RU

Məqsədyönlü siyasətin növbəti uğurlu mərhələsi -COP29

Qlobal problemlərin mənfi təsirlərinin  artması bəşəriyyəti ciddi şəkildə narahat edir. Yaranmış vəziyyət dünya dövlətləri və beynəlxalq təşkilatlar arasında birgə əməkdaşlığı, müxtəlif səviyyələrdə koordinasiyalı fəaliyyətin göstərilməsi zərurətini yaradır. Bu gün iqlim dəyişikliyinin canlı aləmə zərərli təsirinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi dünya birliyinin diqqət mərkəzindədir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) kimi mötəbər tədbirin keçirilməsi də məhz bu məqsədə xidmət edir.

BMT-nin ən böyük tədbirlərindən birinə - COP-un 29-cu sessiyasına ev sahibliyi hüququ qazanması Azərbaycanın növbəti uğurudur. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük göstəricisidir.

Bakıda keçiriləcək tədbirin əhəmiyyətini göstərən məqamlardan biri orada iştirak edəcək qonaqların sayıdır. Belə ki, ilkin məlumatlara görə, COP29-da 100-dən çox ölkənin nümayəndələri, xüsusilə ətraf mühitin mühafizəsi, ekologiya, yaşıl enerji sahələrində ixtisaslaşan qurumların təmsilçiləri, ümumilikdə,  80 minə yaxın qonağın iştirakı gözlənilir.

Azərbaycan COP29-da yeni iqlim maliyyəsi hədəfi ilə bağlı razılaşmaya nail olunmasının vacibliyini önə çəkir. İqlim konfransında “Bakı Sazişi”nin imzalanmasının beynəlxalq ictimaiyyətin ümumi nailiyyəti kimi tarixə düşəcəyinə inam böyükdür. Xüsusilə də kiçik ada dövlətlərinə münasibətdə daha səmərəli tədbirlər görülməli, daha həssas yanaşma sərgilənməlidir. Azərbaycanın COP29-a sədrliyi zamanı iqlim dəyişikliyinin inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yaratdığı problemlərin həlli prioritetlər arasında olacaq. COP29 çərçivəsində, həmçinin  inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə toplantısının keçirilməsi də planlaşdırılır. Azərbaycan COP29 çərçivəsində kiçik ada dövlətlərinə münasibətdə konkret nəticəyə nail olmaq əzmi nümayiş etdirir. Hazırda kiçik ada dövlətləri ilə fəal iş aparılır. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılması planlaşdırılır.

COP29-la bağlı Azərbaycanın irəli sürdüyü təşəbbüslərin məzmunu göstərir ki, bu gün Cənubi Qafqazda sülhün təmin olunması üçün ölkəmiz kifayət qədər ciddi səy göstərir. COP29 gündəliyinə daxil edilən 14 böyük təşəbbüsdən birinin məhz sülhün, dialoqun və barışığın daha geniş şəkildə təbliği, iqlimlə bağlı fəaliyyət üçün bütün siyasi diqqəti və diplomatik səyləri səfərbər etmək məqsədi daşıması da təsadüfi deyil. Azərbaycan COP29-a ev sahibliyi etməklə iqlim dəyişmələrinə qarşı mübarizə kimi mühüm qlobal məsələdə nümunəvi liderlik nümayiş etdirir.  Məqsəd bütün dövlətlərin "yaşıl", ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyinə nail olmaq, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaqdır.

Göründüyü kimi, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) maksimum səmərəliliyinə nail olmaq üçün mühüm addımlar atır. Rəsmi Bakı qarşıdan gələn qlobal iqlim tədbirinin bütün məqsədlərinə nail olmağa çalışır.

Azərbaycanın irəli sürdüyü təşəbbüslər adətən qlobal xarakterli olmaqla yanaşı, yeni çağırışları, müasir və innovativ yanaşmaları özündə əks etdirir. Təcrübə də göstərir ki, ölkəmizin beynəlxalq miqyasa malik problemlərin həllinə baxışı və ortaya qoyduğu həll yolları pozitiv dəyərləndirilir. Bu mənada bir neçə gündən sonra Bakıda reallaşacaq COP29-un da mövcud problemlərə qarşı mübarizədə mühüm bir mərhələyə çevriləcəyinə inam və ümid böyükdür. Artıq bir çox dövlətlər rəsmi Bakının ortaya qoyduğu bu müsbət davranışa dəstək verir, proses çərçivəsində yeni addımların atılması zərurətini səsləndirir, Azərbaycanın nümayiş etdirdiyi iradəni alqışlayır.

Beləliliklə, Azərbaycan hər zaman iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına qoşulan ölkələr sırasında ən önəmli yerlərdən birini tutub. COP29 isə bu ardıcıl siyasətin növbəti və uğurlu bir mərhələsi kimi tarixə yazılacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”

Избранный
46
50
ikisahil.az

10Источники