RU

"Yüksəliş" müsabiqəsi və Mentorluq proqramı barədə maarifləndirici görüş keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsi və Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin birgə təşkilatçılığı ilə tələbələr üçün "Yüksəliş" müsabiqəsi və Mentorluq proqramı barədə maarifləndirici görüş keçirilib.

 Görüşdə tələbələrə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixli 1354 saylı Sərəncamına əsasən təsis edilmiş "Yüksəliş" müsabiqəsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki,  müsabiqə, yüksək idarəçilik qabiliyyətinə malik intellektual səviyyəli və perspektivli şəxslərin rəhbər vəzifələrə namizədliyinin müəyyən edilməsi, dəstəklənməsi və ölkə üzrə kadr ehtiyatı bankının yaradılması məqsədi daşıyır.

Görüş zamanı tələbələrə müsabiqənin 5 mərhələdən ibarət olduğu və 32959 nəfərin iştirak etdiyi bildirilib. "Yüksəliş" müsabiqəsində 21-51 yaş arası, ali təhsilli və ən azı 2 illik idarəetmə təcrübəsi olan vətəndaşlar iştirak etmişdir. 2020-2021, 2022, 2023 və 2024-cü illərdə keçirilən seçimlərin nəticəsində 96 nəfər qalib gəlib.

Müsabiqənin ölkədə yüksək nüfuzunun əsas səbəblərindən biri də qaliblər üçün təşkil edilən Mentorluq proqramıdır. Bu proqramın məqsədi qaliblərin, artıq uğur qazanmış idarəçi rəhbərlərlə birbaşa əlaqə qurmasıdır. Görüşdə iştirak edən mentorlar İlahə Baxışova Tahirli və Tural Abdullazadə, qaliblərin inkişafına dəstək verərək, proqramın peşəkar kadrların yetişdirilməsində böyük rol oynadığını göstəriblər.

Ölkədə mentorluq mədəniyyətinin inkişafı və yeni nəsil idarəçilərin yetişdirilməsinin davamlılığının təmin edilməsi məqsədilə, "Yüksəliş" müsabiqəsinin qaliblərinin Mentorluq proqramı çərçivəsində qazandıqları təcrübəni universitet tələbələri ilə bölüşməsi, bu sahədəki bilik və bacarıqlarını artırmağa töhfə verməsi məqsədəuyğun hesab edilir.

Избранный
27
tehsil.biz

1Источники