RU

Şimali Koreya Rusiya-Ukrayna müharibəsinə qoşulur

Şimali

Müharibə region sərhədlərindən kənara çıxa bilər…

Ötən ay Şimali Koreya əsgərlərinin Rusiya sərhəddində görünməsi xəbəri dünyanı, xüsusən də Ukraynanı müdafiə edən hegemon dövlətlərin narahatlığına səbəb oldu. Bununla bağlı müxtəlif informasiya, ittiham və açqılamalar mövcuddur. İlk olaraq bu məlumatı Ukrayna və Qərb hakimiyyət orqanları yayıb. Onların məlumatına görə, Şimali Koreya Rusiyaya 10 minə yaxın hərbçi göndərib və onlar tezliklə Rusiya-Ukrayna müharibəsinə qatılacaqlar.

Eyni zamanda, qeyd olunub ki, bu qoşunlar Koreya Xalq Ordusunun elit bölməsinin bir hissəsidir. Onlar Vladivostokdan İl-76 təyyarələri ilə Rusiyanın qərbindəki hərbi aerodromlara aparılır, sonra isə döyüş bölgəsinə göndərilir.

Hətta Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Şimali Koreyadan ilk hərbçilər artıq Kursk vilayətinə gəldiyini deyib.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinqh deyib ki, Şimali Koreya Rusiyaya 10 minə yaxın əsgər göndərib və onlar yaxın həftələrdə Ukrayna yaxınlığındakı rus qoşunlarına qoşula bilər.

“Bu əsgərlərdən bəziləri artıq Ukraynaya yaxınlaşıb və biz getdikcə daha çox narahat oluruq ki, Rusiya bu əsgərlərdən döyüşdə istifadə edə və ya onlar Kursk bölgəsində ukraynalı əsgərlərə qarşı döyüş əməliyyatlarını dəstəkləyə bilər”, - o bildirib.

Milli Assambleyanın Milli Kəşfiyyat Komitəsinin üzvü, Seulun Rusiyadakı keçmiş səfiri Vi Son Lakın sözlərinə görə, Pxenyan və Moskva arasında hərbi əməkdaşlıq Rusiya – Ukrayna münaqişəsindən sonra da davam edəcək.

Diplomat vurğulayıb ki, tərəflər qarşılıqlı müdafiə paktına uyğun olaraq, onlardan hər hansı birinə hücum edilərsə, dərhal hərbi yardım göstərməyə razılaşıblar.

Nəşr qeyd edib ki, Şimali Koreya əsgərlərinin Rusiya – Ukrayna müharibəsində iştirakı Rusiyaya ərzaq tədarükü, əhəmiyyətli maliyyə zəmanətləri və Cənubi Koreya Asiyada hərbi əməliyyatlara başlayarsa, münaqişəyə qoşulmaq vədinə başa gələcək.

Prezident Vladimir Zelenski Ukrayna kəşfiyyatının məlumatlarına istinadən iddia edir ki, Rusiyanın Kursk vilayətinə Şimali Koreyadan olan 11 min hərbçi gətirlib. Onlar Rusiya tərəfdən döyüşə giriblər. “İnterfaks-Ukrayna” Zelenskidən sitat gətirib: “Bu gün Rusiya ərazisində Şimali Koreya ordusu ilə bağlı Baş Kəşfiyyat İdarəsi və Xarici Kəşfiyyat Xidmətindən ayrıca hesabat var. Kursk bölgəsinə artıq 11 min Şimali koreyalı gətirilib. Biz Şimali koreyalıların sayının artdığını görürük, amma tərəfdaşlarımızın reaksiyasında artım görmürük”.

Rusiya KXDR hərbçilərinin Rusiyaya göndərilməsini inkar etmir və onları Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüş əməliyyatlarına cəlb etmək planlarına dair xəbərləri şərh etmir.

