Maliyyədə özəl bağçalarla yarışırlar, bəs keyfiyyətdə necə?
Artıq 3 ildir ki, dövlət mülkiyyətində olan uşaq bağçalarının saxlanması ilə bağlı büdcədən ayrılan vəsaitlərin xərcləmə səlahiyyətləri yerli icra hakimiyyətlərindən alınaraq Elm və Təhsil Nazirliyinə verilib.
Ən vacib sual budur ki, bu səlahiyyət yerdəyişməsi ölkənin körpə sakinlərinin əqli və fiziki inkişafı üçün təməl şərtlər formalaşdıran təhsil təsisatlarında səmərəli və şəffaf xərcləmələr baxımından hansısa dəyişikliklərə səbəb oldumu?
Hökumətin "körpə büdcəsi” ilə bağlı məlumatlar son dərəcə məhduddur.
Maliyyə Nazirliyinin internet resursları vasitəsilə ölkə üzrə bu büdcənin ümumi məbləği və iqtisadi strukturu barədə məlumat əldə etmək mümkündür. Lakin nəinki ayrı-ayrılıqda istənilən bir dövlət bağçasının, hətta rayon və şəhərlərin hər biri üzrə ümumi məktəbəqədər xərclər, onların istifadə istiqamətləri barədə göstəricilər tamamilə qapalıdır.
Amma hətta açıq məlumatlar belə uşaqların sağlam qidalanması üçün ayrılan ərzaq xərclərinin nə dərəcədə yetərli olması və təyinatına uyğun xərclənməsi barədə heç bir informasiya vermir? Halbuki ölkənin ali audit qurumu hər il seçmə qaydada fərqli regionlarda fəaliyyət göstərən bağçalarda təftiş və yoxlamalar aparmaqla ərzaq alışında şişirdilmiş qiymətlərdən istifadə edilib-edilməməsini, umumiyyətlə tələbata uyğun real alışın həyata keçirilib-keçirilməməsini müəyyənləşdirə, əldə olunan faktkarı ictimailəşdirə bilər. Məhz ictimai məlumatlandırma korrupsiyadan çəkindirmədə çox önəmli mexanizmdir.
Bağçaların icrakomlardan alınması ilə nə dəyişdi?
Bağçaların saxlanması xərclərinin Elm və Təhsil Nazirliyinə ötürülməsi şəffaflıq və hesabatlılıq baxımından heç nəyi dəyişmədi. Məsələn, nazirlik hər il bu təhsil pilləsi üzrə ayrıca hesabat hazırlaya, həmin hesabatda xərcləmələrlə bağlı detallı məlumatlar açıqlaya bilər. Açıqlaya bilər ki, rayon və şəhərlər üzrə ümumi və 1 məkətəbəqədər təhsil müəssisəsinə, hər uşağa düşən büdcə xərci nə qədərdir, ölkə üzrə ən vacib qida məhsullarından nə qədər alınıb və s.
Səlahiyyət yerdəyişməsində dəyişən deyəsən yalnız xərclərin kəskin artımı oldu. 2021-ci il icrakomların bu sahədə xərclərə sərəncam verdiyi son il oldu və həmin dövrlə müqayisədə 2024-cü ildə məktəbəqədər təhsilə ayrılan büdcə vəsaitlərinin həcmi 60 faizdən çox artırılaraq 275 milyon manatdan 445 milyon manat çatdırıldı.
2025-ci ildə bir uşağın illik büdcəsi 4250 manatdır
Artıq Parlamentə təqdim olunan büdcə məlumatlarından aydın olur ki, dövlət büdcəsindən məktəbəqədər təhsil pilləsinin maliyyələşdirilməsi üçün 467,4 milyon manat ayrılması nəzərdə tutulur. Bu təhsil səviyyəsində 110 min nəfərə yaxın uşağın cəlb olunması ilə bağlı Dövlət Statistika Komitəsinin məlumatları nəzərə alınsa, deməli, hər il üçün 1 uşağa 4250 manat, ayda təxminən 350 manat vəsait ayrılır.
Hazırda bu məbləğə, hətta daha aşağı məbləğə uşaq qəbul edən xeyli sayda özəl uşaq bağçası fəaliyyət göstərir. İnternetdə qısa bir axtarışla müəyyən etmək olur ki, hazırda Bakı şəhərində və Abşeron rayonlarında aylıq 350-450 manat intervalında qiymətlə uşaqlara gündə 4-5 dəfə yemək verən, fəsillərə uyğun müxtəlif əyləncəli proqram və tədbirlər təqdim edən, həmçinin Azərbaycan, rus və ingilis dilində tədris aparılan xeyli sayda özəl bağça fəaliyyət göstərir. Hətta bəzi bağçalarda bu qiymətə uşaqların evdən götürülməsi və onların geri qaytarılması xidmətləri də daxildir. Bu bağçalarda uşaqların rəsm, musiqi, rəqs bacarıqlarının inkişafı ilə də bağlı fərqli proqramlar mövcuddur.
Məsələn, internet üzərindən axtarış zamanı yuxarıda qeyd olunan qiymətə xidmətlərini təklif edən "Albalı”, "Play Arena”, "İnci balalar” kimi xeyli sayda özəl müəssisənin adına rast gəlmək olur.
