RU

Türk Dövlətləri Təşkilatının Bişkek bəyannaməsi qəbul edildi- sədrlik Qırğızıstana keçdi...

Image

Məlum həqiqətdir ki, türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.  Xüsusən də son 30 ildə Azərbaycan türk dövlətləri ilə həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə əməkdaşlıq edir, münasibətlər yüksələn xətt üzrə inkişaf edir. 

Ümumiyyətlə, Azərbaycan və türk dövlətləri arasında dərin tarixi əlaqələr mövcuddur. Xalqlarımızın ortaq mədəni kökləri, çoxəsrlik qardaşlıq münasibətləri bugünkü dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.

Türkdilli dövlətlər də Azərbaycanla dostluq və qardaşlıq əlaqələrinin qurulmasına böyük maraq göstərir. Azərbaycan belə hesab edir  ki, türkdilli dövlətlər bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidirlər. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı fəallaşdırmalıdırlar. Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşü həm də buna xidmət edir. Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Türk Dünyasını Gücləndirmək: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və hamı üçün Təhlükəsizlik” şüarı altında Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü türk dünyasının tərəqqisinə xidmət edən mühüm hadisə hesab olunur. Təşkilata üzv ölkələr yenidən bir araya gələrək, sonuncu Zirvə görüşündən keçən dövr ərzində görülmüş işlər və əldə olunmuş nailiyyətləri qiymətləndirəcək, təşkilatın inkişaf etdirilməsi və fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Zirvə görüşündə Türk Dövlətləri Təşkilatnda müşahidəçi üzv statusuna malik ölkələrin də dövlət və hökumət başçıları iştirak ediblər. Onu da bildirək ki, Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşündə dövlət başçıları müxtəlif sahələr üzrə əsas məsələlərə dair qərarlar qəbul edərək, sazişləri yekunlaşdırIblar, üzv və müşahidəçi dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektlərini nəzərdən keçiriblər. Tədbirdə, eyni zamanda, dövlət başçıları tərəfindən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşünün Bəyannaməsi də daxil olmaqla bir sıra sənədlər imzalanıb. . Zirvə görüşünün sonunda Türk Dövlətləri Təşkilatına sədrlik Qazaxıstandan Qırğızıstana keçib. Ekspertlər hesab edir ki, Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşü üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayacaq. Bir mqamı da qeyd edək ki, türkdilli dövlətlər bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birini dəstəkləyir, eyni zamanda, iqtisadi, siyasi əlaqələr durmadan genişləndirilir. Türkdilli dövlətlər tərəfindən icra edilən bütün layihələr öz töhfəsini verməkdədir. Orta Dəhliz layihəsi buna əyani misal kimi göstərilə bilər.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi və Qərbin Moskvaya qarşı sanksiyaları Rusiyanın tranzit ölkə kimi, xüsusən də Avropa İttifaqı ilə Çin arasında quru əsaslı ticarət əlaqələrində effektivliyini məhdudlaşdırıb. Bu kontekstdə Orta Dəhlizin Avrasiya və ümumən bütün dünya üçün əhəmiyyəti artıb. Burada qeyd edək ki, Azərbaycan bu gün yeni geosiyasi çağırışların ticari, iqtisadi əlaqələrə yaratdığı risklərin aradan qaldırılmasında başlıca çıxış yollarından biri kimi nəzərdən keçirilən qlobal nəqliyyat şaxələndirilməsində mühüm rol oynayır. Azərbaycanın tranzit potensialının gücləndirilməsi sahəsində atılmış addımlar ölkəmiz üçün yeni mərhələdə yeni imkanlar yaradıb. Son illər ölkəmizin təşəbbüskarı və əsas iştirakçısı olduğu transmilli enerji, nəqliyyat və iqtisadi layihələrin müasir kontekstdə və yeni reallıqlar fonunda analizi  ölkəmizin mühüm uğurlarını nümayiş etdirir. Konkret Orta Dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxili məhsula malik türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir. Bu arada onu da qeyd edək ki, Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. Türk Dövlətləri Təşkilatının lokomotivləri, aparıcı qüvvəsi olan Türkiyə və Azərbaycan liderlərinin çox yaxşı anlaşması türk dünyasını canlandıran danılmaz faktdır. 2021-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında müttəfiqlik əlaqələri haqqında imzalanmış Şuşa Bəyannəməsi iki ölkə arasında münasibətləri ən yüksək səviyyəyə gətirir. Türk Dövlətləri Təşkilatının Şuşada qəbul edilən Qarabağ Bəyannaməsi də bütünlükdə türk dünyasına uğurlar gətirir. Onu da qeyd edək ki, dünyanın ikili standartlara əsaslanan siyasətinin hələ də davam etdiyi hazırkı dövrdə türk dünyasının birliyinin zəruriliyi özünü daha aydın şəkildə nümayiş etdirir. Proseslər göstərir ki, Türk Dövlətləri Təşkilatının dünya miqyasında böyük bir güc mərkəzinə çevrilməsi qaçılmazdır. Bu birlik möhkəm təmələ əsaslanır və atılan addımlar onu daha da möhkəmləndirir.

Nahid SALAYEV





Избранный
41
baki-xeber.com

1Источники