Qərb ölkələri Şimali Koreya hərbçilərinin iştirakını münaqişənin ciddi şəkildə eskalasiyası hesab edirlər.

Şimali koreyalı ekspert Sonq Yun Li "Skay Nyus"a açıqlamasında deyib ki, Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya əsgərlərinin Rusiya-Ukrayna sərhədinə yerləşdirilməsini istəyə bilər.

“Putin Şimali Koreyadan döyüş sursatı, tank əleyhinə artilleriya mərmiləri və ola bilsin işçi qüvvəsi, yəni Rusiya ilə Ukrayna arasındakı sərhəd bölgəsində yerləşdiriləcək Şimali Koreya əsgərlərini istəyir”, - Li bildirib.

O iddiasını belə əsaslandırıb: "Xaricdə işləyən bütün işçiləri məcburi şəkildə Şimali Koreyaya geri göndərməyə çağıran BMT təhlükəsizlik qətnaməsinə (2017-ci il) baxmayaraq, minlərlə Şimali koreyalı işçi hələ də Rusiyadadır. İndi Rusiyanın bu müharibədə verdiyi ağır itkiləri və qurbanları nəzərə alsaq, daha çox canlı qüvvəyə ehtiyacı var".

O vurğulayıb ki, Şimali Koreya lideri nə insan həyatına hörmət edir, nə də öz xalqının həyatına.

Onun sözlərinə görə, Putin və Kim Çen İn arasında danışıqların utilitar, praqmatik aspekti var.

Ekspert qeyd edib ki, Kim Çen Rusiyadan daha qabaqcıl hərbi texnologiyalar almağa çalışır.

“Vaşinqton Tayms” isə Ukrayna rəsmilərinin birinə istinadən yazıb ki, Şimali Koreyanın bir neçə min əsgəri Rusiya ərazisində təlim keçir.

O bildirib ki, bu qüvvələr 2024-cü ilin sonunda Ukraynada cəbhə xəttinə, yaxud Rusiyanın sərhədyanı ərazilərinə göndərilə bilər. Sərhədyanı ərazilərdə koreyalı əsgərlərin olması rus ordusuna buradakı qüvvələri cəbhəyə atmağa imkan verəcək.

Cənubi Koreya və Ukrayna rəsmilərinin fikrincə, Şimali Koreya ordusu çox güman ki, Donetsk vilayətinin işğal olunmuş hissəsində yerləşəcək. Ukrayna kəşfiyyatının məlumatına görə, Şimali Koreyanın bəzi zabitləri rusların hərəkətlərini izləyir və Ukraynanın işğal olunmuş ərazilərində döyüş meydanını öyrənirlər.

Cənubi Koreyanın “Korea Herald” qəzeti ölkənin Rusiyadakı keçmiş səfirinə istinadən məlumat yayıb ki, Şimali Koreya Rusiyaya göndərdiyi qoşunun müqabilində Kremldən düyü və kosmik texnologiya alacaq.

Nəşrin yazdığına görə, Cənubi Koreya kəşfiyyat komitəsindən məlumat alan Vi Son Lak bildirib ki, əvvəllər Moskva Pxenyana ildə 50 min tondan 100 min tona qədər düyü verirdisə, indi tədarük 600-700 min tona qədər artırılacaq. Şimali Koreya hakimiyyətinin məlumatına görə, Rusiya həmçinin qabaqcıl kosmik texnologiyaya malik yeni kəşfiyyat peykini buraxmağa hazırlaşan Pxenyana kömək edir.

Bununla belə, keçmiş səfirin fikrincə, Moskva ilə razılaşmanın ən mühüm hissəsi Koreya yarımadasında müharibə başlayacağı təqdirdə Pxenyanın Rusiyanın hərbi dəstəyini təmin etməsidir: “Şimali Koreya, indi hamının bildiyi kimi, Rusiyanın tərəfində vuruşurdu. Koreya yarımadasında nə vaxtsa müharibə başlasa, Şimali Koreya Rusiyanın köməyinə gələcəyinə ümid edə bilər”.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib ki, Rusiyada yerləşən Şimali Koreya qoşunları Ukraynadakı döyüşlərə cəlb olunarsa, qanuni hədəfə çevriləcək.

