RU

“Qlobal Oyun”da möhtəşəm Azərbaycan Zəfəri

İnsanlıq təkamül etdikcə müharibələrin də sayı artır. hər yeni əsrin gəlişi ilə insanların əbədi sülhün gələcəyinə inamı artsa da təəssüf ki, bu ümidlər heç vaxt özünü doğrultmur. Müharibələrin, münaqişələrin sonu görünmür. Gözləmək olardı ki, qlobal ictimai şüurun təkamülü ilə yanaşı insanlığın həyata və dünyanın gələcəyinə baxışı da sülhə, barışığa və bəşəriyyətin birgə xoşbəxtliyi uğrunda birgə çalışmalara köklənəcək. Amma bu baş vermir. İnsanlığa xas olan bir paradoks ortaya çıxır.

XXI əsrin birinci qərinəsinin sonuna yaxınlaşırıq. İkinci dünya müharibəsindən sonra Yer kürəsinin müxtəlif bölgələrində alovlanmış müxtəlif xarakterli hərbi-siyasi münaqişələrin demək olar ki, heç biri öz həllini tapmayıb. On illərlə və hətta yüz ildən çox uzanan və həllini gözləyən çoxsaylı münaqişələr mövcuddur. Onların içərisində yeganə istisna hal artıq tarixə qovuşmuş Qarabağ münaqişəsidir. Azərbaycanla Ermənistan arasında 30 ildən çox davam etmiş Qarabağ etno-siyasi münaqişəsinin həlli təcrübəsi bu paradoksun mexanizmlərini aşkar etməyə və davamlı sülhə nail olmaq üçün bəşəriyyət tərəfindən qlobal səviyyədə atılmalı olan addımları müəyyənləşdirməyə imkan verir.

Qarabağ münaqişəsinin tarixindən öyrəndiyimiz həqiqət ondan ibarətdir ki, heç bir münaqişə yalnız iki tərəf arasında yaranan ziddiyyətlərdən ibarət deyil. Hər bir münaqişədə ən azı 3-cü və ya daha çox maraqlı tərəflər iştirak edir. Maraqlı tərəflərin çoxluğu isə münaqişənin daha uzunömürlü olmasını təmin edir. Qarabağ münaqişəsi də məhz çoxsaylı maraqlı tərəflərin açıq və ya gizli şəkildə iştirak etdiyi və ermənilərin düşündüyünün əksinə olaraq, yalnız qlobal miqyaslı maraqların təmin olunmasına xidmət edən bir münaqişə idi.

1991-ci ildə qlobal siyasi sistemin iki qütbündən biri olan Sovet İttifaqının süqutu beynəlxalq siyasi sistemdə zəlzələ effekti yaratdı və dünyanı forma və mahiyyət etibarı ilə yeni hərbi-siyasi trasformasiyalar mərhələsinə adlatdı. Həmin illərdə çökməyə başlayan İttifaqın dağıntıları içərisindən çıxan xalqlar özlərinin dövlət müstəqilliyini bərpa etməyə və ya təsis etməyə çalışırdılar. Lakin tarixin bütün dövrlərində olduğu kimi metropoliya mərkəzi buna yol vermək istəmirdi. Belə bir şəraitdə milli-etnik zəmində münaqişələrin yaradılması və məhz bu münaqişələr vasitəsilə əraziləri və həmin ərazilərdə yaşayan müxtəlif xalqları öz əsarətində saxlamağa davam etmək imperiya güc mərkəzi üçün yeganə “səmərəli” çıxış yolu kimi görünürdü. Məhz o zaman çökməkdə olan İttifaqın perimetri boyunca yerləşən ölkələrdə məqsədli şəkildə etno-siyasi və dini münaqişələrin alovlandırılmasına start verildi.

Cənubi Qafqazda yaşayan ermənilərin bu hadisələrdən təxminən 160-170 il əvvəl yerləşdiyi ərazilərini genişləndirmək arzusu və daha əvvəl mövcud olduqları Şərqi Anadoluya qarşı ərazi iddiaları irəli sürmək təşəbbüsləri bütün dünyaya məlum idi. Beləliklə, imperiya mərkəzi üçün Ermənistan – Azərbaycan münaqişəsini alovlandırmaq imkanı yaradan iki əlverişli amil artıq mövcud idi. İmperiya mərkəzində hadisələrin ehtimal olunan sonrakı inkişafı haqqında kifayət qədər aydın təsəvvür vardı. Ermənistanı Azərbaycan torpaqlarını işğal etməyə sövq etməklə hər iki ölkəni öz əlində marionet qurumlara çevirmək və heç birinin əsarətdən azad olmasına imkan verməmək imperiya mərkəzi üçün çox asan bir oyun idi.

