RU

YAP qələbələr partiyası olduğunu 32 illik fəaliyyətində sübuta yetirib TƏHLİL

Ulu Öndər Heydər Əliyev: “16 oktyabr 1992-ci il tarixli “Səs” qəzetində dərc olunan müraciətinizlə böyük diqqət və ehtiramla tanış oldum...”

Hər hansı bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında tarixi şəxsiyyətlərin, xüsusilə də liderlərinin müstəsna xidmətləri və rolu var. Lideri olmayan xalq fəlakətə, faciələrə məhkumdur. Bunun əyani sübutu olaraq dünyada dövlətçiliklərini qura bilməyən və daim vətəndaş qarşıdurmaları yaşayan xalqların timsalında görmək olar. Uzağa getmədən iyirminci əsrin əvvəllərində Azərbaycan müstəqillik qazansa da, liderinin olmaması səbəbindən dövlət müstəqilliyini itirməsini misal olaraq göstərmək olar. Allahın lütfü sayəsində Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini 1991-ci ildə qazandı. Təəssüf ki, uzaqgörən şəxsiyyətin, xalqı arxasınca apara biləcək, dövlətini bəlalardan qoruya biləcək liderinin olmaması dövlətçiliyin təhlükə ilə üzləşməsinə səbəb oldu. Demək olar ki, o dövrdə Azərbaycanda hər bir sahədə hərc-mərclik, özbaşınalıq, xaos hökm sürürdü. Hakimiyyəti zəbt etmiş AXC-Müsavat iqtidarı Azərbaycanın başının üstünü almış qara buludları aradan qaldırmaq, xalqın sarsılmış ümidlərini özünə qaytarmaq gücünə və imkanına malik deyildi. Çünki küçədən hakimiyyətə gəlib, hər bir məsələnin həllini küçə psixologiyasında görürdülər. Bu azmış kimi hakimiyyətdə səlahiyyət bölgüsü uğrunda ağır və kəskin xarakter alırdı. Bundan istifadə edən xarici hərbi, siyasi dairələr Ermənistana dəstək göstərməklə Azərbaycanın torpaqlarını işğal edilməsinə nail olurdular. Artıq vəziyyət o qədər çətin və ağır həddə çatmışdı ki, ölkəmiz müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üzləşmişdi. Azərbaycanı belə çətin vəziyyətdən xilas etmək üçün xalq bir araya gəlib Böyük Şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevə müraciət ünvanladı. Xalqın Ulu Öndərə sözünü isə ölkəmizin 91 ziyalısı çatdırdı.

Ziyalıların müraciətindən: “Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz”

1992-ci il oktyabr ayının 16-da 91 nəfər Azərbaycan ziyalısının “Səs” qəzeti vasitəsi ilə Ulu Öndər Heydər Əliyevə ünvanladığı müraciətdə Azərbaycanda vəziyyətin son dərəcə ağır və fəlakətli olduğu qeyd olunur: “Möhtərəm HEYDƏR BƏY! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu, peşəkar insanların siyasi partiyasına çevriləcəkdir. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü, aparıcı qüvvvəyə malik bir partiya kimi görürük. İnanırıq ki, Azərbaycanımızın bugünü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar. Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar”.

Hər zaman xalqının yanında olan, gecə-gündüz xalqı üçün çalışan Ümummilli Liderimiz Heydər Əliyev xalqın çağırışlarına səs verərək müraciəti qəbul etdi. 1992-ci oktyabrın 24-də “Səs” qəzeti vasitəsi ilə ziyalılara cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və onun Sədri olmağa razılıq verdi: “Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir. Lakin Sizin müraciətinizə cavab verərkən yuxarıda göstərilən məsələlərə daha öncə diqqət yetirməyi lazım bilirəm. Zənnimcə, onların ən qısa müddətdə həlli müstəqil Azərbaycan dövləti üçün son dərəcə vacibdir. Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur. Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.

YAP-ın yaranması xalqın sabaha olan ümidlərini artırdı

Beləliklə, xalqın böyük ümid bəslədiyi Yeni Azərbayacan Partiyasının quruculuğuna başlanıldı. Lakin yenə də ozamankı hakimiyyət xalqın fəallığına əngəllər yaratmağa, partiyanın yardılmasına maneliklər törətməyə başladı. Bu səbəbdən də partiyanı yaratmaq istəyən bir qrup- 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə müvəffəq oldular. 1992-ci il noyabrın 21-də Dahi Öndərimiz Heydər Əliyevin Sədrliyi ilə keçirilmiş təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Ulu Öndərimiz Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. YAP müxalifət partiyası olmasına baxmayarq böyük siyasətçi Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında xalqın sevgisini, inamını qazanaraq qısa müddət ərzində iqtidar partiyasına çevrildi. Xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn Dahi Öndərimiz Heydər Əliyev qısa müddətdə Azərbaycanda siyasi sabitliyə, iqtisadi inkişafa nail oldu. Bu cür işləri isə Dahi Öndərimiz Heydər Əliyev xalqa arxalanmaqla həyata keçirdi. Ona görə də, Dahi Öndərimiz Heydər Əliyev deyirdi ki, “Mən həmişə xalqa arxalanmışam, xalqa bel bağlamışam”.