“Şimali Koreya əsgərləri Ukraynada döyüşmək qərarına gəlsələr, onlar qanuni hərbi hədəfə çevriləcəklər”, - o bildirib.

Qeyd edək ki, Pentaqon Şimali Koreya qoşunlarının Rusiya ərazisində olmasına dair sübutların olduğunu bəyan edib.

Almaniya kansleri Olaf Şolts Hindistana səfəri zamanı jurnalistlərə müsahibəsində bildirib ki, Şimali Koreya qoşunlarının Rusiyaya gəlişi və onların Ukraynaya qarşı müharibədə mümkün iştirakı münaqişənin gərginləşməsinə gətirib çıxarır.

"Şimali Koreya əsgərlərinin Rusiyaya təhvil verilməsi və onların Ukraynada mümkün yerləşdirilməsi məsələsi böyük narahatlıq doğurur. Bu, ciddidir və indiki vəziyyətdə eskalasiyaya səbəb olan budur", - Şolts qeyd edib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin isə deyib ki, Rusiya diktatoru Vladimir Putin Ukraynadakı müharibədə hətta KXDR-dən olan əsgərlərin köməyi ilə də qalib gələ bilməyəcək.

O bildirib ki, Birləşmiş Ştatlar və tərəfdaşları Rusiyanın Şimali Koreya hərbçilərini savaşa cəlb etməsinə qarşı cavab variantlarını müzakirə edirlər: "Biz buna çox ciddi yanaşırıq. Kremli kursu dəyişməyə çağırırıq. Biz həm Avropa, həm də Hind-Sakit okean regionu üçün təhlükəsizlik nəticələrini tam başa düşürük. Putin Şimali Koreyanın böyük yardımı ilə də Ukraynada qalib gəlməyəcək"

Politoloq Elşən Manafovun" Xalq Cəbhəsi"nə deyib ki, Böyuk Britaniyanın müdafiə naziri belə bir açıqlama ilı çıxış edib, hərçənd bununla bağlı Qərbin əlində ciddi dəlil, sübut yoxdur, peykdən çəkilən hansısa şəkillərə istinad edirlər: “Ukrayndan fərqli olaraq Rusiyanın müharibənin aparılması üçün silahlı kontingentində problem yaşanmır. Dünya orduları arasında güc və döyuş qabiliyyətinə görə, Rusiya 1-ci yerdədir. Bunu Birləşmiş Ştatlarda Müharibə Araşdırmaları İnstitutu rəy sorğuları və apardığı təhlillər hesabına müəyyənləşdırib. Bu ordu Çin ordusundan sonra 1milyon 325 min nəfərklik say göstəricisi ilə 2-ci yerdədir, təxminən eyni sayda orduya Şimali Koreya malikdir.

Müharibədə Ukraynanın verdiyi canlı itki ona ordu sıralarında yaranmış boşluğu qısa zamanda doldurmağa imkan vermir, buna görə də Ukrayna yaş həddini aşagı salmağa məcbur olub. Üstəlik fərarilik hallarının artması ordu üçün ciddi problemə çevrilib. Silah, sursata gəlincə, Ukrayna NATO-nun dəstəyi ilə Rusiyaya qarşı döyuşur, Zelinskinin “Qələbə planı” da bunu təsdiq edir, bu plan Ukraynanın Qərb tərəfindən silahlandırılması və maliyyə dəstəyinin artırılmasını ehtiva edir, habelə NATO çətirinin altına girmək də Zelinskinin əsas istəyidir”.

