RU

GÜNDƏM: Prezident İlham Əliyev Zəfər Günü münasibətilə bir sıra açılışlarda iştirak edib və təbrik mesajları alıb, Mehriban Əliyeva və xarici səfirliklərdən bayramla bağlı paylaşım edilib

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” təsdiq edilib.

Fins.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sənədi imzalayıb.

Müqavilə 2024-cü il avqustun 23-də Daşkənd şəhərində imzalanıb.

* * *

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiqlənib.

Fins.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sənədi imzalayıb.

Saziş 2024-cü il avqustun 19-da Bakı şəhərində imzalanıb.

* * *

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişlənib.

Fins.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanda əksini tapıb.

Siyahıya Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru və onun müavinləri daxil edilib.

* * *

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 44-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fins.az xəbər verir ki, Fərmana əsasən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 349 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddə 661) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2-1-ci bənddən “üçüncü və” sözləri çıxarılsın və həmin bənddə “abzaslarında” sözü “abzasında” sözü ilə əvəz edilsin;

1.2. 2.4-cü bənddən “üçüncü,” sözü çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); 2024, № 3, maddə 262, № 5 (I kitab), maddə 515, № 7, maddə 809, № 8, maddələr 943, 948) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 13-cü hissəsinin “Göstərdiyi xidmətlər” sütununun 3-cü bəndindən “və yük” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1031 (Cild I); 2024, № 8, maddə 948) ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 3.1.4-cü yarımbəndindən “və yük” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 44-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

Dövlət başçısı müvafiq fərmanın icrası ilə bağlı qanunu təsdiqləyib.

* * *

Prezident İlham Əliyev “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ovçuluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 43-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fins.az xəbər verir ki, Fərmanın mətnində qeyd olunub:

“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 294 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 161 (Cild I) 2-ci hissəsinin yeddinci abzasında “növləri, dərəcələri,” sözləri “məbləği,” sözü ilə, “cərimələr” sözü “təbiətə dəymiş ziyanın məbləği” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 962 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1058 (Cild I) ilə təsdiq edilmiş “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”nin 2.1.2-ci yarımbəndinə “ödəmələr” sözündən sonra “, balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə təbiətə dəymiş ziyan” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ovçuluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 43-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

Dövlət başçısı müvafiq fərmanın icrası ilə bağlı qanunu təsdiqləyib.

* * *

2024-cü il oktyabrın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

Fins.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının müəyyən edilmiş Prezidenti (President-Designate) onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyinə bildiriş göndərməlidir.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər.

Fins.az xəbər verir ki, dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb.

Sonra parkdakı Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub.

Daha sonra dövlətimizin başçısı xalqa müraciət edib.

Prezident İlham Əliyevin müraciəti

- Əziz həmvətənlər.

Bu gün Azərbaycan Zəfər bayramını qeyd edir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm, Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm.

Hər birimiz üçün əziz bir gündə Vətən uğrunda öz canlarından keçmiş qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.

Qırx dörd gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli gedirdi. Hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdik və düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirmişdir. Torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı. Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Azərbaycan xalqı yaxşı xatırlayır, böyük dövlətlər, bu məsələni - Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Nəyi demək istəyirdilər Azərbaycan xalqına? Onu demək istəyirdilər ki, biz bu işğalla barışaq. Çünki onların planlarında məhz bu idi. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi. Biz bunu görürdük, bilirdik. İllər keçdikcə, hər bir danışıqlar dövrü uğursuzluqla başa çatdıqca həm Azərbaycan rəhbərliyi, həm Azərbaycan xalqı bunu əyani şəkildə görürdü. Biz isə bu vəziyyətlə barışa bilməzdik. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi.

Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmən hələ 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bu gün “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox.

İndi Ermənistanın bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni, bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır.

