RU

Trampın kabinetində məşhur simalar: ABŞ-ı kimlər idarə edəcək?

ABŞ-da keçirilən prezident seçkilərində Donald Tramp qalib gəldikdən sonra yeni prezidentin formalaşdıracağı kabinetə daxil ola biləcək mümkün adlar müzakirə olunmağa başlayıb. Bu adlar arasında ən diqqət çəkən şəxs məşhur milyarder İlon Maskdır.

Demokrat.az xəbər verir ki, 2016-2020-ci illər arasında prezidentliyi dövründə, xüsusilə birinci ildə bir çox insanla işləyən və qısa zamanda bir çox adamı işdən çıxaran Trampın yeni kabinetini necə formalaşdıracağı maraq doğurur.

2025-ci il yanvarın 20-də and içəcək Trampın formalaşdıracağı kabinetin ən çox gözlənilən üzvləri xarici işlər naziri (Dövlət katibi), müdafiə naziri (Pentaqonun rəhbəri), xəzinədarlıq naziri, ədliyyə naziri və milli təhlükəsizlik müşaviridir.

ABŞ-ın yeni prezidenti Trampın təyinatını gözləyən 4000-dən çox vəzifədən təxminən 1200-ü Senatın təsdiqinə tabedir.

2016-cı ildə prezident olan Tramp Senatda əksəriyyət demokratların əlində olduğu üçün bir çox namizədinin təsdiq proseslərini uzun müddət gözləməli olub.

Trampın yeni kabinetini, xüsusilə də nazirləri formalaşdıracaq adların Senatda əksəriyyət respublikaçılara məxsus olduğu üçün bu dəfə daha qısa müddətdə təsdiq alması gözlənilir.

Amerika mətbuatında əksini tapan xəbərə görə, yeni kabinetdə eyni vəzifə üçün daha əvvəl Trampın xarici işlər naziri vəzifəsini icra edən Mayk Pompeonun adı hallanır. Trampa yaxınlığı ilə tanınan Pompeo 2017-2018-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsində də çalışıb. 

Uzun illər Florida senatoru kimi respublikaçılar arasında güclü nüfuz qazanan və Trampla yaxın münasibətdə olan Marko Rubionun adı dövlət katibi vəzifəsi üçün hallanır. Senatda Xarici Əlaqələr Komitəsində də çalışan və Rusiya, İran və Çinlə bağlı sərt fikirləri ilə tanınan Rubio mümkün təklifə yox deməyəcəyini açıqlamışdı.

Bu adlara əlavə olaraq Arkanzas senatoru və Senatın Xarici Əlaqələr Komitəsinin üzvü Tom Kotton, Tramp dövründə milli təhlükəsizlik müşaviri vəzifəsində çalışan Robert O'Brayen, Tramp dövründə ABŞ-ın Berlindəki səfiri olmuş Rik Qrenell və Tennessi senatoru Bill Haqertinin də adları indiyədək dövlət katibi və ya milli təhlükəsizlik müşaviri vəzifələri üçün çəkilib.

Amerika mətbuatının yazdığına görə, yeni müdafiə naziri vəzifəsinə namizədlər kimi Mayk Pompeo və Tom Kottonun da adları hallanır. Bu adlarla yanaşı, Florida Nümayəndələr Palatasının üzvü, əvvəllər Əfqanıstanda xidmət etmiş keçmiş hərbçi Mayk Uolsun adı da müdafiə naziri vəzifəsinə namizədlər siyahısındadır.

Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi, Xarici Əlaqələr Komitəsi və Kəşfiyyat Komitəsində də çalışmış Vals Donald Ramsfeld və Robert Qates kimi keçmiş müdafiə nazirlərinə məsləhətlər verib və Dik Çeyni vitse-prezidentlik dövründə Ağ Evdə çalışıb.

Nazirlər Kabinetinin ən mühüm yerlərindən biri olan Xəzinədarlıq Nazirliyi üçün adı çəkilən şəxslər arasında investorlar, keçmiş kabinet üzvləri və iş adamları var. Məşhur investor və Trampın keçid prosesini idarə etmək üçün seçdiyi iki addan biri olan Hovard Lutnikin adı Xəzinədarlıq Nazirliyi üçün hallanır. Trampa yaxınlığı ilə tanınan Lutnik seçki dövründə ona etdiyi külli miqdarda ianə ilə diqqət çəkib.

İlk dövründə Trampın kabinetində 4 il ticarət nümayəndəsi vəzifəsində çalışan Robert Liqtizer də bu nazirlik üçün adı keçənlər arasındadır.

Digər tərəfdən Trampın ilk dövründə Kapital Bazarları Şurasına sədrlik edən Cey Kleyton, Trampın ilk dövründə Milli İqtisadiyyat Şurasında da rol oynayan Larri Kudlou və milyarder investor Con Paulson kimi adların da bu siyahıda olduğu ifadə edilir. 

Amerika mətbuatında əksini tapan iddialara görə, daha əvvəl Nümayəndələr Palatasının sədri vəzifəsini icra edən respublikaçıların mühüm simalarından biri olan Kevin Makkartinin Trampın yeni aparat rəhbəri ola biləcəyi bildirilir.

Digər tərəfdən bu vəzifə üçün Trampın seçki kampaniyası menecerlərindən olan Susi Uiles və Trampın Ağ Evdəki keçmiş məsləhətçilərindən Bruk Rollinsin də adlarının çəkildiyi qeyd edilir.

Seçki kampaniyası dövründə Trampın xeyrinə yarışdan geri çəkilən Robert Kennedinin də Trampın yeni kabinetində çalışacağı güclü ehtimal kimi qiymətləndirilir. Mediada əksini tapan xəbərlərdə Kennedinin yeni kabinetdə səhiyyə naziri və ya məsləhətçi vəzifəsinə təyin oluna biləcəyi proqnozlaşdırılır.

Yuta senatoru Mayk Linin yeni kabinetdə ədliyyə naziri ola biləcəyi qeyd edilsə də, Trampın 2020-ci il seçkilərindən sonra üzləşdiyi məhkəmə proseslərində keçmiş federal prokuror Linin Respublikaçı prezidentə pərdə arxasında kömək etdiyi ortaya çıxıb.

İlkin seçki prosesində Trampla yarışan, lakin bir müddət sonra Trampın lehinə yarışdan geri çəkilən Vivek Ramasvaminin adı Daxili Təhlükəsizlik Nazirliyi üçün də keçir.

Bildirilir ki, Şimali Dakota qubernatoru Duq Burqum enerji və ya daxili işlər nazirliyi vəzifələrindən birinə təyin oluna bilər.

Kampaniya zamanı Trampa güclü dəstək verən amerikalı milyarder sahibkar İlon Maskın da kabinetdə müşavir vəzifəsində çalışacağı gözlənilir. Seçki prosesi zamanı Donald Trampın ən böyük dəstəkçilərindən biri olan Mask seçki gecəsi erkən qələbəni müjdələyən ilk şəxs olub. Seçkilərin nəticələrini Trampla birlikdə izləyən milyarder sosial media hesabında birgə fotolarını paylaşaraq izləyicilərinə Amerikanın gələcəyinin "möhtəşəm" olacağını açıqlayıb.

"Washington Post" qəzetinin yazdığına görə, Mask Ağ Evə qayıtmağa hazırlaşarkən mühafizəkar siyasi hərəkatın aparıcı qüvvəsinə çevrilib. Tramp onu zəfər nitqinə geniş şəkildə daxil edib və "Bizim yeni ulduzumuz var" deyib.

Jalə
Demokrat.az
Избранный
17
5
demokrat.az

10Источники