“Qarabağ”ın qələbəsi Zəfər bayramımıza əla hədiyyə oldu”.
Bunu İdman.bizə Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
O, “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində “Bodo Qlimt” üzərində 2:1 hesablı qələbəsini şərh edib. Əsədov bildirib ki, Qurban Qurbanovun komandası çətin səfər oyununda 3 xal qazanıb: “Matçdan öncəki psixoloji durum və ruh düşkünlüyü “Qarabağ”ı mütləq qalib gəlməyə vadar edirdi. Azərbaycan çempionu da bunun öhdəsindən gəldi. İnamlı və çətin görüşdə lazımı nəticəni əldə etdi. Təbii ki, rəqib yaxşı komplektləşmiş komanda idi. Xüsusilə də oyun planında bir-birilərini yaxşı başa düşürdülər. Müsair futbol sərgiləyirdilər”.
Onun sözlərinə görə, rəqibin kəskin hücumlarına baxmayaraq, “Qarabağ”da müəyyən epizodlarla özünü çox yaxşı tərəfdən göstərib: “Buna misal kimi futbolçuların ustalığını və vurulan qolları göstərmək olar. Hər iki qol gözəl alındı. “Qarabağ” pressinqin hesabına bunu etdi. Fikrimcə, bu qələbə növbəti oyunlar üçün təkan olacaq”.
Qeyd edək ki, “Qarabağ” yeni formatla keçirilən Avropa Liqasında ilk qələbəsini qazanıb.
Banuçiçək Hüseynli
İdman.biz