RU

Şanlı Zəfər xalqın vətənpərvərlik ruhunun nə qədər güclü olduğunu göstərdi

6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Ali Baş Komandan İlham Əliyevin başçılığı altında 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və tariximizin şanlı səhifəsi olan Vətən müharibəsindən 4 il ötür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

Zəfəri bizə qazandıran isə sözsüz ki, şəhidlərimiz, qazilərimiz, ölümdən qorxmadan səngərdə döyüşən igid oğullardır.

Gənc nəslin milli-mənlik şüurunun inkişafı, vətənpərvərlik hisslərinin tərbiyəsi onların qəhrəman ruhda böyüməsinə təsir edən əsas amillərdən biridir.

Zahid Oruc: Suverenliyin təmin olunmasından öncə birinci növbədə biz milli bütövlüyü, şüur bütövlüyünü, ideal ruh bütövlüyünü əldə etməli idik

Milli Məclisin deputatı Zahid Oruc Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, artıq 4-cü ildönümünü qeyd edəcəyimiz Vətən müharibəsindəki qələbəmiz millətimizin, bütün dünya azərbaycanlılarının, türk dünyasının, bizim haqq mübarizəmizi müdafiə edənlərin, tərəfdarlarımızın, ədaləti istəyən bütün bəşər insanlarının qələbəsi adlandırılmalıdır.

Onun sözlərinə görə, həqiqətən də əgər bir haqq davası aparırsansa və ən sonda böyük çətinliklərdən keçib onu qazanırsansa, bu zəfər yalnız bir millətin və dövlətin olmur, bu, dünyəvi mahiyyət daşıyır. Deputat bildirib ki, biz tarixə baxdığımızda da qardaş Türkiyənin Qazi Mustafa Kamalın liderliyində Qurtuluş Hərəkatının necə böyük bir əzəmətə malik olduğunu, nə qədər xalqların həyatına, mübarizələrinə təsir etdiyini görürük və ona görə tam əminliklə söyləmək olar ki, Qarabağ qələbəsi bütün dünyaya təsir edib və beynəlxalq əks sədalar doğurub.

Z.Orucun sözlərinə görə, savaşın önündə, səngərdə, hərbi meydanlarda mübarizə aparan və şəhid olan, yaralanan, o cümlədən hər hansı bir fiziki itkiyə məruz qalmadan bu 44 günlük müharibənin hər gününü, hər saatını yaşayan bütün millətimiz, dövlətimizlə bərabər daha çox gənclər idi və ordunun əsas hissəsini onlar təşkil edir:

“Onlar məhz İlham Əliyevin Azərbaycana başçılıq etdiyi illərdə məktəblərdə, parta arxalarında, cəmiyyətdə, ailədə formalaşan insanlar idi”.

Ötən illər ərzində milli-mənəvi tərbiyə, məruz qaldığımız ağır işğalın, xüsusilə də köçkünlüyün gətirdiyi humanitar məhrumiyyətlərin əslində bütün millətimizin həyatında ağır izlər qoyduğunu vurğulayan deputat nəzərə çatdırıb ki, bunu xüsusi olaraq müəllimlər, valideynlər gəncliyə ötürməyə çalışırdı ki, onlar bu savaşı qazanmadan, yalnız belə 20%-lik natamamlıq şəraitində vətəndaşlıq bütövlüyünü əldə edə bilməyəcəklər.

Müsahibimiz bildirib ki, ərazinin və ya suverenliyin təmin olunmasından öncə birinci növbədə biz milli bütövlüyü, şüur bütövlüyünü, ideal ruh bütövlüyünü əldə etməli idik:

“Düşünürəm ki, məhz bu mənada gənclik zəfərimizin əsas müəlliflərindən biridir və heç şübhəsiz, hər bir millət kollektiv yaddaşını, qan yaddaşını, tarixini, böyük qələbə əzəmətini gələcək nəsillərə ötürmək istəyir. Biz yaxşı fərqindəyik ki, qlobal müstəvidə informasiya savaşı, hibrid mübarizələr, informasiya terrorları həyata keçirilir ki, qələbəmizi əlimizdən alsınlar və yaxud onu kiçiltsinlər, dəyərsizləşdirsinlər və gələcəkdə elə regional təhlükələr törətsinlər ki, biz yeni 100 ildə qazandığımız qələbəni bu səhifədən, bu sətirdən açıb yaşaya bilməyək. Yəni millətimizin 2-3 əsrdəki həyatında yalnız kökçünlük, qaçqınlıq, soyqırımlar kimi bir tarix bərqərar olsun, yeni təqvim formalaşdıra bilməsin”.

Ölkə rəhbərinin liderliyində millətimizin üzərindəki ən böyük missiyanın məhz gələcək nəsli qalib dövlət idealları ilə formalaşdırmaq olduğunu söyləyən millət vəkilinə görə, İstanbulun fəthi artıq 600 ilə yaxın bir müddətdir türk dünyasının parlaq bir abidəsinə çevrilib. Hər zaman qəhrəmanlıq səlnamələri ilə nə qədər bir-birini əvəzləyən nəsillərə yeni ruh verib, ötürülüb və artıq həm də 21-ci əsrdə türk dövlətinin gücünü dünyaya təqdim edən hadisədir. Azərbaycan tarixində 2020-ci ildə açılan bu səhifə ona qədərki, dövrlərdə bizim məruz qaldığımız bütün ağrı-acıların tarixdə qalması və yeni qələbə əsrinin, zəfər əsrinin, qurtuluş əsrinin, böyük qayıdış əsrinin başlanğıcıdır:

“Əslində gördüyünüz kimi, zəfər ona imkan yaratdı ki, biz suverenliyi əldə edək. Deməli, bu davamlılıq mahiyyətinə malikdir. Biz indi elə etməliyik ki, onu gələcəyə daşıya bilək. Yeni vətən quruculuğu azad torpaqlarımızda həyata keçirilir. Biz orada gənclər şəhərciklərini, gənc insanlarımızın daha çox ora qayıdışını, bütün sərhəd ərazilərdə möhkəmlənməni təmin etməliyik ki, tarixi varislik, qalibiyyətin mirası baş versin. Onun təməlində həm dövlət, həm də millət quruculuğu reallaşa bilsin. Bu isə nəsillər arasında vəhdətdə bu işi görməyimizdən birbaşa asılı olacaq”.