Dünyanın digər güc mərkəzləri də bölgədə baş verənləri diqqətlə izləyir və on minlərlə insanın həyatına son qoyan, çoxsaylı şəhərləri və kəndləri viran qoyan hadisələrə birmənalı münasibət bildirməyə tələsmirdilər. Bu gün Qərb dövlətlərinin və siyasətçilərinin həmin bölgələrdə hətta iki vətəndaş arasında baş verən ən kiçik məişət insidentinə belə dərhal reaksiya verməsi fonunda vətəndaşlar üçün onların həmin illərdəki susqunluğunu başa düşmək çox çətindir. Amma Qərbin “Realpolitik” yanaşmasına yaxından bələd olan siyasi təhlilçilər bilirlər ki, o zaman hadisələrə müdaxilə etmək və Azərbaycanda, Gürcüstanda, Moldovada, Ukraynada və Rusiyanın öz ərazisində ( Dağıstan, Çeçenistan, İnquşetiya) Fərqanə, Qırğızstan və s. ərazilərdə qan tökülməsinin qarşısını almaq onların məqsəd və məramlarına uyğun deyildi. O zaman Qərbin məqsədi sərhəd münaqişələrinin, etnik təmizləmə və soyqırımı cinayətlərinin, on minlərlə günahsız insan ölümlərinin qarşısını almaq deyildi. Ona görə də Qərbin siyasi gündəliyində beynəlxalq hüquq normalarına riayət olunması və insan haqlarının qorunması kimi tələblər yer almırdı. Alternativ qlobal güc mərkəzini təmsil edən kollektiv Qərb şüurlu şəkildə bu cinayətlərə göz yumur və keçmiş İttifaq ərazisində kimin kimi məhv edəcəyini müşahidə etməklə özlərinin bu ərazilərdə baş verən hadisələrdən hansı mənfəəti əldə edə biləcəkləri barədə düşünürdülər.

Cənubi Qafqaz bölgəsi Qərb neo-imperializmi üçün xüsusi strateji əhəmiyyət kəsb edirdi. Qərbin məqsədi Avropa və Asiya arasında körpü rolunu oynayan və Avrasiya miqyaslı qloballaşma proseslərində Şərqlə Qərbi bir-birinə bağlayan Cənubi Qafqaz bölgəsində yerli xalqların və dövlətlərin müqavimət gücünün tam zəifləməsini gözləmək, daha sonra bölgəyə daxil olmaq və özlərinə loyal “oyuncaq dövlətlər” yaratmaqla bütövlükdə bölgəni öz idarəçiliyi altına almaq idi. Odur ki, özünü SSRİ-nin varisi elan etmiş Yeltsin Rusiyası Qarabağ münaqişəsində nə qədər maraqlı idisə, Qərb də bu münaişənin davam etməsində bir o qədər maraqlı idi. Cənubi Qafqaz bölgəsi üzərində nəzarət məsələsində Qərb və Rusiya arasında açıq rəqabətin qlobal siyasi gündəliyə gəlişi də məhz Qarabağ münaqişəsinin başlanğıcı ilə sinxron şəkildə baş verirdi.

Odur ki, 1992-ci ildə təsis edilmiş ATƏT-in Minsk Qrupunun əsil fəaliyyəti heç də elan olunduğu kimi Ermənistan – Azərbaycan münaqişəsinin ədalətli həllinə nail olmaqdan yox, münaqişəni qeyri-müəyyən müddətə dondurmaqla hər iki ölkəni dünyanın güc mərkəzlərindən daimi asılılıq vəziyyətinə salmaq və bütövlükdə Cənubi Qafqaz bölgəsini Afrika ölkələri kimi gələcək əsrlər ərzində hərtərəfli istismar etməkdən ibarət idi. Bu həm Qərbin və həm də Rusiyanın maraqlarına cavab verən və bütövlükdə Cənub Qafqaz bölgəsinə qarşı düşünülmüş “qlobal oyun” ssenarisi idi.