Ümummilli Lider 1994-cü il sentyabrın 20-də əsasını qoyduğu “Əsrin müqaviləsi” ilə dünyanın neft siyasətini birmənalı şəkildə Xəzər regionuna istiqamətləndirdi. Bu yeni neft strategiyası Xəzərin Azərbaycan sektorunda 15 ölkənin, 33 iri neft şirkətinin iştirakı ilə 22 neft-qaz müqaviləsinin imzalanmasına səbəb oldu. Heydər Əliyev siyasi uzaqgörənliyinin nəticəsidir ki, indi Azərbaycan dünyanın aparıcı dövlətlərinin iqtisadi maraq meydanına çevrilmişdir. Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycanın yeni neft strategiyasının təməl daşı, iqtisadiyyatımızın ana xəttidir. Mütəxəssislər haqlı olaraq bu layihəni Azərbaycanın taleyində dövlət müstəqilliyi qədər əhəmiyyətli tarixi hadisə hesab edirlər. Azərbaycanın sosial-iqtisadi tərəqqisinə, onun beynəlxalq aləmə iqtisadi inteqrasiyasına zəmin yaradan bu misilsiz layihəyə görə nəinki Azərbaycan, hətta bir çox xalqlar Ulu Öndərimiz Heydər Əliyevə minnətdar olacaqlar. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi haqqında müqaviləni bağlamaqla Dahi Öndərimiz Heydər Əliyev təkcə Azərbaycanın yox, Gürcüstan və Türkiyənin də iqtisadi inkişafına zəmin yaratdı. 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi-referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bu akt öz növbəsində siyasi fəaliyyət və inkişafın hüquqi əsaslarının formalaşması mənasına gəlirdi. Daha sonra parlament seçkilərinin keçirilməsi dövlətçiliyin siyasi-hüquqi əsaslarının möhkəmləndirilməsinə mühüm töhfə verdi. Bu proseslərə paralel olaraq vətəndaş cəmiyyətinin formalaşdırılması və hüquqi dövlətin fundamental komponentlərinin mütləq surətdə bərqərar olunması yönündə əhəmiyyətli addımlar atıldı.

Azərbayacanın inkişfı müdrik siyasətə əsaslanır

Tam əminliklə demək olar ki, bu gün Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti Onun ən layiqli siyasi varisi, ölkə Prezidenti, Fateh Sərkərdə İlham Əliyev çox böyük müdrikliklə aparır. Demokratiya və müstəqillik ideyalarına sadiq olan Prezident İlham Əliyev indi milli mənafelərimizi yüksək səviyyədə qoruyur. Bu gün Heydər Əliyev siyasətinin uğurlu davamını görmək nə qədər xoş və ürəkaçandır! Prezident İlham Əliyevin qətiyyəti siyasi iradəsi sayəsində 30 il işğalda olan torpaqlarımız işğaldan azad olunaraq sərhədlərimiz tam şəkildə bərpa olundu. 2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad olundu. Müzəffər Ali Baş Komandanımız və rəşadətli ordumuz böyük qələbəni Azərbaycan xalqına bəxş etdi. 44 günlük Vətən müharibəsində tarixi zəfər qazanan Azərbaycan bölgədə və dünyada yeni reallıqlar yaradıb. Qazanılmış bütün bu uğurlarda Yeni Azərbaycan Patiyasının da böyük payı var. Çünki yarandığı gündən Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi bütün bacarığını dövlətə, xalqa xidmətə yönəldərək Azərbaycanın qazandığı davamlı uğurlara öz layiqli töhfəsini verib. Hazırda Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsi statusunu daşıyır. Partiyamızın sıralarında 800 min nəfərə yaxın insanın birləşməsi də bu faktı təsdiqləyir. Qürurverici hal ondan ibarətdir ki, hazırda YAP Cənubi Qafqazın kəmiyyət və keyfiyyət baxımından ən öndə gedən lider partiyasıdır. Buna isə Prezidentimiz, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə nail olunub. Hazırda Yeni Azərbaycan Partiyasının sıralarında 800 min nəfərə yaxın insan birləşir. Partiyamız bundan sonra daha da inkişaf edəcək və yeni-yeni qələbələri ilə dövlətimizin inkişafına, xalqımızın daha rahat, təhlükəsiz, iqtisadi cəhətdən təmin olunması baxımından töhfələr verəcək.

İLHAM ƏLİYEV

Избранный
13
sesqazeti.az

1Источники