Elnur Rüstəmov: Gənclərdə vətənpərvərlik hissini inkişaf etdirmək üçün öncə onların öz tarixinə və dəyərlərinə məhəbbət və hörmət hisslərini gücləndirmək lazımdır

Bakıvaxtı.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirib ki, Zəfər Günü yaxınlaşdıqca, şəhidlərimiz və qazilərimizlə bağlı düşüncələrimiz bir daha dərinləşir və onların fədakarlığı, Ali Baş Komandanın müdrik siyasəti, Azərbaycan xalqının həmrəyliyi sayəsində əldə etdiyimiz bu zəfər, Azərbaycan xalqının milli mənlik şüurunun və vətənpərvərlik ruhunun nə qədər güclü olduğunu göstərir.

E.Rüstəmovun sözlərinə görə, bu dəyərlər sadəcə bir tarixin və ya hadisənin nəticəsi deyil, illərlə qorunan milli və mənəvi dəyərlərimizin bəhrəsidir.

Milli mənlik şüurunun və vətənpərvərlik hissinin fərdin öz kimliyini və cəmiyyətə bağlılığını dərk etməsindən yarandığını deyən müsahibimiz qeyd edib ki, psixoloji aspektdən baxdıqda, bu hisslərin formalaşmasında ailə, məktəb və cəmiyyətin rolu çox böyükdür:

“Valideynlər və müəllimlər uşaqlara öz tarixi, mədəniyyəti və dəyərləri barədə danışarkən, onları qəhrəmanlarımızın həyatı ilə tanış edərkən, əslində onların milli mənlik şüurunu formalaşdırmış olurlar. Uşaqların özlərini cəmiyyətin bir parçası kimi hiss etməsi və öz millətinə dəyər verməsi, onların psixoloji olaraq daha sağlam, güclü və dayanıqlı yetişməsini təmin edir”.

Psixoloq vurğulayıb ki, vətənpərvərlik hisslərinin formalaşdırmaqda əsas məqsəd uşaqlara yalnız bilik vermək deyil, həm də bu biliklərə əsaslanaraq onlarda vətənə qarşı emosional bağlılıq yaratmaqdır.

E.Rüstəmov nəzərə çatdırıb ki, psixoloji olaraq, gənclərdə vətənpərvərlik hissini inkişaf etdirmək üçün öncə onların öz tarixinə və dəyərlərinə məhəbbət və hörmət hisslərini gücləndirmək lazımdır. Əlavə edib ki, uşaqlara hekayələr vasitəsilə vətənpərvərlik aşılanmalı, onlara şəhidlərimizin və qazilərimizin fədakarlığı nümunə kimi göstərilməlidir ki, bu da, uşaqlarda qürur hissi yaradır və onları dövlətinə bağlı olan məsuliyyətli vətəndaşlar kimi böyüməyə təşviq edir:

“Valideynlər və müəllimlər qarşısında duran ən vacib məsələ uşaqlara sevgi ilə yanaşmaq və onları öz köklərinə bağlı olaraq böyütməkdir. Psixoloji aspektdən yanaşdıqda, uşaqlar güclü bir ailə modelinə ehtiyac duyurlar, çünki ailədə onlar sevgiyə, hörmətə və məsuliyyətə dəyər verməyi öyrənirlər. Həmçinin, vətənpərvərlik hisslərinin tərbiyəsi üçün uşaqlar şəxsiyyətlərarası münasibətləri dərk etməli, özləri ilə başqaları arasında sağlam sərhədlər qurmağı öyrənməlidirlər. Cəmiyyət isə bu uşaqların özlərini güvəndə hiss etmələri üçün əlverişli şərait yaratmalı, milli bayram və anım günləri vasitəsilə onlara milli vətənpərvərlik dəyərlərini aşılamalıdır”.

Həmsöhbətimiz milli-mənəvi dəyərlərin insanın özünü bir millətin parçası kimi hiss etməsinə səbəb olduğunu söyləyib və nəzərə çatdırıb ki, uşaqlara mədəniyyətimiz, tariximiz, qəhrəmanlarımız haqqında danışmaq, onları bu dəyərlərlə tanış etmək psixoloji olaraq onların özlərini daha güclü hiss etməsinə gətirib çıxarır və milli dəyərlər uşaqlarda mənəvi möhkəmlik, dürüstlük, məsuliyyət və vətənə bağlılıq hisslərinin yaranmasına şərait yaradır ki, dəyərlərdən xəbərdar olan uşaqlar daha sağlam, dayanıqlı və əzmli böyüyür, hər bir fədakarlığı dəyər kimi qəbul edirlər və bu, onların gələcəkdə vətənpərvər, millətinə bağlı vətəndaşlar olmasını təmin edir:

“Ona görə də vətənpərvər uşaqlar böyütmək üçün həm ailələr, həm məktəblər, həm də cəmiyyət öz töhfəsini verməli, uşaqlara doğru nümunələr göstərməli və onlara milli-mənəvi dəyərlərimizi sevdirərək gələcəyə hazırlamalıdır”.

Mina Mikayılova

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Избранный
55
bakivaxti.az

1Источники