RU

Şəhid oğlu: "Atam son dəfə dedi ki, dərslərinizi yaxşı oxuyun, ananızı incitməyin" - MÜSAHİBƏ

Hər bir övladın dayağı və qürur mənbəyi onun valideynidir. Bu, elə bir qürurdur ki, valideynin həyatda olmaması buna mane ola bilmir. Necə ki, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin övladları da bunu qürurla qeyd edirlər.

 

Bu gün 44 günlük Vətən müharibəsində əldə olunan qələbə ilə düşmənin susdurulduğu gündən 4 il ötür.

 

Qanıyla, canıyla tarix yazan igidlərin sayəsində 8 noyabr Zəfər Günü kimi yaddaşa həkk olundu. Nə xoşbəxt ki, şəhidlərimiz övladlarını igid, vətənpərvər ruhda yetişdirib...

 

Vətən müharibəsində iştirak etmiş, qəhrəmancasına şəhid olanlardan biri də Taleh İsmayılovdur.

 

Yoldaşı Gülay xanımın sözlərinə görə, Taleh İsmayılov 1986-cı il 26 noyabr Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran rayon Poladlı kənd M.Axundov adına 1 saylı tam orta məktəbi bitirib. 2009-cu ildə N saylı hərbi hissədə həqiqi xidmət keçib. Hərbi xidməti bitirdikdən sonra bir sıra yerlərdə çalışıb.

148820

Elə həmin ildə ailə həyatı qurub, 2010-cu ildə Murad, 2012-ci ildə Yusif və Yaqub adlı əkiz övladları dünyaya gəlib.

 

Gülay xanm söyləyib ki, 2014-cü ildə Ağdam rayonunda diviziya xarakterli döyüşlər oldu və elə o gündən sonra Taleh qərar verdi ki, arzusu hərbçi olmaqdır:

 

“Daha sonra hərbi hazırlıqlara başladı. 2015-ci ildə Ağcabədi rayon N saylı hərbi hissəsində müddətdən artıq sürətli müharibə komandiri kimi xidmətə başladı. O, 2016-cı ildə ilk gündən Aprel döyüşlərində iştirak etmişdi.  Həmçinin, 2020-ci il sentyabrın 27-dən Vətən müharibəsində də qəhrəmancasına döyüşdü”.

 

 Modern.az xəbər verir ki, AzEdu.az Təhsil Portalı qəhrəman şəhidimizin övladları ilə həmsöhbət olub.

 

Bizimlə ilk olaraq şəhid Taleh İsmayılovun böyük oğlu Murad təəssüratlarını bölüşdü.

 

- Səni ilk növbədə Zəfər Günü münasibəti ilə təbrik edirəm. Bu zəfərdə hər bir şəhid kimi atanında payı böyükdür. Şəhidin ilk övladı olaraq çox istərdim ki, səni daha yaxından tanıyaq.

 

Mən, Murad İsmayılov, 1-ci sinfi Lənkəran rayonu 1 nömrəli tam orta məktəbdə təhsil almışam. 4-cü sinfə qədər burada oxudum, lakin daha sonra 5-ci sinifdə Lənkəran rayon 6 saylı liseyə qəbul olundum. 7-ci sinifdə isə Mübariz İbrahimov adına Biləsuvar liseyinədə təhsilə davam etmişəm. Hazırda isə əvvəl təhsil aldığm 6 saylı liseydə 9-cu sinif üzrə oxuyuram.

 

- Murad, dərslərini necə oxuyursan? Ən çox hansı fənni yaxşı mənimsəyirsən?

 

Dərslərimi yaxşı oxuyuram. Əsasən tarix fənnində daha yaxşı olduğumu söyləyə bilərəm. Hətta fənn olimpiyadalarında da iştirak edirəm.

 

- Olimpiyadalarda uğur qazandığın olubmu?

 

Xeyr, iki mərhələni keçsəm də üçüncü mərhələdə balım az olub deyə kəsilmişəm.