Politoloq onu da vurğulayıb ki, Rusiyanın insan resursları baxımından problemi yoxdur, üstəlik Şimali Koreya ilə Rusiya arasında strateji tərəfdaşlıq haqqında müqavilə mövcuddur və məlum müqavilənin 4-cü bəndinə əsasən tərəflər zərurət yaranarsa, bir-birilərinə hərbi dəstək göstərməyə məsuldurlar. Bu baxımdan hətta Şimali Koreya qoşunlarının məhdud kontingenti Rusiya tərəfində çıxış etsə belə, burada beynəlxalq hüquqa zidd bir şey yoxdur.

Ukrayna tərəfində isə NATO mutəxəssislərinin birbaşa iştirakı barədə təkzibedilməz faktlar var, rəsmi Kiyev bunları Qərbin könullulərdən ibarət dəstələr olduğunu qeyd edir.

Şimali Koreyanın Rusiya tərəfində müharibəyə qatılmasi barədə məlumatlar isə Şimal Alyansının Rusiyaya qarşı muharibədə iştirakını ört-basdır etmək niyyətlərindən irəli gəlir.

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Şimali Koreya hərbçilərinin Rusiyada yerləşdirilməsi və Ukrayna cəbhəsinə göndərilməyə hazırlanması müharibəni fərqli müstəviyə daşıyacaq. Qərb ölkələrinin liderləri və NATO baş katibi sərt açıqlamaları ilə Kremli bu addımdan çəkindirməyə çalışsalar da, bunun nəticə verməyəcəyi onlara da aydındır. Kreml öz planlarından imtina etməyəcək.

“Ukrayna Prezidenti Vladimir Zelenski Şimali Koreya qoşunlarının hələ döyüşə girmədiyini bildirsə də, “bu, ayların yox, günlərin işidir” deyə vurğulayıb: “Şimali Koreya əsgərləri Kurskdadır. Onlar Ukrayna ilə döyüşməyə hazırlaşır, bu, iki ölkənin birinə qarşı müharibəsidir”. Ukrayna prezidenti Rusiyanın Şimali Koreya ilə açıq şəkildə tərəfdaşlıq etdiyini, təxminən 3,5 milyon artilleriya mərmisi əldə etdiyini də vurğulayıb. Zelenski Qərb ölkələrindən Ukraynaya dəstəklərini artırmasını istəyib.

Zelenski Çinin mövcud duruma susmasına işarə edərək regional təhlükəsizliyin təminatçısı kimi Çinin “səssizliyi təəccüblüdür” deyib: “Pekinin bizim tərəfimizdə olduğunu deyə bilmərəm, ancaq Çin regional dövlət olaraq Rusiya-Ukrayna müharibəsinin genişlənməsində maraqlı olmamalıdır. Asiyada Yaponiya və Cənubi Koreya sivil dövlətlərdir və Şimali Koreyanın Rusiyaya hərbçi göndərməsindən narahat olublar, bəyanat veriblər, Çindən isə səs çıxmır”.

Çin Şimali Koreya ilə sıx münasibətlərə malikdir. Şimali Koreya ərzaq çatışmazlığı ilə qarşılaşanda birinci növbədə qonşusu Çinə müraciət edir. Rusiyanın son zamanlar Şimali Koreya ilə əlaqələrini genişləndirməyə başlaması Pekinin narahat etməyə bilməz. Şimali Koreyanın Rusiyaya hərbçilərini göndərməsi də Çinin maraqlarına cavab vermir. Buna baxmayaraq, Pekin açıq şəkildə bunun əleyhinə çıxa bilməz, çünki Rusiya ilə tərəfdaşlıq münasibətlərinə kölgə salmaq istəmir”, - politoloq vurğulayıb.

…Ötən gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib ki, Şimali Koreya qoşunları artıq Kursk istiqamətində Ukrayna Silahlı Qüvvələri ilə döyüşə girib.

Cavid

Избранный
30
50
xalqcebhesi.az

10Источники