RU

Əfran İsmayılov: "Bodo-Qlimt"i digər komandalarla bir tutmuram"

“Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılov apasport.az saytına müsahibə verib.

- “Qarabağ” bu gün “Bodo-Qlimt"lə qarşılaşacaq. Avropa Liqasındakı ardıcıl üç görüşdən sonra ağdamlıların Norveçdə uğurlu nəticə qazanacağına inanırsan?

- "Qarabağ"ın Avropa Liqasında bu mövsüm xalı yoxdur. Çox çətin səfərdədirlər. "Bodo-Qlimt" də hazırda Avropada ən yaxşı formada olan komandalarından biridir. Öz liqasında da çox iddialıdır, yaxşı futbol oynayırlar. Onlar əksər komandalara başağrısı olub, hətta qalib gəliblər. Amma "Qarabağ" da yetəri qədər güclüdür və yaxşı, keyfiyyətli futbolçuları var. “Bodo-Qlimt” Skandinaviya ölkəsi olsa da, çox gözəl futbol oynayır. Topla yaxşıdırlar, atletikdirlər, hər mənada müsbət cəhətləri var. “Qarabağ”ı çox çətin səfər görüşü gözləyir. Bəlkə də, indiyə qədər rastlaşdığı ən çətin səfərlərdən biri ola bilər. 

- Necə düşünürsən, "Qarabağ" bu görüşdə əvvəlki matçlardan fərqli olaraq nələr edə bilər?

- "Qarabağ"ın öz dəst-xətti var. Çalışmalıdırlar ki, rəqibin oyun sisteminə uyğun oynamasınlar, əksinə öz oyunlarını diqtə etsinlər. Topa sahib çıxmalıdırlar. Çalışmaq lazımdır ki, "Bodo-Qlimt" "Qarabağ"dan asılı olsun, "Qarabağ" onlardan yox. Belə olarsa, məncə, "Qarabağ" istədiyi hücumları qurub, sonluğu da gətirəcək. Mənim üçün vacib məsələ odur ki, düşən qol imkanlarından istifadə etmək lazımdır. Xüsusilə də, güclü rəqiblərlə oynayırsansa, mütləq yaradılan qol imkanlarından fərqlənməlisən. Geridə qalan üç oyunda yetəri qədər şanslarımız olub. Amma istifadə edə bilməmişik.

- “Qarabağ”ın Skandinaviya komandaları ilə oyunları uğurlu alınır. Ağdamlılar "Molde"ni Bakıda məğlub edib, səfərdə 2:2 hesablı heç-heçəyə nail olub. Bu fakt hardasa "Qarabağ"a ekstra özünəinam qazandıra bilər?

- "Bodo-Qlimt" "Molde"dən də güclüdür. Hətta Skandinaviyanın əksər klublarından üstündür. Onlar birdən-birə çox inkişaf edib irəli getdilər. Oynadıqları futbol, nəticələr də göz önündədir. "Bodo-Qlimt"i digər komandalarla bir tutmuram. Onlar tamam fərqli və güclü komandadırlar. 

- "Bodo-Qlimt" - "Qarabağ" matçına proqnozun necədir?

- Real danışsam, Norveçdən bir xalla qayıtsaq, yaxşı nəticə sayıla bilər. Amma əlbəttə ki, "Qarabağ"a xallar lazımdır. Çünki sonuncu pillədəyik. Pley-off haqda düşünürlərsə, mütləq qələbə qazanmalıdırlar. 

- Ümumiyyətlə, necə düşünürsən, "Qarabağ" Avropa Liqasında sonuncu pillədən qurtulub, pley-off mərhələsinə qala biləcək? Yəni "Bodo-Qlimt" görüşü həlledici oyun və dönüş nöqtəsi ola bilər?

- Pley-off mərhələsinə niyə qalmasın? Hər şey öz əllərindədir. Elə birinci şans Norveçdədir. Orada qalib gələrək ab-havanı geri qaytarıb, növbəti görüşlərdə də qələbə üçün oynamaq olar. Norveçdə qələbə olandan sonra, növbəti görüşlərdə də yaxşı nəticələr mümkündür. Ümidvaram ki, “Qarabağ” “Bodo-Qlimt”lə görüşdə istədiyi nəticəni qazanacaq və şanslar daha da artacaq.

Arif Əsədov: "Qarabağ" belə vəziyyətlərdən çıxmağı bacarır"

“Qarabağ” Norveç səfərində - YENİLƏNİR

Rəşad Sadıqov: “Bunun səbəbini araşdıracağıq”

Elmar Baxşıyev: “Bizim öz dəst-xəttimiz var”

“Araz-Naxçıvan” əmin addımlarla irəliləyir - YENİLƏNİB

Избранный
42
apasport.az

1Источники