Bu oyunda Ermənistana da, Azərbaycana da siyasi oyunun qurbanları kimi baxılırdı. Ermənistanda və Azərbaycanda siyasi hakimiyyətə gəlmiş yeni siyasi qüvvələr isə bu oyunun nə məqsədini, nə qaydalarını, nə də bu oyundan itkisiz və ya heç olmasa az itki ilə çıxmağın yollarını anlayırdılar. Həmin illərdə Ermənistanda hakimiyyətə gəlmiş qatı millətçi və işğalçı siyasi qrup özlərinin “Böyük Ermənistan” xülyalarını gerçəkləşdirməyin bir addımlığında olduqlarına inanır, Moskvanın göstərişləri və dəstəyi ilə daha çox Azərbaycan ərazisini işğal etməyə çalışır və “Böyük Ermənistan” fantaziyalarını bir qədər də böyüdərək artıq “dənizdən dənizə Ermənistan” yaratmaq haqqında düşünürdülər. Bölgədə baş erən hadisələrdə onlara “oyunun qurbanı” rolunun ayrıldığını heç ağıllarına belə gətirmirdilər.

Azərbaycanda 80-ci illərin əsasən SSRİ DTK tərəfindən nəzarət altına alınmış xalq hərakatı dalğasında siyasi hakimiyyətə yiyələnmiş qruplar da oyunun mahiyyətini dərk etmirdilər. Onlar sadəcə baş verənləri görür və hadisələrin ardınca sürünürdülər, pərdə arxasında daha yüksək səviyyədə aparılan oyundan xəbərsiz idilər. Oyun qaydaları haqqında isə ümumiyyətlə təsəvvürləri yox idi. Odur ki, özlərinin də anlamadığı hansısa möcüzəyə ümid edərək həm müstəqil olmaq və həm də imperiya tərəfindən ona sırınmış müharibədə qalib gəlib torpaqları azad etmək haqqında utopik şüarlar səsləndirir və vədlər verirdilər. Təxminən iki il davam edən AXC-Müsavat hakimiyyəti vəziyyətin günbəgün, saat-ba-saat daha da pisləşdiyini görür, lakin nə etməyin lazım olduğunu başa düşmürdülər. Onlar da tezliklə dövlətçiliyin məhv olacağı qorxusu qarşısında xalqın tələbi ilə ölkənin müdrik siyasətçisi Heydər Əliyevi hakimiyyətə dəvət edərək ölkənin siyasi səhnəsindən uzaqlaşdılar.

Heydər Əliyev az öncə SSRİ idarəçiliyinin ən yüksək pillələrində təmsil olunmuş təcrübəli siyasətçi kimi o zaman Cənubi Qafqaz bölgəsi ətrafında ssenariləşdirilmiş oyunun maiyyətini anlayan yeganə Azərbaycanlı idi. Odur ki, ölkənin və bölgənin ən kritik dönəmində Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında və daha sonrakı dövrdə Qarabağ münaqişəsinə ədalətli son qoyulmasında əvəzsiz rol oynadı. Heydər Əliyev ilk növbədə atəşkəs haqqında razılıq əldə edərək hərbi əməliyyatların dayandırılmasına nail oldu. Daha sonra yeni dövr üçün neft strategiyasını işləyib hazırladı və dünyanın aparıcı dövlətlərini ölkənin neft-qaz sənayesinə iri həcmli sərmayələr yatırmasına nail oldu. 1994-cü ildə Azərbaycanın gələcək inkişafını və Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasını təmin edəcək “Əsrin Müqaviləsi” imzalandı. Ölkə iqtisadi tənəzzüldən çıxarıldı və ictimai-siyasi sabitlik tam şəkildə bərqərar olundu. Azərbaycanın sürətli inkişafı və Azərbaycan Ordusunun qurulması və gücləndilməsi istiqamətində bütün zəruri addımlar atıldı.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev bütün torpaqların işğaldan azad ediləcəyinə və Azərbaycanın öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcəyinə qətiyyətli inamını bildirdi. Bu məqsədlərə nail olmaq üçün İlham Əliyev ölkəyə rəhbərlik etdiyi bütün illərdə iqtisadi inkişafın davamlılığını və dayanıqlılığını təmin etməklə yanaşı həm də ölkəmizin müdafiə qabiliyyətinin və ordumuzun döyüş qüdrətinin durmadan artırılması istiqamətində məqsədəyönlü fəaliyyət apardı. 17 il ərzində planlı şəkildə davam edən bu siyasət 2020-ci ilin Vətən müharibəsində bütün torpaqlarımızın işğaldan azad edilməsi və 2023-cü ilin anti-terror tədbirlərində isə ölkəmizin bütün ərazisi üzərində suveren hüquqlarımızın bərpa edilməsi ilə nəticələndi.

