RU

Səfir Balayan və ya Ostap Benderin erməni prototipi

Ermənistanın Aİ-dəki təmsilçisi şər və böhtanla “nəfəs alır”

Ermənistanın Avropa İttifaqında Tiqran Balayan adlı səfiri var. Sanki dövlət içində dövlətdir. Bakı-İrəvan sülh gündəmi ilə bağlı məsələlərin, sanki, ona heç bir aidiyyatı yoxdur. Özünün şər və böhtan gündəmi var. Əlinə düşən hər imkandaca ölkəmiz əleyhinə hədyanlar yağdırır. Avropa Parlamentinin anti-Azərbaycan mahiyyətli qətnamələrinin, qurumda dövlətimizi ləkələməyə hesablanmış müzakirələr zamanı, az qala, küçə jarqonları ilə edilən ayrı-ayrı çıxışların, belə demək mümkünsə, fəal şparqalka dəstəkçisi də məhz odur.

Tiqran həyasızlıq baxımından, həqiqətən, çox unikal tapıntıdır. O, tipik erməni obrazının nümunəsidir. Bəlkə, nə zamansa, Azərbaycanla Ermənistan arasında yaxınlıq yaranacaq, ziddiyyətlər tam aradan qalxacaq, xalqlar bir-birinə nifrət deyil, hörmət bəsləməyə başlayacaqlar. Məhz o zaman Balayanın iyrənc cəsədinin hiddət mumiyası kimi muzeydə saxlanılmasına ehtiyac yaranacaq. Deyiləcək ki, bu neandertal keçmişin murdar yaşantısının nümunəsi, utanc yeridir.

Bəli, T.Balayan yenə hoqqabazlıq edib. Amma bir qədər fərqli tərzdə. Deməli, o, Brüsseldəki diplomatik nümayəndəliklərə donos yazıb etiraz edərək bildirib ki, guya, Azərbaycanın Aİ-dəki nümayəndəsi Vaqif Sadıqov onu ölümlə hədələyib. Xəbəri “Politico” nəşri yayıb və hazırda Ermənistanın media orqanları bu cəfəngiyyatı tirajlamaqla, öz aləmlərində, ölkəmizi ləkələməklə məşğuldurlar.

Beləliklə, T.Balayan donosunda yazıb ki, azərbaycanlı diplomat ona şifahi şəkildə hədə-qorxu gəlib, həyatına birbaşa təhdidlər edib. “Politico”nun bildirdiyinə görə, diplomatik təmsilçilər arasında insident Brüsseldə Türkiyə səfirliyinin Cümhuriyyətin elanının 101-ci ildönümünə həsr olunmuş qəbulunda yaşanıb. “Politico” qəbulu 2020-ci ilin 44 günlük müharibəsindən sonra Ermənistan səfirliyinin Ankaranın təşkilatçılığı ilə dəvət olunduğu ilk tədbir kimi xarakterizə edib. Belə görünür, Balayan tədbirdə özünü heç yaxşı aparmayıb.

Onu da xüsusi qeyd edək ki, V.Sadıqov ölkəmizin təcrübəli diplomatlarındandır, ömrünü bu sahəyə sərf etmiş dövlət xadimidir, olduqca mədəni və alicənab insandır. Heç bir halda, onun nəinki kimisə ölümlə hədələməsi, ümumən, nalayiq tərzdə davranması kimi bir durum ola bilməz. Əlbəttə, diplomatik müstəvidə hansısa gərginliyin yaşanması mümkündür və bu, tam normal haldır. Problem isə ondadır ki, T.Balayan kimi məxluqun diplomatiyaya heç bir aidiyyatı yoxdur. Onu adam sayıb hansısa tədbirə çağırırlar, o da başlayır bu sayaq sərsəmləmələrlə gündəmə gəlməyə. Hazırda erməni səfir “12 stul”un məşhur qəhrəmanı Ostap Benderdən heç nə ilə fərqlənmir. Ostap Bender obrazı atın altına düşməsi və məsələ barədə qəzetlərin yazması ilə öyünürdü. Balayan da çox güman, özü barəsində söz açılması ilə qürrələnir. Bu, rəzillik və miskinlikdən başqa bir şey deyil.

Bəli, T.Balayan vaxtaşırı Azərbaycan əleyhinə qərəz uydurmasa, dayana bilmir. Böyük ehtimalla, guya, ağır şəraitdə işlədiyini, həyatına təhlükə olduğunu deyib Ermənistan hökumətindən nə isə əlavə maliyyə də istəyəcək. Şübhəsiz, bu əbləhdən nə desən çıxar. Üstəlik, insidentin Türkiyə tərəfi də var. Erməni diplomat Türkiyə səfirliyində ölümlə hədələnir. Bu, tipik erməni, terrorçu daşnak düşüncə tərzinin məhsuludur. Balayan bu sayaq düşüncə ilə zəhərlənmiş biridir.

