RU

Ermənilərə sərhədi böyük dövlətlər yox, məhz Azərbaycan göstərir - RƏY

Son 2 əsrdə ilk dəfə ermənilərə sərhədi böyük dövlətlər yox, məhz Azərbaycan göstərir.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan haqları komitəsinin sədri Zahid Oruc bildirib.

Zahid Oruc deyib ki, əgər birinci Qarabağ savaşı SSRİ-nin dağılmasının siqnalı olmuşdusa, Vətən müharibəsi qlobal layları tərpədərək, Azərbaycana taleyini başqalarının yox, ilk dəfə bizim dövlətə dünyanın yenidən bölüşdürülməsində iştirak fürsəti verdi: “İndi biz təkcə coğrafi deyil, həm də siyasi olaraq böyümüşük, beynəlxalq nüfuz və çəkimiz artıb. Ona görə də yeni dünya düzənində yüksək statusla iştirak edə bilirik. Hərbi meydanda olduğu kimi, diplomatik savaşda da elə bir sülh müqaviləsi qazanmalıyıq ki, dövlətimiz bir daha 3-cü, 4-cü Qarabağ savaşına çəkilməsin. Torpaq yarımçıq olanda, insan da natamam olur. Təkcə ərazi və suverenlik yox, 20 faizlik sindromdan xilas olan bütöv vətəndaşa çevrilmişik. İndi qalib dövlət ən böyük ideologiyamızdır. Qələbəmizi qan yaddaşına çevirib gələcək nəsillərə ötürərək 22-ci əsrin bütöv Azərbaycanını millətimizə miras qoymalıyıq”.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib ki, əslində işğalçı Ermənistana yox, dünya erməniliyinə, vicdanlarını satmış xristian həmrəyliyindən çıxış edən beynəlxalq güclərə qalib gəlmişik:

“Qələbəmiz çox möhtəşəmdir. İllər keçdikcə xalqımızı bu qələbəni daha yüksək qiymətləndirəcək. Biz bu problemin həllini gələcək nəsillərə qoymadıq. Erməni separatçılarının kökü kəsildi, Azərbaycan düşmənlərdən təmizləndi. Hesab edirəm ki, hər keçən il Zəfərdən Zəfərə böyük islahatlar ili olacaq, böyük çağırışlara cavab vermək üçün böyük islahatlar həyata keçirəcəyik. Sosial-iqtisadi çətinliklər heç vaxt mane olmasın ki, biz bu böyük qələbəni qeyd edək”.

Deputat Fatma Yıldırım deyib ki, dövləti qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurdu: “Noyabrın 8-də müqəddəs üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində, mədəniyyətimizin beşiyi olan Şuşada dalğalanması hər birimizi qürurlandırdı. Şuşanın işğaldan azad olunması Ermənistanı diz çökdürdü, növbəti qələbələrimizin əsasını qoydu. Biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin sayəsində yaşayırıq. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmaq niyyətində deyil və barışmadı da. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən xalq kimi tanındı. Torpaqlarımız işğaldan azad edildikdən sonra qarşımızda böyük çağırışlar dayanır. Bu çağırışların əsaslarından biri 30 il erməni işğalında olmuş və bu illər ərzində vəhşicəsinə dağıdılmış, talan edilmiş yurdlarımızı bərpa etmək, həmin torpaqlara yenidən həyatı qaytarmaqdır. Artıq o torpaqlara həyat qayıdır. Son 4 ildə reallaşdırılan layihələr onu deməyə əsas verir ki, respublikamız işğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın məskunlaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək”.

Избранный
20
apa.az

1Источники