RU

ABŞ-dan göndərilmiş siyahıda hansı həkimlərimizin adları var?..

Image

ABŞ-yə köçən aparıcı Qənirə Ataşova bir neçə gündür Azərbaycanda plastic cərrah və kosmetoloq kimi fəaliyyət göstərən həkimlərlə bağlı paylaşımları ilə diqqət çəkib. Aparıcı bir çox həkimin saxta yolla diplom aldığını və ya adi sertifikatlarla bu işlə məşğul olduğunu iddia edib. Ataşova "Saxta yolla plastik-cərrahiyə diplomu alanlar" başlıqlı siyahı paylaşıb. 

"Azərbaycanın estetik cərrahiyyəsinin üzü... Səhiyyə Nazirliyinə 30 min manat verib bir gecədə ixtisas dəyişən həkimlərin siyahısı tərtib edilib. 2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunur. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməz. Amma təqdim etdiyim siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb. Sual yaranır, bəs necə oldu ki, bu adamlar bir gecədə estetik cərrah oldular?" - deyə Q.Ataşova paylaşımında yazıb.

Aparıcının bu paylaşımı rezonansa səbəb olub.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi: “Siyahıda adları göstərilən şəxslərin qeyd olunan müəssisələrdə fəaliyyətləri araşdırılıb”

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən  bildirildi ki, plastik cərrahiyyə ixtisası üzrə qeyri-qanuni fəaliyyət göstərən şəxslər barədə Analitik Ekspertiza Mərkəzi tərəfindən 25 dekabr 2023-cü il tarixindən 23 fevral 2024-cü il tarixinədək araşdırma və nəzarət tədbirləri görülüb: “Eyni zamanda bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən də müvafiq araşdırma həyata keçirilib. Siyahıda adları göstərilən şəxslərin qeyd olunan müəssisələrdə fəaliyyətlərinin araşdırılması məqsədilə ümumilikdə 35 plandankənar (növbədənkənar) yoxlama aparılıb, aidiyyəti üzrə şəxslərin fəaliyyəti hər bir müəssisədə ayrıca araşdırılaraq müvafiq tədbirlər görülüb. Yekun olaraq, bir neçə müəssisədə adları qeyd olunan şəxslər müəyyən olunmayan, bəzi hallarda əmək müqavilələrinə artıq xitam verildiyi müəyyən edilən, 14 müəssisədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə intizam tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilib. Bir neçə halda fəaliyyəti aşkar olunan şəxslərin həmin müəssisələrdə fəaliyyətinə xitam verilib və ümumilikdə bütün müəssisə rəhbərliklərinə bu istiqamətdə xəbərdarlıq edilib. Mərkəzin səlahiyyətlərinə aid olmayan müəssisələrdə və məlumat natamam olan (və ya qeyri-müəyyən olan) hallarda araşdırma aparılmayıb. Məsələ daimi nəzarət altındadır”.

Pərvanə Mustafayeva: “Biz diqqəti peşəkar plastik cərrahlara deyil, kabinetlərdə, gözəllik salonlarında əməliyyat edənlərə yönəltməliyik”

Həkim ekspert Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, yayılmış siyahı ilə tanışdır: “Bu daha çox qərəzə oxşayır, Amerikada, Avropada oturub faktsız iddia irəli sürmək asandır. Hər bir iddianı irəli sürən şəxs ortaya konkret sənədlər qoymalıdır və iddiasını sübut etməlidir. Adları çəkilən şəxslərin çox gözəl işləri sübutla var. Onların xəstələri narazı deyil. Biz diqqəti peşəkar plastik cərrahlara deyil, kabinetlərdə, gözəllik salonlarında əməliyyat edənlərə yönəltməliyik. Bu gün salonlarda kosmetoloji xidmət adı ilə fəaliyyət göstərənlər insanları pis günə qoyur, sonra onları bu plastik cərrahlar normal hala salır. Nəzərə almaq lazımdır ki, cərrah toxuma ilə necə rəftar etməyi yaxşı bilir, ancaq kosmetoloqlar yox. Gedib kosmetoloqlara irad tutsunlar. Kosmetoloqlar normal qadının sifətini üz gərmə proseduru ilə nə günə qoyurlar”.

Leyla QARAXANLI





Избранный
20
baki-xeber.com

1Источники