RU

Bankların faiz siyasəti: narazılıqlar və çıxış yolları

Bankların

Banklar istehlak kreditlərinin ödənişi zamanı ödəniş cədvəlində faiz ödənişlərini əvvələ salırlar. Müştərinin kredit tarixçəsində gecikmə yoxdursa və o, müəyyən müddətdən sonra birdəfəlik ödəniş ilə kreditini bağlamaq istəyirsə, bu zaman görür ki, əvvəlki ödənişlərinin xeyli hissəsi faizə gedib, əsas məbləğdə isə dəyişiklik olmayıb. Bu isə müştərilərin haqlı narazılığına səbəb olur.

Millət vəkili Vüqar Bayramov bildirib ki, hazırda istehlak kredit portfeli 7 milyard manatdan çoxdur və 3 milyon vətəndaşımız bu kreditlər üzrə borclanıb: “Bütün bunlarla yanaşı, digər məqam bankların ödəniş cədvəlində ilk öhdəliklər üzrə faiz ödənişlərini önə salması ilə bağlıdır. Rəqəmlər göstərir ki, istehlak kreditlərində ilk aylar üzrə ödənişlərdə aylıq ödənişin 40 faizə yaxınını faiz ödənişləri təşkil edir. Məsələn, əgər vətəndaşın ilk dövrlər üzrə aylıq ödənişi 300 manatdırsa onun təxminən 120 manatı məhz faiz ödənişidir. Yəni, kommersiya bankları kredit üzrə hesabladıqları faizləri müqavilə imzalanandan qısa müddət sonra müştəridən almağa çalışırlar...

Faiz ödənişlərinin əhəmiyyətli hissəsinin ön aylara daxil etməklə banklar bir tərəfdən risklərini sığortalamağa, digər tərəfdən isə gəlirliyini təmin etməyə çalışsalar da belə bu müştəri üçün xüsusi faiz öhdəlikləri yaradır. Bu eyni zamanda, əsas məbləğ və faizlər üzrə ödənişlərin aylar üzrə proporsional və bəzən də ədalətli bölgüsünə imkan yaratmır. Bu baxımdan, banklar üçün əsas məbləğ və faizlər üzrə ödəniş qrafiki ilə bağlı ədalətli və proporsional bölgünün tövsiyyəsi məqsədəuyğun olardı”.

İqtisadçı ekspertlər bu barədə fikirlərini “Xalq Cəbhəsi”nə bölüşdülər.

“Banklar faiz ödənişlərini əvvələ salırlar”

İqtisadçı ekspert Xalid Kərimli bunun doğru olduğunu və Mərkəzi Bankın təlimatları, qaydaları ilə tənzimləndiyini qeyd edib. O əlavə edib ki, vətəndaş borcu ödəyərkən ilk növbədə faiz borcu ödənilir, daha sonra əsas borc: “Tutaq ki, vətəndaş 20 faizdən 10 min manat kredit götürüb. Məsələn, ilə 2 min manat faiz borcudur. Qrafiki tutaq ki, 200 manatdırsa, o zaman öncə 167 borcdan silinəcək, yerdə qalan 33 manat əsas məbləğə gedəcək. Çünki vətəndaş borcunu ödəyəndə əvvəlcə aya görə toplanmış faizi, sonra əsas məbləği ödəyir. Yəni vətəndaşın o 200 manatlıq ödənişi iki hissəyə bölünür: əsas borc və faiz məbləği. Və əvvəlki dönəmlərdə də əsas məbləğ çox olduğuna görə faizi də daha çox olur, tədricən isə azalır. Yəni burada yanlış bir məsələ, qanunsuzluq yoxdur. Bu, annuitet ödəmənin normal qaydasıdır və dünyanın hər yerində də belədir”.

X.Kərimli həmçinin bildirib ki, bərabər hissələrə bölünüb borc alınanda həmin o bərabər hissələrlə faiz axıra saxlanmır: “Həmin o bərabər hissə ödəniləndə yığılmış faiz də ödənilir. Ona görə də vətəndaşın ödədiyi ümumi məbləğ iki hissəyə bölünür. Faiz də ilk dönəmdə çox olduğuna görə çox silinmiş olur. Yəni ödənilən məbləğin çox hissəsi faizə getmiş olur. Ancaq borcu tam bağlayan halda bütün faiz ödənmir, həmin dövrə yığılmış faiz ödənmiş olur. Vətəndaş borcu tez ödəyə bilər, hətta belə bir hal da ola bilər, yəni müqavilədə göstərilə bilər ki, borcu tez ödəyəndə cərimə faizi də işlənə bilər. Bu da qanunidir. Müqavilə bağlayarkən onu da nəzərə almaq lazımdır ki, borcu tez bağlamaq istəyəndə cərimə faizi olmasın”.