 

- Neçənci qrupa hazırlaşırsan? Gələcəkdə hansı ixtisas üzrə təhsilini davam etdirmək istəyirsən?

 

148831

III ixtisas qrupu üzrə hazırlaşıram. Məqsədim gələcəkdə polis olmaqdır.

 

- Təhsil həyatınla bağlı hansı hədəflərin var?

 

Bakalavrı başa vurduqdan sonra magistraturaya qəbul olub təhsilimi hüquq üzrə davam etdirmək istəyirəm.

 

- Bəs magistratura təhsilini Qarabağ Universitetində almağı düşünürsənmi?

 

- Əlbəttə, istərəm. Atamın xidmət edib şəhidlik zirvəsinə ucaldığı ərazidə təhsil almaq mənə şərəfdir. Çünki Qarabağ torpağı mənə doğmadır. Ona görə də həmin universitetə sənəd verməkdən məmnun olaram.

 

- Murad, çox istərdik ki,  atanla bağlı yadda qalan bir xatirənizi bizimlə bölüşəsən...

148814

I sinifdə dərsə gələrkən sinif yoldaşlarım həmişə valideyni ilə gəlirdi. Atam isə hərbi xidmətdə işlədiyi üçün gələ bilməmişdi. Bir müddətdən sonra atamla əlaqə saxladım və dedim ki: “sinif yoldaşlarımın atası gəlir, amma sən heç gəlmirsən”. Bu sözdən sonra atam mənə dedi ki, gələn dəfə gəlib səni özüm dərsə aparacağam.

 

Bu söhbətin üstündən bir həftə keçdi. Atam mənə dediyi kimi elədi. Mənimlə birgə dərsə gəldi, hətta sinifdə bir parta arxasında əyləşib şəklimizi də çəkdi. Bu hadisəni heç zaman unutmaram. Əslində, başqa bir gözəl xatirəmizdə var...

 

148817

- Danışa bilərsənmi?

 

- 44 günlük Vətən müharibəsində qələbə qazanmamışdan əvvəl atam evimizə bir bayraq gətirmişdi. Bayrağı mənə təqdim elədi və dedi: “bayrağı sənə əmanət edirəm, onu qoru. Vətənimizin bütün torpaqları işğaldan azad edildikdən sonra bu bayrağı səninlə birgə Şuşada dalğalandırarıq”.

 

Birinci bayrağı evdən asdı, amma dedi ki, biz bu bayrağı Şuşada bir yerdə torpağa sancarıq.

 

Biz atamla fəxr edirik. Düzdür, bu gün atam həyatda deyil, amma torpaqlarımız işğaldan azad edildikdən sonra atamın mənə əmanət etdiyi bayrağı Şuşada dalğalandırdıq.

 

- Atan kimi qəhrəman oğulların şücaəti nəticəsində Şuşamız işğaldan azad edildi və bu gün tarixə Zəfər Günü kimi yazıldı. İlk dəfə atanın şəhid olduğu xəbərini necə öyrəndin?

 

İlk dəfə atamın şəhid olma xəbərinə heç inanmadım. Düşündüm ki, atam hələ də səngərdədir və döyüşür. İki gün idi ki, atama zəng çatmırdı və biz artıq narahat olmağa başladıq. Ona görə də özümüz atamın yaxın dostları ilə əlaqə saxladıq. Sonra anama dedilər ki, atam yaralıdır və xəstəxanaya aparılır. Elə bu  xəbəri mənə ilk anam dedi. Əslində atam yaralanmamışdı, biz sadəcə təlaşlanmayaq deyə birinci elə söylədilər.

 

Sən demə şəhid olubmuş...

 

Biz narahat olduğumuz günlərdə atamın telefonuna durmadan mesajlar yazırdıq. Lakin atamın telefonu bizə verildikdən sonra baxdım ki, heç bir mesajımız oxunmayıb. Həmin vaxt seti yox imiş. Atam elə həmin ərəfələrdə şəhid olmuşdu...