Nəzərə almaq lazımdır ki, dövlət müəssisələrindən fərqli olaraq özəl uşaq bağçaları bəzi hallarda binaları icarəyə götürür və bunun üçün xeyli vəsait ödəməli olur.
Yeri düşmüşkən, rəsmi statistikanın məlumatına görə, hazırda ölkə üzrə özəl 157 uşaq bağçasında 6500-ə yaxın uşaq var və orta hesabla bir bağçaya 40 nəfər uşaq düşür. Bu bağçalardan 144-ü, eləcə də oradakı uşaqların 6 min nəfəri Bakı, Sumqayıt və Abşeronun payına düşür.
Bəs dövlət büdcəsindən 1 uşaq üçün ayrılan 4250 manatlıq büdcə hansı istiqamətlərə sərf olunur?
2025-ci ilin büdcə xərclərinin strukturuna baxdıqda aydın olur ki, bütün xərclərin 52,4 faizi (245 milyon manat) əmək haqqının ödənilməsinə, 10 faizdən daha az hissəsi – 45,4 milyon manatı isə ərzaq məhsullarının alınmasına sərf olunacaq.
Maraqlı məqam odur ki, hər uşaq üçün aylıq 350 manatlıq xərcin cəmi 34 manatı ərzaq xərcləri ilə bağlıdır. Yalnız iş günləri nəzərə alınsa, bir uşağın gündəlik qida xərci maksimum 1,5 manat edir. Bu qədər xərclə nə dərəcədə keyfiyyətli və sağlam qidalanmaq mümkündür? Bu suala Elm və Təhsil Nazirliyi cavab verə bilər.
Bu fakt onu deməyə əsas verir ki, ya statistikanın göstərdiyi 110 min uşaq sayı şişirdilib, ya da statistikadakı 1700 dövlət uşaq bağçasının xeyli hissəsi sadəcə kağız üzərində mövcuddur, onlara yalnız iş yerlərini saxlamaq naminə əmək haqqı xərcləri ayrılır. Əslində rayonlar üzrə məktəbəqədər təhsil xərclərinin məbləği və strukturu barədə məlumatlar açıq olsa, real mənzərə daha aydın görünər. Görünür hökumətin şəffaflığa maraq göstərməməsi də məhz elə bu cür səbəblərdən irəli gəlir.
100 milyon manatlıq qaranlıq xərcləmə
Dövlət büdcəsindən uşaq bağçalarının saxlanması ilə bağlı xərclərin tərkibində əmək haqqından sonra ən böyük xərc maddəsi istehlakyönümlü müxtəlif xidmət xərcləridir. Bu istiqamətə 2025-ci ildə 99,5 milyon manat və ya bütün məktəbəqədər xərclərin 21 faizi qədər vəsait ayrılması nəzərdə tutulur.
"İstehlakyönümlü müxtəlif xidmətlər” nə deməkdir və uşaqlar bu xidmətlərdən nə fayda götürür, onların konkret hansı ehtiyacları qarşılanır?
Qüvvədə olan büdcə təsnifatında bu xidmətlərin uzun-uzadı bir siyahısı açıqlanır: musiqi və bədii əsərlərin alınması, xarici ölkələrlə mədəni əlaqələr, elmi sessiyaların, qurultayların, konfransların, seminarların, iclasların, bayram tədbirlərinin təşkili, qonaqların qəbulu və onlara xidmət göstərilməsi, kənd təsərrüfatı və ərzaq məhsullarının satışı yarmarkalarının təşkili, ölkə səviyyəli sərgilərin, yarmarkaların, ədəbi musiqi müsabiqələrinin təşkili, ekskursiyaların və düşərgə toplantılarının keçirilməsi, ümumrespublika gənclər, idman və turizm tədbirlərinin, təlim-məşq yarış və toplantıların təşkili, hazır yemək təminatı olan təhsil müəssisələrində müvafiq təminatın ödənilməsi xərcləri, tədris müəssisələrinin nəzdindəki eksperimental emalatxanaların xidmətinin ödənilməsi, xidməti iş heyvanlarının saxlanılması, yanğınsöndürən balonların, katriclərin, tibbi və digər avadanlıqların doldurulması, təbii güllərə və əkmələrə qulluq edilməsi, mətbuatda həmçinin sosial şəbəkədə elan, bildiriş, reklam verilməsi, təhsil müəssisələrində bədən tərbiyəsi tədbirlərinin və kütləvi informasiya işlərinin aparılması, reklam xarakterli təbliğat-təşviqat xarakterli video və audio materialların hazırlanması və yayılması, ekspertlərin və tərcüməçilərin xidmətlərinin ödənilməsi, əhalini köçürmə tədbirləri və s.
Uşaq bağçaları üzrə ümumi büdcədə 100 milyon manatlıq hissədən bu xidmətlərin hansına nə qədər xərclənəcəyi büdcə sənədlərində qaranlıq qalır. Təkcə bir fakta diqqət yetirmək vacibdir ki, bu cür qeyri-müəyyən xərcləmə istiqaməti üçün nəzərdə tutulan vəsaitin məbləği ərzaq xərclərindən 2 dəfə çoxdur.
Meydan TV
Meydan TV