RU

Qərb bölgəsində "Zəfər Günü" bayramı təntənə ilə qeyd olunur

GÖYGÖL

Göygöl rayonunda 8 Noyabr – Zəfər gününə  həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan!” mövzusunda toplantı keçirilib

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə  keçirilən toplantıda Göygöl İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev,  İHBA-nın əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, hərbiçilər, müharibə iştirakçıları, Şəhid ailələri, Qazilər, ağsaqqallar və fəal rayon gəncləri iştirak edib. 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi və şəhid məzarları ziyarət olunaraq, əziz xatirələri ehtiramla yad edilib. Sonra Gənclər Evinin  foyesində Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil olunmuş rəsm və uşaqların əl işindən ibarət sərgiyə baxış keçirilib, rayonun Yeni Qızılca kənd tam orta məktəbi şagirdlərinin və “İrəvan” rəqs qrupunun çıxışları dinlənilib.   

Gənclər Evində təşkil olunmnuş toplantıda icra hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək deyib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, şəhidlərimiz qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu Zəfər Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir.

Toplantıda YAP Göygöl Rayon təşkilatının sədri Vüqar İsayev,  Göygöl Rayon İHBA şöbə müdiri, I Qarabağ Müharibəsinin qazısı, ehtiyatda olan mayor Sərdar Balayev, N saylı hərbi hissəsinin zabiti, mayor Aqil Namazov, Vətən Müharibəsi şəhidi Elvin Mustafayevin atası Fəxrəddin Mustafayev, Vətən müharibəsi qazisi, ehtiyatda olan Tibb xidməti leytenantı Əmin Hüseynli çıxış edərək Ali Baş Komandan Prezident cənab İlham Əliyev rəhbərliyi ilə Müzəffər Ordumuzun şücaəti və qəhrəmanlıqlarından geniş bəhs ediblər və bu gün ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri olan müharibə əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıblar.  

Tədbirin yekununda bir qrup şəxs Vətən müharibəsində qələbəyə verdiyi töhfəyə görə “8 Noyabr – Zəfər Günü” münasibəti ilə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib, “Zəfərin mübarək, Azərbaycan!” adlı videoçarx nümayiş olunub.

                                                      GORANBOY

Goranboyda “8 noyabr-Zəfər Günü” ilə bağlı Ümummilli Liderimizin rayon mərkəzində ucaldılmış abidəsi və Şəhidlər Xatirə Kompleksi ziyarət olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən Milli Məclisin deputatı Bədəl Bədəlov, YAP rayon təşkilatının sədri, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri, Şəhid ailələri, Qazilər və rayon ictimaiyyətinin fəalları, “8 noyabr-Zəfər Günü” ilə bağlı, Ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini və Goranboy şəhəri Şəhidlər Xatirə Kompleksini ziyarət etdilər, şəhidlərimizin əziz xatirələri etiramla anılıb.

                                              SAMUX

Rayonun Əhmədbəyli kənd Eltun İsgəndərov adına tam orta məktəbdə “XXI əsrin ilk Milli Qəhrəmanı İsgəndərov Eltun Xaləddin oğlu”nun büstünün açılışı olub. 

Büstün açılışında rayon icra hakimiyyətinin işçiləri, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanları, idarə müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. 

Tədbir iştirakçıları Milli Qəhrəmanın məzarını ziyarət edərək üzərinə tər-qərənfillər düzüb. 

Sonra Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev çıxış edərək deyib ki, 2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşdə bir neçə düşmən əsgərini məhv etdikdən sonra qarşı tərəfdən mövqemizə qumbara atıldığını görən cəsur əsgər tərəddüd etmədən sinəsini qabağa vermiş, əsgər və zabitlərimizin həyatını xilas etmiş, qəhrəmancasına həlak olmuşdur. İsgəndərov Eltun Xaləddin oğlu bu hərəkəti ilə Azərbaycan oğullarının vətən uğrunda lazım gələrsə canlarından keçə biləcəyini sübut edərək şəhidlik zirvəsinə ucalıb. Ölkə Prezidentinin 25 iyun 2009-cu il tarixli Sərəncamı ilə İsgəndərov Eltun Xaləddin oğluna ölümündən sonra Milli Qəhrəman adı verilib. 

Tədbirdə şəhidin atası Xaləddin İsgəndərov çıxış edərək oğlunun göstərmiş olduğu qəhrəmanlıqlar ilə fəxr etdiyini və Eltun kimi vətənpərvər oğulların sayının çox olduğunu vurğulayıb, göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlığını bildirib.

Büstün açılışını Milli Qəhrəmanın valideyinləri edib. Daha sonra şagirdlər vətənpərvərliklə bağlı şeirlər deyiblər.

                                                   Ağstafa 

“8 Noyabr - Zəfər Günümüz” mövzusunda ümumrayon toplantısında Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 Əvvəlcə Mərkəzin qarşısında müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb.

Mərkəzin böyük iclas zalında davam etdirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Zəfər Gününə həsr olunmuş sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edənlər - Seymur Orucov, şəhid atası İlqar Quliyev, Vətən müharibəsi qazisi, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin əməkdaşı Hafiz Əhmədov və ağstafalı fəal gənc Turxan Əliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun xalqımıza bəxş etdiyi 8 Noyabr - Zəfər Günündən, şəhidlərimizn, qazilərimizin, o cümlədən, Vətən müharibəsinin bütün mərd iştirakçılarının keçdiyi şərəfli döyüş yolundan, dövlətimiz tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıdan, hazırda işğaldan azad olunan torpaqlarımıza Böyük Qayıdışdan söz açıblar. Qeyd olunub ki, ölkəmizin tərəqqisi, xalqımızın işıqlı gələcəyinin qarantı olan Ulu Öndər Heydər Əliyev siyasi irsini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qısa zamanda qazandığı çoxsaylı tarixi qələbələri hər kəsin qəlbində sönməz qürur alovlandırıb.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri

 

 

 

 

 

 

 

 

 

 

Избранный
33
32
xalqqazeti.az

10Источники