RU

Millinin debütantı: “Qalib ordunun yaşıl meydanda əsgəri olmaq fəxrdir”

“Bu gün mənim üçün sürpriz oldu”.

İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın futbolçusu Mustafa Əhmədzadə deyib.

O, ilk dəfə Azərbaycan millisinə çağırılmasına münasibət bildirib. Baş məşqçi Fernandu Santuşun UEFA Millətlər Liqasında Estoniya və İsveçə qarşı matçlara dəvət etdiyi “24-lük”də yer alan Əhmədzadə bildirib ki, bu xəbər onun üçün ikiqat bayram olub: “Zəfər günümüz mubarək. Allah şəhidlərimizə rəhmət eləsin. Xalqımıza hər zaman gözəl günlər nəsib olsun. İndiyə qədər aşağı yaş qrupuna aid yığmaların heç birinə dəvət almamışdım. Millidə oynamaq, o formanı geyinmək, qalib ordunun yaşıl meydanda əsgəri olmaq fəxrdir. Bu dəvətdə klubumun da xidməti danılmazdır. Heç kimin tanımadığı bir futbolçunu komandaya götürdülər, bəzən əvəzetmədən, bəzən isə əsas heyətdə oynamaq şansı verdilər. Ümid edirəm ki, gələcəkdə klubumuzdan daha çox oyunçu dəvət alar. Ötən toplanışda Vadim orada idi, bu gün mən dəvət aldım. Milli qürur yerimizdir. Çalışacağıq ki, dəvəti, etimadı doğruldaq. Belə sans hər zaman ələ düşmür. Maksimum istifadə etməyə, millinin daimi üzvünə çevrilməyə çalışacam”.

Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə, noyabrın 19-də isə Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da İsveç seçməsi ilə qarşılaşacaq.

Emin Ağa
İdman.biz

Избранный
11
2
idman.biz

3Источники