RU

Sergey Markov: Kimin seçilməsindən asılı olmayaraq ABŞ-ın Qafqaz siyasəti dəyişməcək - MÜSAHİBƏ

Siyasi Araşdırmalar İnstitutunun (Rusiya) direktoru Sergey Markov “Moskva-Baku” portalına müsahibəsində İrəvanın Azərbaycana qarşı sülhsevər addımlarının həqiqi, yoxsa sadəcə siyasi gediş olduğunu şərh edib. Politoloq eyni zamanda ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrinin Cənubi Qafqaza təsiri haqqında da danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Sergey Aleksandroviç, bəziləri deyir ki, İrəvanın müəyyən səhvləri var, amma Azərbaycanla münasibətlərin normallaşdırılması məsələsində sülhsevər addımlar da atır. Bunlar həqiqətən dinc addımlardır, yoxsa hələ də siyasi manipulyasiya və ya aldadıcı hərəkətdir?

- Hər ikisi. Ermənistan üçün dinc addımlar mütləq lazımdır. Xüsusi səbəblərə görə doğrudur. Ermənistana Azərbaycanla sülh müqaviləsi lazımdır ki, Azərbaycan və Türkiyə tərəfdən blokada götürülsün, Ermənistan normal ticarət edə bilsin. Amma İrəvan ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra siyasətini elə qurur ki, Azərbaycan və Türkiyə ilə daim “bazarlıq” edir. Bu isə hakimiyyətdən asılı olmayaraq Ermənistan siyasətində ənənəvi olan, ölkəni və onun liderlərini məhv edən özünəinam və tamahkarlığın nəticəsidir.

Xatırladığımız kimi, Ermənistan bu sahədə hər şeyini itirməmişdən əvvəl İrəvana Qarabağ problemini həll etmək təklif edilmişdi. Amma Ermənistanda hamı bazarlıq edirdi. Və sonda hər şeylərini itirdilər. "Balıqçı və Balıq haqqında" nağılındakı kimi, sonda heç nəyi qalmadı.

Ermənistan əvvəllər düşünürdü ki, Rusiya ona kömək edəcək və Azərbaycanla vuruşacaq. Və bu günə qədər Ermənistanda öz uğursuzluğunda Moskvanı günahlandırırlar. Amma günahkar Moskva deyil, tamah və axmaqlıqdır. İndi də Ermənistanda Qərbin onlara kömək edəcəyinə inanırlar.

Eyni zamanda, ümumiyyətlə, İrəvanın Azərbaycanla sülh yolunda atdığı addımları müsbət qiymətləndirirəm. Addımlar var- və bu pis deyil.

İrəvan nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı mövqeyini yumşaldır. Bununla belə, 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Rusiyanın FTX zabitləri Azərbaycanın əsas hissəsi ilə Ermənistan ərazisindən Naxçıvana gedən nəqliyyat marşrutunda yerləşdirilməlidir. Lakin İrəvan buna qəti şəkildə qarşı çıxmağa başladı. Ermənistan sərhədçiləri və gömrükçüləri Azərbaycan nəqliyyatını yoxlasa, problemlər yarana bilər.

Ermənistan indi sadələşdirilmiş sərhəd və gömrük prosedurlarını təklif etməyə başlayıb, lakin müəyyən müddətdən sonra onlar daha da sərtləşə bilər. Düşünürəm ki, bu təklif Azərbaycan tərəfindən rədd ediləcək.

- İrəvan həm də Azərbaycanı bir sıra fundamental bəndlər olmadan qısaldılmış sülh sazişi imzalamağa dəvət edir...

- İrəvan Qərbi sülh sazişi imzalaması üçün Azərbaycana təzyiq göstərməyə sövq etməyə çalışır. Azərbaycan Ermənistandan sülh müqaviləsinin imzalanması şərtlərini yerinə yetirməsini tələb edir: onun Konstitusiyasına dəyişikliklər və ATƏT-in Minsk Qrupunun fəaliyyətinə hüquqi xitam verilməsi. İkinci tələbi yerinə yetirmək olduqca sadədir. Amma Ermənistan rəhbərliyi bu asan tələbi yerinə yetirmək istəmir, əksinə Qərbin COP29 ilə bağlı Azərbaycana təzyiqlərini davam etdirməsini, Azərbaycanı Ermənistanın maraqlarına uyğun manipulyasiya etməsini istəyir. Amma bunlar sadəcə Ermənistanın “istəkləri”dir. Qərb Azərbaycana təzyiq etsə belə, bu, İrəvanın maraqlarına deyil, yalnız öz maraqlarına uyğun olacaq.

