RU

Uşaqların və qadınların hüquqları belə qorunacaq: Yeni qanun

İnsan hüquq və azadlıqlarının qorunması daim diqqət mərkəzindədir. Və zamanla hüquqi normativ aktlarda olan proseduralar bu və ya digər qanunda təsbit olunur. Bu isə insanların hüquqlarının müdafiəsi üçün mühüm amildir. Məlumdur ki, məişət zorakılığı barədə şikayətlər iki formada edilir. Həm cinayət tərkibli, həm də cinayət tərkibli əlamətlər olmadıqda bu şikayət olunur.

KONKRET.az xəbər verir ki, bunu teleqraf.com-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, 2012-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetini qərarı ilə “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası” təsdiq olunub:

“Təcrübədə görürük ki, bu qayda o qədər də işlək deyil. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətlərə baxılmasında bir çox çətinliklər yaranır. Ancaq “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununa təklif olunan qanun layihəsində bu məsələ daha detallı şəkildə təsbit olunur. İlk növbədə qanun daha əhatəli və təkmil olacaq. Bu dəyişiklik vətəndaş, hüquqşünas, xüsusi ilə də vəkillər üçün çox önəmlidir ki, qanunda açıq-aydın şəkildə vahid formada prosedur göstərilsin. Buna görə də belə bir dəyişikliyin edilməsinə ehtiyac yaranır. Burada 5 maddədə əlavə və dəyişiklik nəzərdə tutulur. Xüsusi ilə Qanunun 9-cu maddəsi, yəni Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətə baxılma qaydası genişləndirilib. Qanun layihəsində məişət zorakılığı ilə bağlı şikayətə baxılma müddəti, şikayətə baxmalı olan orqan, şikayətə baxılan zaman dəvət olunmalı şəxslərin əhatə dairəsi, o cümlədən vəkil, psixoloq və tərcüməçilərin xidmətindən istifadə olunacaq. Eyni zamanda yetkinlik yaşına çatmayan və ya əlilliyi olan şəxslərin dindirilməsi zamanı psixoloq və pedaqoqların iştirakının təmin olunacaq. Həmçinin məişət zorakılığı barədə şikayətlərə baxılmanın nəticələrinə dair yekunda qəbul olunan qərarlar öz əksini tapıb”.

Komitə sədri bildirib ki, şikayətə baxılma haqqında qayda var:

“Lakin cinayət tərkibi olmayan məişət zorakılığı halları baş verdikdə onun baxılmasında və zorakılığa məruz qalan şəxsin hüquqlarının müdafiə edilməsində problem yaranır: “Prosedur var, amma hüquqi baza yetərli deyil. Təklif oluna layihə məhz bu boşluğu aradan qaldıracaq. Çünki bir çox hallarda məişət zorakılığı ilə bağlı hadisələr gizlədilir və bağlı qapılar arxasında qalır. Zorakılığın bu və ya digər formasına məruz qalan şəxslərin bir çoxu bunu heç kimə demir. Əgər hər hansı bir şəxs zorakı davranışa, təhqir edilirsə, mənəvi-psixoloji təzyiqə, iqtisadi cəhətdən məhrumiyyətə məruz qalırsa və onun hüquqları qorunmursa, bu daha ağır nəticələrə səbəb olan hadisələrə gətirib çıxarır. İlk baxışda heç bir cinayət tərkibli əlamət olmasa da, vaxtında məsələ öz həllini tapmayanda belə zorakılıq hallarının neqativ fəsadları olur. Bununla bağlı çoxlu hadisələri, keysləri misal çəkmək olar. Mediada da biz belə məlumatlara rast gəlirik. Bu dəyişiklik həm də onun göstərir ki, dövlət hər zaman vətəndaşın yanındadır. Bütün hallarda onun hüquq və azadlıqlarını qoruyur”.

Hicran Hüseynova vurğulayıb ki, məişət zorakılığına daha çox qadınlar məruz qalır:

“Ancaq bu, həm də ailəsində məişət zorakılığının şahidi olan və çox vaxt özləri də zorakılığın qurbanı olan bir çox uşaqları əhatə edir. Bu, onların uzunmüddətli fiziki və psixi sağlamlığı üçün ciddi risklərə səbəb ola bilər. Ailələrdə həssas qrupun nümayəndələri, əlilliyi olan şəxslər də zorakılığın qurbanı olur. Təklif olunan qanun layihəsində bütün bu məsələlər nəzərə alınır”.

Избранный
4
2
konkret.az

3Источники