Gənclər və İdman Nazirliyi (GİN) Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2024-cü il noyabr ayına olan reytinq cədvəlini açıqlayıb.
GİN-in mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, siyahıya 530 xalla Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçu Hidayət Heydərov başçılıq edir. Olimpiadada 5-ci yeri tutaraq tarixi nəticəyə imza atmış bədii gimnastika üzrə qrup hərəkətləri komandası 500 xalla ikinci, Olimpiya Oyunlarının digər qızıl medalçısı Zelim Kotsoyev (cüdo) 430 xalla üçüncü yerdə qərarlaşıb.
Növbəti pillələrdə, müvafiq olaraq, Anna Skidan (çəkic atma, 315 xal), Balabəy Ağayev (cüdo, 300 xal), Elcan Hacıyev (cüdo, 300), Nikita Simonov (kişi idman gimnastikası, 285 xal), Yaşar Nəcəfov (cüdo, 240 xal), Zöhrə Ağamirova (bədii gimnastika, 220 xal) və Zelim Tçkayev (cüdo, 220 xal) yer alıblar.
Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.