 

- Az əvvəl qeyd etdin ki, atana mesajlar yazırdın. Bəs atanla müharibə vaxtı əlaqə saxlaya bilirdin? Telefonla danışa bilmisən?

148816

Bəli, müharibə vaxtı atamla əlaqə saxlaya bilirdik. Torpaqlarımız bir-bir işğaldan azad edildikdən sonra zəngləşib, təbrik edirdik. Atamla hisslərimizi bölüşürdük. Hətta Zəngilanın azad olunması münasibəti ilə zəng etdiyimiz vaxtın səs yazması da hazırda var.

 

- Əgər mümkündürsə, o səs yazmanı bizə təqdim edə bilərsən?

 

- Bəli.

 

- Murad, bəs axrıncı dəfə, şəhid olmamışdan əvvəl atanla nə vaxt danışa bildin?

 

3 noyabr idi... Sonuncu dəfə o vaxt bizə zəng etdi. Çox təəssüf ki, həmin vaxt biz onlayn dərsə qoşulduğumuz üçün mən və qardaşlarım atamla telefonda danışa bilmədik. Sadəcə anam danışa bildi. Çox qısa danışdı. Sonuncu dəfə atam: “mən yaxşıyam, Şuşaya gedirəm, məndən narahat olmayın”, - dedi. Noyabrın 2-si gecə telefonla danışmışıq. O an bizə dərslərimizi yaxş oxumağımızı və anamızı inctiməməyi tapşırdı.

 

Danışdıqların, yaşadıqların bir övlad üçün heç asan deyil. Bu vəziyyətdə insanın gözü adətən ona təsəlli verən birini axtarır. Heç yuxularında atandan təsəlli almısanmı?

 

Atam şəhid olandan bir müddət sonra yuxuma gəldi...

 

- Yuxunu bizə danışa bilərsən?

 

- Əlbəttə. Biz onun üçün bir otağı muzey kimi hazırlamışıq və elə yuxumda otaqda dayanmışdım. Həmin an mənə fərqli bir nömrədən zəng gəldi və məndə açdım ki, atam imiş. Dedi ki: “mən şəhid olmamışam və hər zaman sizin yanınızdayam, sizi izləyirəm”.

 

-Acılarına rəğmən bir igidin igid oğlu kimi özünü ifadə edib bizimlə təəssüratlarını bölüşürsən. Bu həqiqətən də qürurverici olsa da, həm də çox çətindir. Bunun üçün sənə minnətdaram.

 

-Siz sağ olun ki, atamla bağlı xatirələrimizi soruşub, ictimaiyyətə təqdim edirsiniz.

 

-Borcumuzdur.

 

Səncə, şəhid oğlu olmaq necə bir hissdir?

148822

Bir şəhidin övladı olmaq mənim üçün əlbəttə, şərəfdir. Vətəni Vətən edən, Vətən oğlunun övladıyam. Özünü gələcək nəslə fəda edən, qanıyla tarix yazan igidin oğluyam. Buna görə də atamla fəxr edirəm. Çünki özü döyüşə getməzdən əvvəl: “mən bu müharibədə iştirak etməliyəm ki, gələcək nəsillər müharibə görməsin. Onlar öz torplaqlarında şad-firəvan yaşaya bilsinlər”, - demişdi.

 

- Atanla münasibətiniz necə idi?

 

- Atam çox ailəcanlı biri idi. Həm zarafatcıl, həm də bizimlə dost kimi ünsiyyət qurardı. Hər işimizi onunla məsləhətləşərdik. Əgər, bir səhvimiz olardısa, atamdan heç çəkinməzdik. Çünki bizimlə dost idi və bizə hər zaman doğru yol göstərərdi.

