RU

“Bu İslam və Türk dünyasının son yüz ildə əldə etdiyi tarixi qələbədir” - ADP ZƏFƏR GÜNÜ İLƏ BAĞLI BƏYANAT QƏBUL EDİB

ADP bildirir ki, Vətən Müharibəsinin parlaq qələbə ilə başa çatması torpaqlarımızın 30 illik işğalına son qoymuş, xalqımızın və millətimizin üzərində uzun illər mövcud olan məğlubiyyət kompleksini aradan qaldırmışdır. Bu müharibə zamanı xalqımız bütün imkanları ilə ordumuzun yanında oldu, maddi və mənəvi dəstək verdi. Zabitlərimiz və əsgərlərimiz bu döyüşlərdə böyük təcrübə və fədakarlıq nümayiş etdirdilər. Azərbaycan Ordusu bu müharibədə ən müasir hərbi texnologiyalara əsaslanan 5-ci nəsil müharibə nümunəsini göstərərək dünyanın ən nüfuzlu ordularına misal ola biləcək bir müharibə təcrübəsini ortaya qoydu. Eyni zamanda Azərbaycan bu müharibədə təkcə Ermənistana deyil, uzun illər ərzində Ermənistana hərbi, siyasi və mənəvi dəstək verən dövlətlərə və beynəlxalq təşkilatlara da qalib gəlmiş oldu. Bu müharibədən Ukrayna və Gürcüstan da işğal altında olan öz torpaqlarının azad edilməsi baxımından ciddi təsirlənmişdir.

ADP qeyd edir ki, İkinci Qarabağ savaşında Azərbaycan müxalifəti iqtidar-müxalifət münasibətlərini bir kənara qoyaraq torpaqlarımızın işğaldan azad edilməsinin mənəvi, siyasi və ideoloji işini öz üzərinə götürdü. Eyni zamanda müharibənin dayandırılması ilə bağlı beynəlxalq təzyiqlərə baxmayaraq Ali Baş Komandan və hökumət bütün bu təzyiqlərə sinə gərərək torpaqlarımızın işğaldan azad edilməsində iradə nümayiş etdirdi.

ADP hesab edir ki, İkinci Vətən müharibəsinin ilkin qələbə rəmzi olan 8 noyabr 2020-ci il tarixi 19 sentyabr 2023-cü il tarixində düşmən üzərində tam qələbəni doğuran gündür. Məhz 8 noyabr torpaqlarımızın böyük əksəriyyətinin düşməndən azad olunduğu, separatçı rejimin əsasən tərksilah edildiyi, təcavüzkar Ermənistanın kapitulyasiya aktına imza atdığı, ordumuzun düşmən üzərində parlaq qələbə çaldığı, Şuşada və digər azad olunmuş bölgələrdə bayrağımızın yenidən dalğalandığı gün kimi yaddaşlarda əbədi həkk olundu.

ADP bu möhtəşəm qələbənin əldə edilməsində xalq, ordu, dövlət birliyinin, bu üçlüyü düzgün istiqamətləndirən Ali Baş Komandanın xidmətlərini qeyd etməklə, misilsiz qələbəyə yetməyimizdə dəstəyi, yardımı olan dövlətlərə, xüsusilə qardaş Türkiyəyə dərin minnətdarlığını ifadə edib.

ADP Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçən Şəhidlərə Allahdan rəhmət, qazilərimizə can sağlığı, eyni zamanda bu gün Azərbaycana xidmət edən əsgər və zabit heyətinə millətimizin və xalqımızın azadlığı naminə bundan sonra da böyük əzmkarlıq arzulayır.

ADP “8 noyabr – Zəfər Günü”nü İslam və Türk dünyasının son yüz ildə əldə etdiyi tarixi qələbə günü kimi dəyərləndirir və bu gün münasibəti ilə bir daha Azərbaycan xalqını, millətimizi, Türk və İslam dünyasını təbrik edir.

Hurriyyet.az

 

Избранный
25
1
hurriyyet.az

2Источники