RU

Azərbaycan Universitetində Zəfər Günü qeyd olundu - Fotolar

Azərbaycan Universitetində 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov Zəfər Günü ilə bağlı fikir və hisslərini tədbir iştirakçıları ilə bölüşüb. Prorektor qeyd edib ki, bu gün Azərbaycanın 30 illik müstəqillik tarixinin ən şərəfli günüdür. Azərbaycan XXI əsrdə yeganə dövlətdir ki, ərazi bütövlüyünü öz hərbi gücü hesabına bərpa edib. Vətən müharibəsində dünya hərb tarixinə yenilik kimi daxil olan və indiyə qədər rastlanmayan xüsusi əməliyyatlar həyata keçirilib ki, bu taktika və strategiyalar beynəlxalq hərbi ekspertlər tərəfindən ciddi təhlil olunur və öyrənilir.

Maliyyə və mühasibat kafedrasının müdiri Nəriman Böyükkişi 44 günlük Vətən müharibəsinin taleyüklü hadisələrini xronolji ardıcıllıqla təqdim edib.

Azərbaycan Universitetinin məzunu və Aprel şəhidi Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlı övladının xatirəsinin əziz tutulmasına görə universitet rəhbərliyinə, professor-müəllim heyətinə və tələbələrə təşəkkür edib. Vətən müharibəsi iştirakçısı, universitetin Kompüter mühəndisliyi ixtisası üzrə IV kurs tələbəsi Elvin Mədinov çıxışında keçdiyi döyüş yolundan fraqmentlər təqdim edib.

Sonda Zəfər Gününə həsr olunan videoçarx nümayiş olunub, xatirə şəkli çəkdirilib.

 

 






Избранный
11
2
qafqazinfo.az

2Источники