Müharibə dövründə Ermənistan hərbi cinayətlər törətmişdir, dinc şəhərlərimizi bombalayırdı, “İsgəndər M”, “Toçka U”, “Elbrus” və digər dağıdıcı silahlarla hər gün şəhər və kəndlərimiz artilleriya atəşi altında idi. Amma bu, Azərbaycan xalqının iradəsinə bir zərrə təsir etmədi. Əksinə, dağıntılardan öz yaxınlarının meyitlərini çıxaran bizim soydaşlarımız bir amalla yaşayırdı ki, təki müharibə dayanmasın. Biz müharibəni vaxtında dayandırdıq və mən müharibənin ilk günündə demişdim ki, düşmən torpaqlarımızdan çıxmaq cədvəlini bizə verməlidir - nə vaxt hansı bölgədən çıxır, ondan sonra biz müharibəni dayandıracağıq. Ancaq bəzi insanlar, - bu, təbiidir, - hesab edirdilər ki, Azərbaycan rəhbərliyi bu beynəlxalq ermənipərəst qüvvələrin təzyiqinə davam gətirə bilməyə bilər və xalqımız narahat idi ki, işimiz yarımçıq qalacaq. Bu, təbiidir, çünki Azərbaycan o qədər də böyük dövlət deyil. Minsk qrupunun bütün həmsədrləri 30 il ərzində Ermənistanın arxasında dayanmışdı, biri pulsuz silah verirdi, biri pul verirdi, biri həm silah, həm pul verirdi, siyasi dəstək verirdi, bir məqsədlə ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlasınlar. Ona görə, təbii olaraq Azərbaycan vətəndaşlarının bəziləri narahat idi ki, müharibə yarımçıq qalacaq, biz öz istədiyimizə nail ola bilməyəcəyik, bizi kimsə dayandıracaq. Amma mən dedim, yox, heç kim bizi dayandıra bilməz, öldü var, döndü yoxdur. Sona qədər vuruşacağıq, ədaləti bərpa edəcəyik, beynəlxalq hüququ bərpa edəcəyik və Ermənistana onun yerini göstərəcəyik.

2020-ci il noyabrın 8-də tarixi Şuşa əməliyyatı demək olar ki, düşmənin belini qırmışdır. Ondan sonra cəmi bir gün keçdi və noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz müharibəni dayandırdıq.

Bugünkü reallıq, bugünkü uğurlarımız onu göstərir ki, o, yeganə düzgün addım idi. Biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmişik. Ondan sonra aparılan məqsədyönlü və düşünülmüş siyasət, qətiyyətli addımlar nəticəsində biz həm siyasi, həm strateji və hərbi-strateji mövqelərimizi böyük dərəcədə gücləndirdik, vacib olan yüksəkliklərə nəzarətimiz təmin olunandan sonra bir qrup separatçının, Qarabağda və Ermənistanda onların arxasında duranların aqibəti bəlli idi - ya Azərbaycan qanunlarına tabe olacaqlar, ya təslim olacaqlar, ya da məhv olacaqlar. Biz onlara seçim verdik və yenə də düzgün qərar qəbul etmədilər. Yenə də hesab edirdilər ki, kimsə onlara kömək edəcək, kimsə Azərbaycanı öz haqq işindən çəkindirəcək. 2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı onlara növbəti bir dərs olmuşdur və bununla da separatçılığın kökü kəsildi, kitabı bağlandı. İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb.

Bütün bu şanlı tarixi Azərbaycan xalqı öz qanı ilə, öz gücü ilə yazmışdır. Biz həm Vətən müharibəsi dövründə, həm ondan sonrakı dövr ərzində, antiterror əməliyyatı zamanı və ondan sonra düşməni məcbur etdik ki, Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal etdiyi 4 kəndini bizə qaytarsın, bu, öz xoşu ilə olmayıb. Bəli, heç bir güc tətbiq edilməmişdir, ancaq ona ehtiyac da qalmadı. İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri hesab edirəm ki, Ermənistanın bu günə qədər düzgün addımlar atması üçün kifayətdir. Ancaq bir məsələ var, onu da biz unutmamalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü təmin etdik, dövlət suverenliyimizi təmin etdik. Bütün sərhədlərdə ərazi bütövlüyü təmin edilir və keçmiş məcburi köçkünlər, qaçqınlar öz dədə-baba torpaqlarına qayıdırlar.

Biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur. Amma görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırır, Ermənistan silahlanır, biz adekvat addım atmağa məcburuq. Otuz illik işğal tarixi bizim yaddaşımızdan silinmir və bayaq dediyim kimi, heç vaxt silinməməlidir. Biz hər an yeni təxribata hazır olmalıyıq və hazırıq. Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir. Əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq. Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Onu bizə bağışlaya bilmirlər. Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur. Azərbaycan xalqı bunu bilir və Ermənistan xalqı da bunu bilməlidir, kimdir onların əsas düşməni? Biz deyilik. Biz onlara heç bir pislik etməmişdik. Biz onlara çörək vermişdik. Onlar bizim torpağımızda yaşayıb, özləri üçün həyat qurmuşdular. Baxmayaraq ki, XIX əsrdə ancaq onlar buraya göndərilmişdi. Biz nə pislik etmişdik? Onlar bizə qarşı soyqırımı törətdilər - Xocalı soyqırımı. Otuz il ərzində bütün şəhər və kəndlərimizi dağıtdılar, məscidlərimizi təhqir etdilər, sökdülər. Bütün o bölgəni minalayıblar. Üç yüzdən çox insan artıq minaların qurbanı olub Azərbaycanda. Ona görə biz onların düşməni deyilik, onların düşməni onların arxasında duran və ondan sonra onların arxasından dovşan kimi, siçan kimi qaçan siyasətçilərdir. Mənim sözlərimə onlar yaxşı qulaq assınlar.

Biz isə bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. Bundan sonra da təsir etməyəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi zəfərimizdir.

Bu gün Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində Zəfər parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq. Bu gözəl yerdə şəhərimizin, yenə də deyirəm, ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.

Eşq olsun Azərbaycan xalqına, eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə, Qarabağ Azərbaycandır!

♦ ♦ ♦

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı.

Ötən il sentyabrın 27-də Anım Günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva inşası davam etdirilən Zəfər parkında görülən işlərlə tanış olublar. Bu il iyulun 24-də isə Prezident İlham Əliyev yenidən Zəfər parkında olub və burada aparılan tikinti işlərinin gedişi ilə yaxından maraqlanıb.

Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb. Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi də yaradılır. Qurulmaqda olan Zəfər muzeyinə park ərazisindən iki istiqamətdə giriş olacaq. Muzeydə Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini nümayiş etdirəcək.

Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında olublar.

Fins.az xəbər verir ki, dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Bayrağını ucaldıb.

* * *

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Dövlət Bayrağı Meydanı ilə bağlı paylaşım edib.

Fins.az paylaşımı təqdim edir:

* * *

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Zəfər parkı ilə bağlı paylaşım edib.

Fins.az paylaşımı təqdim edir:

* * *

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Fins.az xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident, Əziz Qardaşım.

Qədim Azərbaycan torpaqlarının işğalına son qoyan Zəfər Gününün dördüncü ildönümü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-aliniz başda olmaqla bütün azərbaycanlı qardaş və bacılarıma ən səmimi təbriklərimi çatdırıram.

Ali Baş Komandanlığınızla qazanılan bu Zəfər Azərbaycanla birlikdə bütün Türk Dünyası üçün qürur və ilham mənbəyi olmuşdur. Ötən il Qarabağda uğurla həyata keçirdiyiniz antiterror əməliyyatı ilə tam nəzarəti təmin etdiyiniz bu qədim torpaqlarda 30 ildən sonra ilk dəfə bu il parlament seçkilərinin keçirilməsi də bizi sevindirmişdir.

Şuşa Bəyannaməsi ilə taclanan, "Bir millət, iki dövlət" şüarı ilə təcəssüm olunan sarsılmaz dostluq və qardaşlıq tellərimizdən aldığımız güclə işğaldan azad edilmiş bölgələrin bərpa və yenidənqurma işlərinə hər cür dəstəyi verməyə hazır olduğumuzu ifadə etmək istəyirəm. Regionumuzda davamlı sülhün, əmin-amanlığın və sabitliyin təmin edilməsi üçün ikitərəfli səviyyədə və beynəlxalq platformalarda sıx əməkdaşlığı, həmrəyliyi vǝ koordinasiyamızı davam etdirəcəyimizə ürəkdən inanıram.