Bu qeyri-adi və heç bir güc mərkəzinin gözləmədiyi bir nəticə idi. Tarixi təcrübə onu göstərir ki, o günədək Qarabağ münaqişəsi kimi mürəkkəb və çoxtərəfli maraqların toqquşduğu bir problemin ədalətli həll presedenti yox idi. Bu presedenti məhz Azərbaycan yaratdı. Dünyanın bütün güc mərkəzləri və bütün beynəlxalq təşkilatları tərəfindən ölkəmizə və onun siyasi rəhbərliyinə qarşı nümayiş etdirilən təzyiq və təhdidlərə baxmayaraq Azərbaycan 44 günlük Vətən müharibəsini işğala son qoyulana qədər uğurlu şəkildə davam etdirdi. 44 günlük Vətən müharibəsinin hər günü və hər saatı rəşadətli ordumuzun çoxsaylı qələbələri ilə tarixə yazıldı. Qarabağın ürəyi qədim Şuşanın düşməndən azad edilməsi əməliyyatı özünün operativ unikallığı ilə dünyanın hərb tarixinə qızıl hərflərlə yazılan ən böyük qəhrəmanlıq dastanına çevrildi. Hazırda dünyanın bütün hərb məktəblərində bütün incəlikləri ilə öyrənilən Şuşa əməliyyatı Qarabağ Zəfərimizin baş tacı oldu. Şuşanın azad edildiyi 8 Noyabr günü Azərbaycan tarixinə Zəfər günü kimi daxil oldu.

8 noyabr Zəfəri ilk növbədə Azərbaycanın imperiya əsarətində olduğu son iki yüz il ərzində itirilmiş torpaqlarımızın geri alınmasının ilk parlaq nümunəsini yaratdı. Bu Zəfər hər bir Azərbaycanlıda milli həmrəylik gücünün yenilməzliyinə inamı daha da möhkəmləndirdi. 8 noyabr zəfəri Azərbaycanda son 20 il ərzində aparılan düçünülmüş və balanslı siyasətin ən doğru siyasət olduğunu bir daha sübut etdi.

Bütün bunlarla yanaşı 8 noyabr zəfəri beynəlxalq siyasi sistemdə son onilliklər ərzində meydana gəlmiş bir sıra ziddiyyətlərin mövcudluğunu və bu ziddiyyətlərin aradan qaldırılması üçün beynəlxalq siyasi sistemdə mühüm islahatların aparılmasına ehtiyacın olduğunu bir daha göstərdi.

8 noyabr zəfəri dünyanın müxtəlif bölgələrində bu günədək davam edən etno-siyasi münaişələrin ədalətli həlli üçün nadir bir presedent yaratdı.

8 noyabr zəfərinin müəllifi ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğala və beynəlxalq təzyiqə qarşı “Dəmir Yumruq” şəkilində birləşmiş Azərbaycan xalqı oldu.

Azadlığın, müstəqilliyin və qalibiyyətin qürurunu və sevincini xalqımıza yaşadanlar isə torpaqların işğaldan azad edilməsi uğrunda canlarından keçmiş üç minə yaxın şəhidlərimiz oldu.

Bu Zəfər günüdə bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edir və onların ruhu qarşısında baş əyirik. Allah şəhdlərimizə rəhmət eləsin!

Bu ağır qarşıdurmada erməni işğalçılarına və onların arxasında gizlənən neo-imperialistlərə qalib gəlmi. Azərbaycan xalqını bu möhtəşəm qələbə günü münasibətilə təbrik edir və xalqımıza daimi sülh və əmin-amanlıq arzulayıram.

Cavanşir Feyziyev, Millət vəkili, fəlsəfə doktoru

8 noyabr 2024-cü il

Избранный
21
9
korrespondent.az

10Источники