RU

Vətən müharibəsində Azərbaycan Ordusu düşmənə ibrət dərsi keçdi

Noyabrın 6-da AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

SİA-nın məlumatına görə, institutdan bildirilib ki, AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ötən əsrin 80-ci illərində Qarabağda baş qaldıran erməni separatçılarının 90-cı illərin əvvəllərində torpaqlarımızın 20 faizini işğal edərək bir milyondan çox azərbaycanlını doğma yurdlarından qaçqın və köçkün saldığını, bu torpaqların 30 ilə yaxın müddət ərzində işğal altında qaldığını xatırladıb.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə hərc-mərcliyə, xaosa son qoyulduğunu və ordu quruculuğuna başlanıldığını deyən akademik 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadi islahatların sürətləndiyini, beynəlxalq münasibətlərin inkişafına, modern ordu quruculuğuna başlanıldığını qeyd edib. O, hakimiyyət, xalq və ordu birliyi sayəsində Vətən müharibəsində Zəfər qazanıldığını, torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb.

Bu müharibədə canlarından keçən şəhidlərin qəhrəmanlıqlarından danışan G.Baxşəliyeva dövlətimizin başçısının Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında 2020-ci il 3 dekabr tarixli Sərəncamını xatırladıb.

Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri dosent Məmmədəli Babaşlı, elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü Vətən müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyətindən danışıblar.

Çıxışlarda 44 günlük müharibənin Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olduğu, bu müharibədə ordumuzun öz hərbi qüdrəti və əzmi ilə düşmənə ibrət dərsi keçdiyi vurğulanıb.

Избранный
45
1
sia.az

2Источники