim dəyişikliyi ilə bağlı məlumatlılığın artırılmasında və onunla mübarizədə dini və inanc təşkilatlarının rolu”, “Dinlərarası və sivilizasiyalararası dialoq vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə”, “Silahlı münaqişələr, zorakılıq, ekosid və urbisid aktları ətraf mühitə zərər vurur və iqlim dəyişikliyi ilə qlobal mübarizəyə maneə yaradır” mövzuları ətrafında müzakirələr aparılıb.

N.BAYRAMLI

Избранный
20
5
yeniazerbaycan.com

5Источники