RU

Azərbaycan məhsulları Çin Beynəlxalq İdxal Sərgisində təqdim edilir

"Shanghai World Expo" Sərgi və Konqres Mərkəzində keçirilən 7-ci Çin Beynəlxalq İdxal Sərgisində Azərbaycan vahid ölkə stendi ilə təmsil olunur.

"Operativ Media" bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

Azərbaycanın vahid ölkə stendi İqtisadiyyat Nazirliyi və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi, eləcə də AZPROMO-nun təşkilatçılığı ilə sərgidə təqdim olunur. Belə ki, stenddə ölkənin turizm, innovasiya, "yaşıl enerji", sənaye, kənd təsərrüfatı, mədəniyyət və xalçaçılıq sahələrində əldə etdiyi nailiyyətlər və perspektivləri, Kəlbəcərdə yeni açılan “İstisu” mineral su zavodunun fəaliyyəti, həmçinin ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti haqqında məlumatlar, potensial investisiya layihələri, eləcə də “Made in Azerbaijan” brendi altında ixrac olunan məhsulların geniş çeşidi nümayiş etdirilir. Ziyarətçilər Azərbaycan şirkətləri tərəfindən istehsal edilən şərab, brendi və digər alkoqollu və alkoqolsuz içkilər, qənnadı məmulatları, nar şirəsi və s. məhsulları yaxından tanımaq imkanı əldə edib.

Bundan başqa, müxtəlif dequstasiya tədbirləri də keçirilib və ziyarətçilərə Azərbaycan məhsulları haqqında ətraflı məlumatlar əks olunan kataloqlar təqdim edilir. Stenddə həmçinin B2B görüşlər üçün xüsusi məkan ayrılıb.

Şanxayda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə dövlət rəsmilərindən ibarət Azərbaycan nümayəndə heyəti sərgini ziyarət edib, həmçinin Azərbaycan stendində sərgilənən məhsul və xidmətlərlə tanış olub.

Sərgi noyabrın 10-dək davam edəcək. Sərgidə 100-dən çox ölkənin şirkətləri məhsul və xidmətlərini nümayiş etdirir.

Избранный
13
4
operativmedia.az

5Источники