Ermənistan iqtisadi mənfəət naminə Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamaq istəyir. Və bu razılaşma üçün əslində heç nə verməyəcək. Bundan əlavə, İrəvan hələ də Qarabağla bağlı siyasət üçün açıq “pəncərə” buraxmaq istəyir. Ermənistan hakimiyyəti Minsk qrupundan çıxmaq istəmir ki, ermənilər sonradan ora qayıtsınlar, üstəlik, İrəvanın şərtləri ilə.

Qərb Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzərində təlaşa düşür- o, vasitəçi olmaq və Cənubi Qafqazda daimi rolunu təsdiqləmək istəyir. Göründüyü kimi, Qərb sülh sazişinə bəzi ziddiyyətlər örtmək istəyir ki, Ermənistan-Azərbaycan münaqişəsi faktiki olaraq nəhayət həll olunmayıb və hər zaman elə bir görüntü yaratsın ki, guya o, vəziyyəti “həll edir”, amma reallıqda- bölgü və idarəçilik prinsipidir.

Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir və bunun üçün Ermənistanın xeyrinə sülh müqaviləsi bağlamaq lazımdır. Qərb erməni diasporuna jest etmək istəyir.

Erməni diasporu üçün isə Qarabağ məsələsi sabit ideyadır. Və bu ideya həmişə erməni icmasını birləşdirib. Və əgər Qarabağ problemi aradan qalxsa, o zaman diasporu birləşdirən qüvvə zəifləyir. Bu o deməkdir ki, indi erməni diasporunda siyasi nüfuzu və pulu olanlar onları itirəcək. Amma itirmək istəmirlər. Ona görə də Qarabağ problemini süni şəkildə qoruyub saxlamağa çalışırlar.

Eyni zamanda, Azərbaycan Ermənistandan sülh sazişinin bağlanması üçün Konstitusiyanın dəyişdirilməsi tələbinin yanındadır. Əgər Bakı İrəvanla qısaldılmış sülh sazişi imzalamağa razılaşarsa, bu, təkcə təhlükəsizlik və ərazi bütövlüyü məsələsində gələcək risklərin mövcudluğu deyil, həm də İkinci Qarabağ müharibəsinin qalibi və Cənubi Qafqazın aparıcı dövləti kimi mövqeyini itirməsi deməkdir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının saxlanması və İrəvan tərəfindən ATƏT-in Minsk qrupunun saxlanması Azərbaycana qarşı ərazi iddialarının qorunub saxlanması deməkdir.

Bu vəziyyətdə Azərbaycan gözləyəcək və Ermənistana təzyiq göstərəcək.

- ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsi Ermənistan-Azərbaycan prosesinə necə təsir edə bilər?

- Harris daha çox ermənipərəst hesab olunur, o, erməni icmasının mövqeyinin güclü olduğu Kaliforniyadandır; Görünür, onun erməni diasporu ilə əlaqələri var. Üstəlik, milli icmaların Demokrat Partiyası ilə Respublikaçılar Partiyasından daha sıx əlaqələri var. Digər tərəfdən, Tramp biznesmendir. Və ermənilərə münasibəti müsbətdir.

Seçkilərdən əvvəl həm Harris, həm də Tramp açıq şəkildə Azərbaycana yaraşmayan bəyanatlar səsləndirməklə ABŞ ermənilərinin dəstəyini almağa çalışırdılar.

Amma ümumilikdə onlar Cənubi Qafqaz üçün eyni mövqedədirlər, baxmayaraq ki, müəyyən dərəcədə Trampdan daha az problem gözləmək olar. Biz xatırlayırıq ki, Tramp İkinci Qarabağ Müharibəsi zamanı kömək edəcəyi, münaqişəni həll edəcəyi barədə bəyanatlar vermişdi. Sonda bunlar sadəcə söz olaraq qaldı. İndi Trampın özü tezislər səsləndirir ki, ötən ilin sentyabrında Azərbaycanın antiterror tədbirləri zamanı demokratlar ermənilərə heç bir şəkildə kömək etməyiblər. Beləliklə, görünür, ABŞ-dakı seçkilərin nəticəsindən asılı olmayaraq, Amerikanın Cənubi Qafqazdakı siyasəti təxminən indi gördüyümüz kimi qalacaq.

Tərcümə - Elçin Bayramlı

Избранный
60
50
sesqazeti.az

10Источники