Azadlıq uğrunda şəhid olan qardaşlarıma Uca Allahdan rəhmət diləyir, əziz xatirələrini ehtiramla yad edirəm. Qazilərimizə də minnətdarlığımı ifadə edirəm.

Əziz Qardaşım, fürsətdən istifadə edərək, Zati-alinizin cansağlığı və xoşbəxtliyi ilə can Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı bir daha bildirirəm.

Zəfəriniz mübarək və əbədi olsun!"

* * *

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Fins.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Əziz qardaşım.

Sizi və Sizin vasitənizlə qardaş Azərbaycan xalqını şanlı bayramınız - Zəfər Günü münasibətilə ürəkdən təbrik etməkdən böyük məmnunluq duyuram.

Dörd il əvvəl öz xalqının Sizin kimi sadiq oğlu, dahi, vətənpərvər, mahir siyasi xadim və görkəmli şəxsiyyətin rəhbərliyi ilə ölkənizin ərazi bütövlüyü tamamilə bərpa edildi və tarixi ədalət bərqərar oldu.

Azərbaycanın azad edilmiş şəhər və kəndlərində bu gün genişmiqyaslı bərpa işləri aparılır, müasir infrastruktur obyektləri və mədəni irs məkanları yenidən qurulur, minlərlə keçmiş məcburi köçkün vətəndaş doğma yurdlarına qayıdır, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə yönəlmiş yeni proqramlar və iqtisadi-sosial layihələr müvəffəqiyyətlə həyata keçirilir.

Bu böyük dəyişikliklərə bir neçə dəfə şahid olmaqdan qürur duydum və rəsmi səfərlərim zamanı Sizinlə bu nailiyyətləri paylaşdım. Şübhəsiz ki, biz ortaq dil, tarix, adət-ənənələr və ümumi məqsədlərimizə sadiq qalaraq birgə işləyirik və strateji tərəfdaş kimi qardaş Azərbaycan dövlətinin bu böyük uğurlarına sonsuz sevinirik.

Hörmətli İlham Heydər oğlu, ölkənizin beynəlxalq arenada nüfuzunu və mövqeyini gücləndirmək istiqamətində göstərdiyiniz qətiyyətli siyasi iradə və sistemli səyləriniz xüsusi tərifə layiqdir.

Gələn həftə gözəl Bakı şəhərində baş tutacaq və dünyanın bütün dövlətlərini, eləcə də ən nüfuzlu beynəlxalq təşkilatları bir araya gətirən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının iştirakçılarının 29-cu konfransı (COP29) Sizin xarici siyasət sahəsində böyük tarixi zəfərinizdir desəm, əsla mübaliğə olmaz.

Əminəm ki, bu nüfuzlu tədbirdə iqlim dəyişmələrinə qarşı mübarizə və onların nəticələrinin azaldılması, qlobal çağırışlara cavab verən həll yollarının və gücləndirici strategiyaların təsdiqlənməsi, dünya xalqlarının "yaşıl iqtisadiyyata" keçidi ilə bağlı təşəbbüslərinin daha da artması istiqamətində böyük nailiyyətlər əldə ediləcəkdir.

Tədbir zamanı keçiriləcək yüksək səviyyəli görüşlərdə məhsuldar danışıqlarımızı, çoxtərəfli əməkdaşlıq üzrə yeni razılaşmalarımızı səbirsizliklə gözləyirəm.

Fürsətdən istifadə edərək, Sizi Zəfər Günü münasibətilə bir daha ürəkdən təbrik edir, Allahdan Sizə və bütün yaxınlarınıza möhkəm cansağlığı, ailə səadəti, Vətəninizin rifahı yolunda gördüyünüz işlərdə uğurlar arzulayıram, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, rifah və daimi inkişaf diləyirəm".

* * *

İsrailin Azərbaycandakı səfirliyi 8 Noyabr Zəfər Günü ilə bağlı paylaşım edib.

Fins.az xəbər verir ki, bu barədə səfirliyin X sosial media hesabında qeyd edilib.

"Zəfər Gününüz Mübarək!", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.

Избранный
2
49
fins.az

9Источники