RU

Media nümayəndələri COP29 çərçivəsində yekun işlərlə tanış olublar

Bakı, TurkicWorld

Media nümayəndələri COP29 çərçivəsində yekun işlərlə tanış olublar.

TurkicWorld xəbər verir ki, mediaturda Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və əməliyyatlar üzrə Baş İcraçı Direktoru Nərmin Carçalova və əməliyyat şirkətinin departamentlərinin rəhbərləri iştirak ediblər.

Əvvəlcə qonaqlar COP29 əməliyyat şirkətinə baş çəkib, daha sonra onların elektrobuslarla Bakı Olimpiya Stadionuna transferi təşkil edilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov mediatur zamanı vurğulayıb ki, COP29-a hazırlıqla məşğul olan bütün komanda yerli kadrlardan ibarətdir.

"Heydər Əliyev Fondunun və "Regional İnkişaf" İctimai Birliyinin komandası da buradadır", - o bildirib.

A.Ələkbərov qeyd edib ki, tədbir zamanı fotoqrafların və heykəltəraşların bir çox sərgiləri nəzərdə tutulub.

"Bundan əlavə, hər gün onlarla təqdimat keçiriləcək. QHT tədbirlərinin keçirilməsi üçün xüsusi zallar da var ki, bu da Azərbaycanın onların işinə verdiyi dəstəyin təzahürüdür", - A.Ələkbərov bildirib.

Media nümayəndələri ərazidə yaradılan infrastruktur və obyektlər, iştirakçıların qeydiyyat prosesi və digər istiqamətlərdə görülən işlərlə yaxından tanış olublar. Bildirilib ki, hazırda 67 min iştirakçı, həmçinin, COP29-u işıqlandırmaq üçün 3 min 500 media nümayəndəsi qeydiyyatdan keçib.

COP29-un "Yaşıl" və "Mavi Zonalar"ında görülən işlər barədə ətraflı məlumat verilib.

COP29 Əməliyyat Şirkətinin Tərəfdaşlarla əlaqələr sektorunun rəhbəri Leyla Mahmudovanın sözlərinə görə, 56 pavilyonun yerləşdiyi "Yaşıl Zona"nın ümumi sahəsi 37 min 500 kvadratmetrdir.

O qeyd edib ki, bundan əlavə, "Yaşıl" zonada 4 konfrans zalı fəaliyyət göstərir.

"Yaşıl Zona"nın əsas sakinləri xarici və yerli şirkətlər, QHT-lər, media və gənclər qruplarıdır. "Yaşıl Zona" noyabrın 11-dən fəaliyyətə başlayacaq. Burada gündəlik proqramlar keçiriləcək", - L.Mahmudova bildirib.

COP29 Əməliyyat Şirkətinin Məkanların inşası departamentinin direktoru Azər Quliyev isə bildirib ki, BMT-nin istifadəsinə veriləcək ərazi tam hazırdır.

"Hazırlıq işlərinin 92 faizi yerinə yetirilib. Tədbir başlamazdan əvvəl bütün işlər tamamlanacaq. Binaların tikintisində istifadə olunan materialların əksəriyyəti təkrar istifadə ediləcək. Müvəqqəti tikililərin sahəsi 112 min kvadratmetr, BMT-nin istifadə edəcəyi ümumi sahə isə 150 ​​min kvadratmetrdir", - A.Quliyev bildirib.

Ziyarətçilər Azərbaycanın, Türkiyənin, Heydər Əliyev Fondunun pavilyonları ilə də tanış olublar.

Qeyd edilib ki, "Mavi Zona"da yerləşən Azərbaycan pavilyonunun əsas məzmunu Azərbaycanın davamlı inkişaf sahəsində gördüyü işlərə və layihələrə həsr olunub. Bu pavilyonda iki konfrans zalı da olacaq.

Bundan əlavə, media nümayəndələri iaşə obyektlərində olublar.

COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Departamentinin şöbə müdiri Anar Zeynalov qeyd edib ki, COP29-un enerji təchizatı ilə bağlı bütün işlər tamamlanıb.

Onun sözlərinə görə, podratçı şirkətlərin əməkdaşları iki aydan artıqdır ki, qida ilə təmin olunur və sınaq rejimi başa çatıb.

O qeyd edib ki, ərazidə tikiləcək yeni qəhvəxana və restoranların təmiri artıq başa çatıb, onların bir çoxu hətta işə başlayıb, sınaqdan keçirilib və hazırda fəaliyyətlərini davam etdirirlər.

"Portaldakı sifarişlərimiz oktyabr ayının əvvəlindən aktivdir, sifarişlərin əksəriyyəti yerinə yetirilib. "Yaşıl Zona"da 56 pərakəndə satış məntəqəsi, iki böyük restoran, 28 qəhvəxana və isti çay məntəqəsi, dünyanın müxtəlif ölkələrindən ərzaq məhsullarının satıldığı 24-dən çox satış məntəqəmiz var. Ümumilikdə, konfrans zamanı təqdim olunan yeməklərin böyük əksəriyyəti, yəni 90 faizdən çoxu yerli məhsullardan ibarət olacaq", - o bildirib.

Media nümayəndələri COP29-a hazırlıq prosesində fəal iştirak edən könüllülərlə də görüşüblər.

Bundan əlavə, COP29 çərçivəsində istifadə olunan hibrid və elektrik avtomobilləri haqqında məlumat verilib.

Избранный
15
5
turkic.world

6Источники