“Müqavilədən kənar hər hansı ödəniş hesablanmır”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov bildirib ki, istehlak krediti götürən hər bir vətəndaş kreditin geri ödənişi ilə bağlı bankla müqavilə bağlayır: “Müqavilədə kreditin ödənilmə qaydaları qeyd olunur və vətəndaş həmin qaydalar üzrə ödənişin edilməsi ilə bağlı öhdəlik götürür”.

O əlavə edib ki, bank da kredit faizini hesablayanda müqavilənin şərtlərinə uyğun hesablayır və kredit bağlayanda əvvəlki ödənişlərin silinməsi və əsas məbləğlə bağlı fikir ayrılıqları meydana gəlir: “Vətəndaş bankla bağladığı müqaviləyə əsasən həm hesablanmış faizi, həm də əsas hissəni ödəyir. Burada uyğunsuzluq baş verirsə ilk növbədə banka müraciət olunmalıdır. Əgər bank müqaviləyə uyğun gəlməyən şəkildə faizləri silərək əsas məbləği saxlayırsa, təbii ki, məhkəməyə müraciət olunmalı və pozulmuş hüquqların bərpasını tələb etməlidir. Amma hesab edirəm ki, banklar vətəndaşlarla bağlanmış müqavilədən kənar hər hansı bir ödəniş hesablamırlar. Sadəcə pulu kredit alanda asan görünür, qaytarılanda isə çətin. Çünki qaytardığı məbləğ aldığı məbləğdən çox olur və bu da vətəndaşın xoşuna gəlmir”.

Sədr müavini sonda qeyd edib ki, bunun üçün biz istehlak kreditlərin alınmasına meyilli olmamalıyıq.

“Bank müştərinin tələbini yerinə yetirmirsə...”

İqtisadçı ekspert Ruslan Atakişiyev bildirib ki, bir sıra banklar öz müşrətiləri ilə münasibəti özlərinin daxili siyasətlərinə uyğun formalaşdırırlar, amma bütün hallarda onların xidmətlərindən istifadə edən şəxslər istehlakçı sayılırlar.

Ekspert qeyd edib ki, bu baxımdan da hər hansı bir müştərinin ixtiyarı var ki, birinci növbədə banka onun əlaqə vasitələri üzərindən yazılı şəkildə müraciət etsin: “Çünki ümumiyyətlə, bankların Mərkəzi Bank qarşısında öhdəliyi ondan ibarətdir ki, onlara ünvanlanmış hər hansısa bir şikayətlərə, iradlara cavab versinlər. Bunlarla bağlı da Mərkəzi Banka hesabat verməlidirlər ki, onlara ünvanlanmış şikayətlər nə qədər olub, nə qədərinə baxılıb və nə qədəri həllini tapıb. Əgər bank da müştərinin tələbini yerinə yetirmirsə, bu zaman Mərkəzi Banka müraciət edə bilərlər. Ümumiyyətlə, banklar özləri bir sıra hallarda müxtəlif daxili siyasət şəklində bunları həyata keçirirlər. Müştəri bu məsələni müvafiq qurumlar qarşısında qaldırmaqla, bankın rəhbərliyi və Mərkəzi Banka şikayət etməklə həllinə nail olmağa çalışa bilər”.

“İstifadə edilən metod daha əlverişlidir”

İqtisadçı Eldəniz Əmirov kreditlərin hesablanması zamanı bütün dünyada, eləcə də Azərbaycanda sadə bildiyimiz faiz, kompleks faiz, annuitet ödənişlər deyilən hesablama metodu, azalan balans faizi və s. kimi bir neçə metodun olduğunu diqqətə çatdırıb.

O, Azərbaycanda daha çox azalan balans metodu və annuitet metoddan istifadə olunduğunu deyib: “Bu, hazırda bütün bankların təqdim etdiyi və müştəriyə də digər üsullarla müqayisədə daha çox sərf edən bir ödəniş hesablama üsuludur. Çünki bütün aylarda məbləğ olaraq bərabər olur. Bu daha çox fiziki şəxslərin kreditləşməsi zamanı istifadə olunur. Burada bilavasitə dünyada tətbiq edilən metodlardan tətbiq olunur və aylar üzrə bölgünün də bərabər getməsi şərtlərində annuitet metod daha çox istifadə olunur. Sadəcə ilk vaxtlarda əsas borc az olur, faiz isə yuxarı olur. Yəni bu, faizin artması deyil, faizə düşən pulun daha çox hissəsi əvvəl olur. Sonra getdikcə əsas borca olan hissə artır, faiz hissə azalır. Yəni bu, bütün bankların istifadə etdiyi metoddur”.

