RU

Entso Mareska: “Mən Joao Feliks qarşısında xəcalətliyəm”

“Çelsi”nin baş məşqçisi Entso Mareska “zadəganlar”ın hücumçusu Joao Feliksin İngiltərə Premyer Liqasında az oyun keçirməsini əsaslandırıb.

Arena.az italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Joao Feliks qarşısında xəcalətliyəm. Ona Premyer Liqada daha çox vaxt vermək istərdim. Ancaq müdafiədə tarazlığa ehtiyacımız var. Buna görə də Joao Feliks, Koul Palmer və Kristofer Nkunku ilə birlikdə oynaya bilmərik”, deyə Entso Mareska izah edib.

Xatırladaq ki, “Çelsi” Joao Feliksi bu ilin avqust ayında İspaniyanın “Atletiko” (Madrid) klubundan 52 milyon avro müqabilində heyətinə qatıb. Portuqal futbolçunun “zadəganlar”la müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədə olan müqaviləsi var. O, cari mövsümdə bu komandanın heyətində 9 oyuna çıxıb, 3 qol və 1 assistlə yadda qalıb.

Joao Feliks “Portu”nun yetirməsidir. Futbolçu 2015-ci ildə “Benfika”ya üz tutub. Feliks peşəkar karyerasına da məhz “qartallar”la başlayıb. 2019-cu ildə Madrid “Atletiko”su 127,2 milyon avro məbləğ ödəməklə Feliksi öz heyətinə qatıb. Portuqal futbolçu “Atletiko”nun heyətində ümumilikdə 131 oyun keçirib, 34 qol vurub, 18 məhsuldar ötürmə verib.

2023/2024-cü illər mövsümündə Feliks icarə əsasında “Barselona”nın uğurları üçün çalışıb. O, bu komandanın heyətində 44 oyuna çıxıb, 10 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Feliks 2022/2023-cü illər mövsümündə də “Çelsi”də icarədə oynayıb, “zadəganlar”ın heyətində 20 oyuna 4 qol vurub.

Joao Feliks 2019-cu ilin iyun ayında debüt etdiyi Portuqaliya yığma komandasında 43 oyun keçirib, 8 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Joao Feliks Portuqaliya yığmasının heyətində UEFA Millətlər Liqasını (2019) qazanıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Избранный
20
arena.az

1Источники