T.Balayan, eyni zamanda, erməni avantürizminin, belə demək mümkünsə, parlaq daşıyıcısıdır. Diqqət yetirək, 1994-1999-cu illərdə İrəvan Dövlət Universitetində beynəlxalq münasibətlər üzrə tarixçi ixtisasına yiyələnmiş səfirin müdafiə etdiyi dissertasiyanın adı “Dağlıq Qarabağ mövzusu və beynəlxalq diplomatiya: 1991-1994-cü illər”dir. Bu zavallı nağıl yazdığına görə elmi dərəcə alıb. O, həmçinin Qarabağla bağlı məqalə kimi qələmə verilən çoxsaylı zay təfəkkür məhsullarının da müəllifidir. Deməli, uydurduğu nağıl və hekayələrə inandığından, sərsəmliyə baş vurmasında, ilk baxışdan, təəccüblü heç nə yoxdur.

Hələ başqa bir fakt da var. Sən demə, Tiqran 1997-2000-ci illərdə, yəni hələ ali məktəbi bitirmədən separatçı “Dağlıq Qarabağ Respublikası”nın “Ermənistandakı daimi nümayəndəliyi” adlanan qondarma təsisatda köməkçi də işləyibmiş. Balayan, habelə, sonrakı illərdə Rusiyada diplomatik təhsil alıb, bundan başqa Rusiya-Ermənistan Universitetində dərs deyib. Görünür, onun “zəhərlənməsində” bu amillərin xüsusu rolu var. Axı Rusiya erməni avantürizminin xaricdəki ən qatı təzahür nöqtəsi kimi olduqca münbit platformadır.

Əlbəttə, həyatına təhlükə olduğunu, ölümlə təhdid edildiyini yalnız bu cür tərcümeyi-hala malik ürkək zəncantrop iddia edə bilər. Yeri gəlmişkən, deyək ki, “Politico” azərbaycanlı səfir V.Sadıqovun yayılmış xəbəri təkzib etdiyini, bu cür ittihamların “gülməli” olduğunu dilə gətirdiyini də açıqlayıb. Cənab Sadıqov özünəxas diplomatik üslubda Türkiyə səfirliyinin qəbulunda yaxşı yeməklərin verildiyini, orada gözəl insanların iştirak etdiklərini və toplantının standart diplomatik tədbir kimi keçdiyini bildirib: “Mənim heç bir məktubdan və ya ittihamdan xəbərim yoxdur. Erməni diplomatlar istədiklərini deyə bilərlər”.

Görünür, V.Sadıqov erməni diplomatların ağıllarına və ağızlarına gələni danışmalarına öyrəncəlidir. Cənab səfirin “yaxşı yeməklər” və “gözəl insanlar” məntiqi isə milçəyin könül bulandırmaq iqtidarında olmadığının subliminal mesajıdır. Başqa nə desin, onsuz da erməni diplomatiyası təmsilçilərinin sərsəmləməkdən başqa işləri-gücləri yoxdur. Heç şübhəsiz, indi də belə insident uydurublar ki, özlərinin, guya, fəaliyyət göstərdiklərini gözə soxsunlar.

Bilavasitə T.Balayana gəldikdə, əvvəldə onun dövlət içində dövlət olduğunu elə-belədən vurğulamadıq. Tərcümeyi-halından da göründüyü kimi, diplomat qiyafəsinə bürünmüş buqələmun erməni avantürizminin, konkret olaraq, Qarabağ ambisiyasının fəal daşıyıcısıdır. Yəni, onun anti-Azərbaycan köklənişindəki hiddətin səbəbi məlumdur. Belə bir xislətə malik şəxs Ermənistanın hazırda aktiv şəkildə tirajladığı sülh gündəminə qoyulmuş saat mexanizmli bombadır. O, əməlləri ilə rəsmi İrəvanın Bakı ilə barış müstəvisindəki bütün imitasiyalarını pozur.

Yaxşı olar ki, baş nazir Nikol Paşinyan administrasiyası Yura dövrünün qalığı olan diplomatın fəaliyyətinə nəzər salsın. Bəlkə də bunu edib. Çünki Ermənistanın Aİ-dəki səfirliyi “Politico”nun sözügedən insident xüsusundakı cavabına şərh vermək istəməyib. Ola bilər, İrəvanda Balayanın çıxardığı hoqqabazlığın zərərini düşünüblər. Hərçənd, buna da inanmağımız gəlmir.

Ə.RÜSTƏMOV
XQ

Избранный
8
xalqqazeti.az

1Источники