RU

Zelenski Trampı təbrik etdi

O, ABŞ-nin yeni Prezidentindən gözləntilərini də açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Respublikaçılar Partiyasının namizədi Donald Trampı ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Bu barədə "X” (Twitter) səhifəsində paylaşım edən Volodimir Zelenski Ağ Evin yeni rəhbərindən gözləntilərini də yazıb: "Sentyabrda Prezident Trampla Ukrayna ilə ABŞ arasında strateji tərəfdaşlıq, "Qələbə planı” və Rusiyanın Ukraynaya təcavüzünün dayandırılması yollarını ətraflı müzakirə etdik”.

Zelenski qeyd edib ki, o, Prezident Trampın qlobal məsələlərə "güc vasitəsilə sülh” yanaşmasına sadiqliyini yüksək qiymətləndirib: "Məhz bu prinsip Ukraynada ədalətli sülhü daha da yaxınlaşdıra bilər, ümid edirəm ki, biz birlikdə onu həyata keçirəcəyik”.

"Biz Prezident Trampın qəti rəhbərliyi altında güclü Amerika Birləşmiş Ştatlarının erasını səbrsizliklə gözləyirik, Birləşmiş Ştatlarda Ukraynaya güclü ikitərəfli dəstəyin davam edəcəyinə ümid edirik”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

V.Zelenski Prezident Trampı şəxsən təbrik etmək və Ukraynanın ABŞ ilə strateji tərəfdaşlığını gücləndirmək yollarını müzakirə etmək fürsətini səbrsizliklə gözlədiyini də qeyd edib.

Noyabrın 6-da Donald Tramp ABŞ-də keçirilən prezident seçkilərində qalib gəldiyini bəyan edib.

Bu barədə o, Floridada tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Seçicilər qarşısında çıxışı zamanı Tramp Ukrayna da daxil olmaqla bütün müharibələrə son qoyacağını da bildirib.

"Vəzifə müddətim ərzində daha müharibə olmayacaq. Mən müharibəni dayandıracağam. Vəzifəmin 4 ilində müharibə olmayıb. Üstəlik, biz İŞİD-i məğlub etdik”, – deyə Tramp bildirib.

Donald Trampın rəqibi Demokratlar Partiyasının namizədi, hazırkı vitse-prezident Kamala Harris hələ ki bu açıqlamaya reaksiya verməyib.
Избранный
59
14
arqument.az

10Источники