İqtisadçı, “yəni burada hər hansısa metod səhvdir deyə bilmərik. Ən azı iqtisadi cəhətdən qeyri-peşəkarlıq olar. Sadəcə hesablama metodları var və istehlakçılara, banklara da bu metod daha çox uyğun olduğundan bu metoddan istifadə olunur. Əgər digər metod daha əlverişli olsa, banklar arasında rəqabət var, digər metoddan istifadə etməklə daha çox müştəri yığa bilərlər. Amma hazırda istifadə edilən metod digərləri ilə müqayisədə daha əlverişlidir”, - deyə əlavə edib.

“Bu düzgün yanaşma deyil”

İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, bəzən görürük ki, ödənən məbləğin 40 faizindən çoxu faizlərə hesablanır. Bu da bəzi hallarda vaxtından tez ödənilən kreditlərdə müştərinin müəyyən vəsait itkisinə səbəb olur. Məlum olur ki, ödənişin çox hissəsi faizə olub, əsas məbləğdə dəyişiklik yoxdur.

O bildirib ki, banklar öz risklərini təmin etmək üçün bu cür yanaşmaya yol verirlər: “Amma bunlar tənzimlənməlidir və ödənişlərdə faizlərin bir hissəsi müəyyənləşməlidir. Yəni ki, hər ayın ödənişinin 15-20 faizinə qədəri faizlərə yönəldilməlidir, qalanı əsas məbləğdən silinməlidir. İndiki yanaşma ilə əlbəttə ki, banklar daha çox gəlir əldə edirlər və hətta kreditin daha tez bağlanmasına baxmayaraq gəlirləri daha çox olur. Bu da hesab edirəm ki, düzgün yanaşma deyil. Çünki kreditin müddətinə görə gəlir, qazanc olmalıdır. Amma bizdə bu, əks reaksiya verir və bu baxımdan, əlbəttə, məqsədəuyğun olardı ki, bu, hansısa formada tənzimlənsin və faizlərin ödənişi müəyyən proporsiya ilə və ya limitlə, ya da məhdudiyyətlə həyata keçirilsin”.

“Vətəndaşların hüquqları pozulur”

İqtisadçı ekspert Akif Nəsirli banklarda verilən kreditlərin vaxtından əvvəl ödənilməsinin bank tərəfindən zərər kimi qiymətləndirildiyini deyib: “Yəni tutaq ki, bank 1 il müddətində müştəridən 500 faiz əldə etməli idi, amma 8 ay sonra müştəri bildirir ki, kreditimi bağlamaq istəyirəm. O halda müştəri tarixçəyə baxıb görür ki, gözlənilən faiz dərəcələri əvvəlcədən müştirədən çıxılıb, əsas məbləğ isə qalıb”.

Ekspert əlavə edib ki, bu halda banklar tələb edir ki, qalan əsas məbləği tam ödəsinlər: “Bu zaman müştəri bankın gözləntisi olan 1 illik faiz dərəcəsini ödəmiş olur. Yəni bu, haqsızlıqdır, vətəndaşların hüquqlarının pozulmasıdır. Tutaq ki, vətəndaş bankın verdiyi krediti 6 ay özündə pul kimi saxlayıbsa, 6 aydan sonra qalan hissəni qaytarıb krediti bağlamaq istəyirsə, krediti özündə saxlamadığı dövr üçün vətəndaş nəyə görə faiz ödəməlidir? Əslində, ədalətlilik prinsipi ondan ibarətdir ki, hər ayın faiz dərəcələri ilə bərabər, kreditin əsas məbləği də toplam olaraq aylara bölünməlidir. Yəni faiz dərəcələri üstəgəl toplam kredit toplanmalı və 12 aya bölünməlidir”.

A.Nəsirli həmçinin qeyd edib ki, vətəndaş da krediti həmin prinsipə uyğun ödəyir, amma tutaq ki, bankın 300 manat faiz dərəcəsi ilə mənfəəti var, əvvəlcə o mənfəəti çıxır, əsas məbləği geriyə saxlayır: “Əsas məbləği geriyə saxlayır ki, vətəndaş krediti erkən qaytaranda bank faiz dərəcələrini itirməsin. İllik faiz dərəcələrini çıxır. Yəni vətəndaş tez ödəsə də xeyri yoxdur, əvvəlcədən bağlanan müqaviləyə uyğun bütün məbləği vətəndaşdan alır. Bu da haqsızlıqdır, qanuna ziddir. Yəni bank kredit vermədiyi dövrün faizini vətəndaşdan alır. Mən bu məsələ barədə bir neçə dəfə danışmışam. Banklar ilə bu cür problem yaşayan vətəndaşların hüquqlarının müdafiəsi üçün banklara bir neçə dəfə müraciət etmişəm. Onlardan bəzilərinin həll olunmasına nail olmuşuq, amma əksəriyyətində bu problemin həlli mümkün olmayıb”.

Röya İsrafilova

Избранный
55
xalqcebhesi.az

1Источники