Atamla ən çox cəmiyyətə necə xeyirli biri olmaq haqqında məsələləri müzakirə edərdik. Görürəm ki, atamın mənə verdiyi məsləhətlər mənə hər gün lazım olur.

 

- Bəs atanla söhbət etdiyin ərəfədə heç olubmu ki, səninlə bağlı arzularını dilə gətirsin?

 

- Qeyd etdiyim kimi, biz atamla dost idik və tez-tez söhbətləşirdik. Ona görə də bəli, arzusunu dilə gətirdiyi günlər olub. Bir gün söhbət ərəfəsində atam mənə “arzum odur ki, polis olasan”,-  deyə müraciət etdi. Çünki mənə deyirdi ki, polislər hər zaman cəmiyyətə lazımlı bir şəxsdir. Biz necə ki, torpaqlarımızı, vətəndaşlarımızı xarici sərhəddə qoruyuruq, polislər də daxili ərazini qoruyurlar. Ona görə də məni polis kimi görmək istəyirdi. Elə həmin gündən sonra həm atamın arzusu olduğuna görə, həm də özümündə bu peşəyə marağı olduğu üçün polis olmağı qərarlaşdırdım.

 

Muraddan sonra əkiz qardaşları da bizimlə söhbətləşdilər.

 

Onlar Lənkəran şəhər 7 nömrəli məktəbin 7-ci sinif şagirdləridir.

 

Muradın qardaşı Yusif qeyd etdi ki, atam özünü bizə çox sevdirirdi:

148819

“Atam bayramlarda adətən işdə olurdu. O, bayramı adətən əsgərlərlə keçirirdi. Ona görə də evə gec gəlirdi. Bir dəfə Yeni il bayramında yenə birinci əsgərlərlə bayramı keçirdikdən sonra evə gəldi. Amma mən çox pis olmuşdum. Çünki gec gəldiyi üçün bayramı qeyd edə bilmədik. Atam gördü ki, mən küsmüşəm mənimlə barışmağa gəldi. Həmin gün mənimlə 1 saata qədər oynadı, könlümü aldı. Sonra bir yerdə atəşfəşanlığa getdik.

Atam bizə tez-tez sevdiyini deyərdi. Amma onu da qeyd edirdi ki, amma öncə Vətənin keşiyində durmalıyam. Çox vətənpərvər, ürəyiaçıq bir idi. Gələcəkdə atam kimi hərbçi olmaq istəyirəm. Atamın irsini davam etdirmək istəyirəm”.

 

Şəhidin digər oğlu, eyni zamanda Yusiflə əkiz qardaş olan Yaqub İsmayılov söyləyib ki, atası çox zaman ac qaldığı üçün o, həmişə atasının cibinə şakaladlar doldururmuş:

148830“Həmçinin, kiçik vərəqlərə xoş sözlər yazırdım ki, oxuyan zaman bizi xatırlayıb sevinsin.Eyni şəkildə o da bizə məktublar göndərirdi. Mən də atam kimi hərbçi olmaq istəyirəm. Bizə hər zaman: “böyüyəndə yaxşı adam olun, əgər bir gün mən olmasam davamçılarım sizlərsiniz. Ananıza yaxşı baxın”, -  deyərdi”.

148815

Qeyd edək ki, şəhid Taleh İsmayılov Füzulinin, Cəbrayılın, Qubadlının, Xocavənd və Ağdamın işğaldan azad olunmasında qəhrəmancasına iştirak etmiş və 44 günlük Vətən müharibəsinin 39-cu günündə Şuşa uğrunda gedən döyüşlərdə noyabrın 4-ü şəhadətə ucaldı. Lənkəran rayonunda noyabrın 6-sı torpağa tapşırıldı.

 

Şəhidlik zirvəsinə ucaldıqdan sonra Prezidentin sərəncamı ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Döyüşdə şücaətə görə”, “Xocavəndin azad olunması uğrunda”, “Füzulinin azad olunması uğrunda” və “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Избранный
41
50
modern.az

10Источники